Göbəyi ağ dələmə, görmüşəm düymələmə


Üçrəngli bayrağımızdakı rənglərin mənası yəqin ki, hamıya bəllidir.İndi onu bilməyən adam yəqin ki, yoxdur. Son Qarabağ savaşından sonra bu rənglərin mənası ilə bağlı çox maraqlı bir rolik də çəkilib və gündə neçə dəfə efirlərdə təkrarlanır. Bayrağın üzərindəki ay və səkkizguşəli ulduzun da mənası mənbilən əksəriyyət üçün aydındır. Aya mübahisə yoxdur,ay elə aydır.Səkkizguşəli ulduz məsələsində yozumlar nisbətən fərqlidir. Əksər rəy belədir ki, o 8 qapısı olan cənnətin rəmzidir.Bəziləri ona cənnətin açarı yozumunu da verir. Bir sözlə, fərqlər cüzidir,amma hamısı cənnətlə bağlıdır. Cənnətin rəmzi aydındır, qaldı onun harada yerləşməsi məsələsi.
İslam pyğəmbərinin ”Cənnət anaların ayağı altındadır” kəlamı məşhurdur. Bu kəlam analara verilən dəyərin ən dəqiq ifadə formasıdır. Bundan dəqiqini söyləmək çətindir. Eyni zamanda həmin kəlam bizə cənnətin coğrafi koordinasiyasını müəyyən etməyə kömək edir. Cənnət anaların ayağının altındadır. Qısa və konkret.Yəni onu ayrı yerdə axtarmayın.
Amma indi layiq olduğumuz iqtidar çox şeylərin həm mahiyyətini, həm də yerini dəyişib.Min illik dəyərləri də, onların daşıyıcılarını da, dəyərlərin yerini də,bir sözlə çox şeyi.


Proletariatın dahi rəhbəri Leninin ifadəsilə desək hakimiyyətimizin ideoloji “təkərcik və vinticiklərinin” ən öncüllərindən, gəncəlilərin sözü olmasın bərkgedənlərindən biri olan  Elza Seyidcahan bu günlərdə cənnətin 1400 ildən artıq müddətdə formalaşmış məkanına yüngülvari korrektə edib. Elza Seyidcahan Səməd Vurğunun heç bir məna yükü daşımayan,dillər əzbəri “Azərbaycan” şerini belə kölgədə qoymuş, məşhur “Tikim sizin ağzınızı” dibaçəsinin müəllifidir.Bədii yaradıcılığı ilə işimiz yoxdur.Onun şeriyyatındakı fəlsəfi yükün dərinliyini xırdalamaq bizim çiynimizin çəkəcəyi yük deyil.Gücümüz yalnız onun qarderobuna, əlbisəsinə çata bilər.Və söhbətimiz də elə bu barədədir.
Elza Seyidcahan son geyimi ilə sözün birbaşa mənasında cənnəti anaların ayağı altından, qurşağa, bir az da dəqiq ifadə etsək, göbəyə qaldırmışdır.Daha doğrusu öz göbəyinə.
İqtidarın bu qəbildən olan manıslarının Azərbaycan bayrağını bədənin müxtəlif əzalarına yerləşdirməsi ilk deyil.Xanım manıslar bu bayrağı bədənlərinin müxtəlif yerlərinə-üzlərinə, gözlərinə və bədənin digər adı çəkiləsi mümkün olmayan yerlərinə həkk edərək efirlərə çıxmalarını yəqin ki, siz də görmüsünüz. Və çox görmüsünüz. Amma, şəxsən mən göbəkdə görməmişdim.Bu, deyəsən təzə bardaq suyuna oxşayır. Və hadisələrin gedişindən hiss olunur ki, bayrağımızın təsviri sürətlə xanım manısların reproduktiv orqanlarına yaxınlaşır.


Deyə bilərsiniz ki, dövlət atributlarının harada və necə işlədilməsi ilə bağlı qanun mövcuddur.Mən də qayıdıb deyərəm ki, Zeynab Xanlarova kimi deputatların qəbul etdiyi qanunların hamısı bir yerdə Elza Seyidcahanın nəinki göbəyinə, heç Röyanın filan yerinə də deyil. Məndən sizə amanat, bu ölkədə kim qanunundan danışırsa bilin ki, dünyada ondan avara adam yoxdur.
Azərbaycan qanunlarına qalsa neçə illərdir ki, ölkənin birinci prezidenti “İnterpol”un axtarışına verilib. Eyni zamanda başqa qanunla dövlət təqaüdü alır. Və üstəgəl dövlət ona ev də verib,mühafizəçi də ayrılıb.Belə misallar itinətökdür. Söhbətimizin mövzusu cənnətin yerininin dəqiqləşdirilməsidir, qanunların bir çürük qoz dəyərində olub-olmaması deyil. Kimsə nitqində qanun və ya qanunvericilik kəlmələri işlədəndə  mənim ətim tökülür.


Qayıdaq öz müvzumuza,cənnətin coğrafi koordinatının dəniz səviyyəsindən150 santimetr hündürə, Elza Syidcahanın göbəyinə qalxması məsələsinə. Şükürlər olsun ki, yeni yerdəyişmədə bir qarış əskiklik yoxdur. Yoxsa lap biabır olardıq.Bir sözlə, cənnətin yerinin dəyişməsi məsələsi nə dərəcədə dəqiqdir və nə ilə əlaqədardır?Günün sualı budur.
Biləsiniz ki,quzu ətinin bozbaşını kətmənləyib, hamamda mürgü vuran cəmi saleh müsəlmanlar kimi bizim bu dünyada yeganə məqsədimiz cənnəti qazanmaqdır.Niyyətimiz bəllidir,mənzilimizin də yerini dəqiqləşdirməyimizdə hesab edirəm ki, pis bir şey yoxdur. Çünki bizdən əvvəlkilər ”niyyətin hara mənzilin ora” deyiblər.İndi”ora”məsələsində iqtidar bizə bir az çaş-başlıq yaradıb.

”Ora” anaların ayağının altıdır, yoxsa Elza Seyidcahanın göbəyi? Bu məsələyə akademiyanın coğrafiya institutu aydınlıq gətirsə minnətdar olarıq və Ramiz Mehdiyevə də bir “spasibo”deyərik.

Emin Eminbəyli.

19 dekabr 2020.

Bunu paylaş: