Firqə,  yoxsa rəhbər sevgisi?

 

Uzun müddətdir ki, (10 ildən çox)  bir çox firqə daşıyıcıları ilə söhbətlər  aparıram, öz – özlüyümdə təhlil edirəm və bu firqə daşıyıcılarının  şüurlarında  nələr olduğunu müəyyən etmək etmək istəyirəm. Çünki Quranda  firqə daşıyıcıları qınanır, dinimizi parçalamamağa çağırılır.

Bir firqə daşıyıcısı (özünü belə təqdim edir) ilə  söhbətimizin məzmunundan parçalar ..
İlk söhbətimiz firqə mənsubiyyəti ilə başladı. Firqə söhbətindən (uzun söhbətdir) yavaş-yavaş keçid aldıq dövləti məsələlərə..
Sual-Cavab..
Mən:– İran Ermənistana dəstək verir..
O: — Ola bilməz, sübutunuz varmı?
Mən: — Sübut? Minlərlə  fotolar, videolar və sair bəs etmir? Hələ dövlət səviyyəsində verilən notaları demirəm (düzü, bu söhbət zamanı dövlət səviyyəsində hələ notalar verilməmişdi).
O:– Yox, ola bilməz,  hamısı uydurmadır.
Mən: — İran rejimi  öz ərazisində yaşayan xalqların  haqlarını tapdalayır, onlara öz ana dillərində təhsil almağa imkan vermir, onların heç bir məktəbi yoxdur.
O, bu sualıma cavab vermək əvəzinə söhbətdən yayındı və  mənə  belə cavab verdi:
O: — Azərbaycanın cənub bölgəsində də məktəblər yoxdur (qeyd edim ki, həmsöhbətimin cənub bölgəsi ilə heç bir əlaqəsi, heç bir qohumluğu yoxdur, nəsə bir bağlılıq olsa idi, yenə deyərdim təəssübkeşlik edir, bu, başa düşüləndir).
Davam edirik..
Mən onun bu iradı ilə razılaşdım, günahı bizim hakimiyyətdə gördüm, başladım bizim hakimiyyəti tənqid etməyə və ondan da İran rejimi haqqında  belə bir tənqidi fikir gözləməyə. Söhbət əsnasında həmin sualı bir neçə dəfə təkrarlasam da, həmsöhbətimdən heç bir cavab ala bilmədim,  O,  İran rejimi rəhbərlərinə, yəni hakimiyyətinə  qarşı bir söz belə işlətmədi,  onları səhv əməllərinə görə tənqid etmədi.
Bu söhbət zamanı mənə tam aydın oldu ki, İran, firqə  təbliğatı  adı altında öz dövlət siyasətini yürüdür. Hətta İran hakimiyyəti elə bir siyasət yürüdüb ki, burada yaşayan ( milliyətindən asılı olmayaraq) Azərbaycan vətəndaşı olan insanlar İran rejiminə, İran hakimiyyətinə qarşı heç bir söz  demir, onları tənqid etməkdən belə yan keçirlər. Sanki bu insanlar Azərbaycanda deyil, İranda yaşayır, İran hakimiyyətinin göstərişlərinə, əmrlərinə tabe olurlar.

Həmsöhbətim söhbət əsnasında, hətta Bəşər Əsədə belə haqq qazandırdı, Suriyadan qaçan 10 milyondan çox suriyalını terrorçu adlandırdı. Çünki İran həmin rejimi dəstəkləyir. Bax, budur, əsl təhlükə.! Bax, budur, əsl təbliğat! Bunların çoxunu qınamıram, çünki özləri də bilmədən tora düşüblər. Elə bilirlər ki, öz firqələrinin təbliğatını aparırlar, ancaq firqə təbliğatı adı altında digər bir ölkənin əmrlərinə tabe olduqlarını görmürlər, hiss etmirlər.
P.S. Bu hadisəni, bu söhbəti tək İrana  deyil, həm də  Rusiya tərəfdarlarına da şamil etmək olar. Rusiya tərəfdarları da heç zaman Rusiya hakimiyyətini tənqid etməz, bundan yan keçərlər.
P.P.S. Və ən əsası, belə təbliğatların, həm İran, həm də Rusiya yönümlü, rahat şəkildə yayılmasına  şərait yaradan elə bizim hakimiyyətdir. Burada bir neçə məqsəd güdülə bilər; Həm lazımi anda  dövlətimizi parçalamaq, həm də arada – sırada bunları göstərib:” guya bunların qarşısını alan bizik, yoxsa sizləri param – parça edərlər”,- mesajını xalqın şüuruna  ötürüb öz hakimiyyətlərini bərkitmək. Adama deyərlər ki, elə ilk öncə  belə təbliğatlara şərait yaradan siz özünüzsünüz. Yoxsa bunlar belə açıq şəkildə öz təbliğatlarını apara bilməzdilər.

İbrahim Azər.

Bunu paylaş:

Bir cavab yazın