Elnur Xəlilov: Novruzun mənşəyi haqqında

Novruzun mənşəyi haqqında oxuduğum onlarla müxtəlif qaynaqlardan daha real, məntiqli və düşündürücü hesab etdiyim onun “Yaradılış bayramı” kimi xarakterizə edilməsidir. Bu mülahizəyə görə Tanrının dünyanı və insanı yaratması təbiətin yazda dirilməsi ilə simvolizə olunaraq həmin vaxtda bayram kimi qeyd edilir.
Dünyanın yaranmasında iştirak edən dörd ünsür dörd çərşənbədə qeyd olunur və yaradılış prosesinin sonu bayram edilir.
Təbiətin oyanması, canlanması, bitkilərin yenidən öz yaşıl rənginə bürünməsi min illər boyu müşahidə olunmuş və təcrübədə təsdiqlənmiş bir gerçəklikdir. Belə bir yeniləşmə gününün başlanğıcı şəmsi-günəş təqviminin ilk ayının ilk gününə(21 mart)təsadüf edir. Buna görə də həmin günü Novruz(Yeni gün)adlandırıblar.
Digər mənbələrdə yürüdülən mülahizələr mənə daha çox mifik təsəvvürlərin məhsulu kimi görünür. Ancaq diqqətinizi bu məsələyə yönəltmək fikrində deyiləm. Bu gün Novruzda qalanan tonqallar barədə zamanında əldə etdiyim bilgiləri çox qısa mətin üzərindən sizinlə bölüşmək istəyirəm.
Alovun qorunması ən qədim türk tayfalarının – skiflərin, onlara qohum olan sakların sosial mənşəyindən doğduğu və bir çox ayinlər, rituallarla müşayət olunan arxaik ənənələrə bağlılığı heç kimə sirr deyil. Xüsusən də bu həmin vaxt Atropatenada – Midiyada yayılmış atəşpərəstlik dinini(zərdüştilik dini ilə qarışdırmamalı)əks etdirir.
“Avesta”ya görə Midiya zərdüştlük ənənələrinə zidd məkan idi və orada “çox böyük küfr” hökm sürürdü. Midiyalılara xas olan və Əhmənilərin çarlarının relyeflərində rast gəlinən yarıheyvan-yarıinsan, qanadlı sfinks və qanadlı əjdaha təsvirləri divlərin, yəni Zərdüşt dininin düşmənlərinin simvolları idi. Sırf midiyalılara xas olan anti-Zərdüşt ibadədgahlar Kserks dövrünə qədər(e.ə. 486-465-ci illər)qalırdı. Kserks tərəfindən yazılmış yazıların birində deyilir:”…Abura-Mazdanın lütfü ilə mən iblislərin-divlərin məbədlərini dağıtdım və elan etdim: iblislərə-divlərə sitayiş etmək olmaz”.
Zərdüştün dinində Abura-Mazdaya(müdriklik tanrısına)sitayiş edirlər və o özlərini “atəşpərəstlər yox, mazdayasna – Mazdaya pərəstiş edənlər” adlandıran zərdüştilərdə ali sitayiş obyektidir.
Midiyada od kultu hələ e.ə. I minillikdə yayılır. Od kultu və od məbədləri ənənəsi midiyalılarda hələ zərdüştiliyə qədərki dövrdə olub.


Zərdüştilikdən xeyli əvvəl və Əhmənilər imperiyası yaranana qədər Midiya maqlarının öz məbədləri, öz od kultu, öz kahinləri vardır. Zərdüştilərin od məbədləri yaratmaq və oda sitayiş etmək ənənəsi sonradan peyda olub və Midiya maqlarından götürülüb, ancaq çox vaxt diametral fərqli mahiyyət daşıyıb. Skiflərdə, saklarda və onların varislərində od tanrıdırsa, zərdüştlərdə od – tanrı ilə ünsiyyət vasitəsidir. Skiflər, saklar öz yaxınlarının cəsədlərini yandıraraq külə çevirir, bununla da ölülərini od tanrısına təhvil verirlərsə, zərdüşti farslar cəsədi murdar sayaraq onu oddan uzaq tuturlar. Türklər paklaşmaq məqsədilə odun üstündən tullanırlar, fars-zərdüştilər isə odu kirləndirməmək üçün hətta ona nəfəslərini də vermirlər, oddan tullanmağı günah əməl sayırlar…
Sizə bol ocaq arzulayıram. Alovunda yanmaq üçün yox, işığında zənginləşmək və istisində qızınmaq üçün. Bayramınız mübarək əziz dostlarım!

Elnur Xəlilov.

Bunu paylaş:

Bir cavab yazın