Elnur Xəlilov: “Bu müharibənin fəsadları Rusiya üçün çox ağır olacaq”

Tarix göstərir ki, nəhəng imperiyaların irticası qarşısında yalnız təşəkkül tapmış millətlər duruş gətirə bilirlər.
Bu günə qədər səngiməyən və yəqin ki, bundan sonra hələ uzun müddət davam edəcək müharibə bizə iki mühüm məsələni anlatdı:
1. Ukraynalıların millət kimi formalaşmasını sürətləndirdi;
2. Rusiyanın məğlubedilməzliyi haqqında mifaloji təsəvvürlər alt-üst oldu.

Birinci hal məlum müharibədə ukraynalıların qələbəsini şərtləndirən əsas mənəvi motivasiya rolunu oynayır. Bütövləşən Ukrayna xalqı bu monolitlik fonunda müqavimət qabiliyyətini günbəgün artıraraq zəfərə gedən yolun başlanğıcında yerini möhkəmlətməyə nail olub. Ukraynalılar üçün müharibənin məqsədi, hədəfi və qələbənin zəruriliyi artıq ideoloji əsasa çevrilərək həyati məna kəsb edir. Millət kimi döyüş meydanına atılmaq müharibənin taleyini öz xeyrinə həll etmək baxımından çox mühüm əhəmiyyət daşıyır.
Rusiya haqqında isə bunları söyləmək mümkün deyil. Rus əsgərinin Ukrayna ərazisində döyüş ruhunu oyatmaq üçün stimulyaedici heç nə yoxdur. Onların əksəriyyəti Ukraynaya nə məqsədlə gəldiklərini və ya göndərildiklərini bilmirlər. Bir hissəsi isə bu müharibənin işğalçı mahiyyət daşıdığının, yad torpaqlarda məqsədsiz, məramsız döyüşdüklərinin, kimin və nəyin naminə həyatlarını itirdiklərinin fərqində olduqları üçün qələbə əhval-ruhiyyəsindən çox uzaqdırlar.

Putinin düşdüyü tələnin çıxış qapısı torpağın altındadır…
Bütün hallarda nə Putin, nə Rusiya bu müharibədən salamat qurtula bilməyəcək.
Rusiya oliqarxiyasından hakimiyyət kluarlarına qədər daxildə artıq narazılıqlar baş qaldırmaqdadır.

Doğrudur müharibə uzun müddət davam edəcək. Lakin sonda Rusiyanın məğlubiyyəti ilə başa çatacaq. Bu müharibənin fəsadları Rusiya üçün çox ağır olacaq. Rusiya xalqlarının hürriyyət və istiqlal savaşı demilitarizasiyaya məruz qalmış imperiyanın süqutunu sürətləndirəcək.

Elnur Xəlilov.

Bunu paylaş:

Bir cavab yazın