Fazil Mustafa İlham Əliyevi müdafiə edir

 

Milli Məclisin deputatı Fazil Mustafa, daha bir maraqlı məsələyə öz etirazını bildirmişdir. O, Azərbaycanın digər bölgələrindən əhalinin Bakı şəhərinə axınının çoxaldığını qeyd etmişdir. Bu məsələdə isə, 14 iqtisadi rayonun icra başçılarını günahlandırmışdır.

Millət vəkili icra başçılarının səriştəsizliyi nəticəsində, insanların dolanışığının olmadığı üzündən rayonların boşaldığını söyləmişdir. Daha sonra qeyd etmişdir ki, Azərbaycan iqlim və torpağının münbitliyinin kənd təsərrüfatı, heyvandarlıq və digər sahələrin inkişafı üçün əlverişlidir. Sadəcə, icra orqanlarının dəstəyi vacibdir.

Fazil Mustafa burda icra orqanlarını niyə günahlandırır, anlamaq olmur.
Azərbaycan əhalisinin paytaxta və başqa ölkələrə çörək dalınca getməsi, icra başçılarının deyil, birbaşa İlham Əliyevin yaratdığı daxili siyasətdir.
Fazil Mustafa və onun kimilər anlamalıdır ki, nə qədər ki, rüşvət almaqla vəzifə veriləcək, bir o qədər də, xalq Bakıya və başqa ölkələrə axın edəcəkdir.
Təsəvvür edin, bir şəxs icra başçısı keçmək üçün milyonlarla rüşvət verir və vəzifəyə keçdiyi gündən özü də rüşvət alaraq verdiyi pulunu çıxarmağa çalışır.
Bu gün İlham Əliyev siyasətinin bundan asılı olduğu göz qabağındadır.
Yəni, Fazil Mustafa ilk öncə kimlərisə günahlandırmaqdansa, ölkədəki vəziyyəti açıq şəkildə söyləsin.

Təbii ki, bu durumların sonunda da, xalq əziyyət çəkir. Kəndli hakim dairələrdən kömək istədiyi bir vaxtda da, ondan bu köməklik qarşılığında rüşvət istənilir. Beləliklə, sonda bu işdən xeyir görməyən əhali çıxış yolu kimi, böyük şəhərlərdə ailəsini dolandırmaq üçün fəhləlik etməyi görür.
Hər kəs bilməlidir ki, xalqın başına gələn bu əzabın səbəbkarı İlham Əliyevin yürütdüyü siyasətdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın