Elmira Axundova Ukraynadan qaçdı, həmyerlilərimiz isə çıxılmaz vəziyyətə. Ölənlər var

Ukrayna və Rusiya arasında müvəqqəti atəşkəs olsa da, pis xəbərlər gəlməkdə davam edir. Təəssüf ki, Xarkovun atəşə tutulması zamanı bir ailənin 4 və ümumilikdə 11 nəfər azərbaycanlı həlak olmuşdur. Xəbərdə deyilir ki, həmin ərazi artıq Rusiya işğalçılarının nəzarəti altında olduğundan, həlak olanların meyitlərini götürmək mümkün olmamışdır. Xarkovda yaşayan azərbaycanlılar ruslarla meyitləri götürmələri üçün danışıqlar aparmaqdadırlar.
Hələlik müharibə gedən yerlərdə çoxlu sayda azərbaycanlının zirzəmilərdə qaldığı deyilir. Hətta bir neçə ailə ilə günlərdir ki, xəbər almaq olmur.

Azərbaycanlıların daha bir çətinliyi ailə məsələləridir ki, buna da Azərbaycan hakimiyyəti süni problem yaratmaqdadır. Sosial şəbəkələrdə bir neçə Azərbaycan vətəndaşı haqlı olaraq hakimiyyətdən narazı olduqlarını bildirmişlər. Onlar qeyd etmişlər ki, həyat yoldaşları Ukrayna vətəndaşı olduğu üçün Azərbaycan onları qəbul etməkdən boyun qaçırır.
Bu səbəbdən getməyə yerləri olmayan azərbaycanlılar, məcburən müharibə yerlərində təhlükəli şəraitdə qalmaqdadırlar.

Bəs Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova haradadır?
Təbii ki, Azərbaycanda öz sərvətindən narahat olan Elmira Axundova təcili Azərbaycana geri qayıtmışdır. Müharibənin ilk günündən Polşaya qaçan Ukraynadakı səfirimizin səsi artıq Bakıdan gəlməkdədir.

Bu gün Moldova, Polşa sərhədlərinə yaxın olan həmyerlilərimiz həmin ölkələrə gələrək özləri Azərbaycana geri qayıtmışdır. Lakin sərhəddən kənarda yaşayan azərbaycanlılar səfirliyin qeyd etdiyi nömrələrlə əlaqə saxlamaq istəsələr də, bu, mümkünsüz olub.
Demək olar ki, Ukraynada 500 mindən çox həmyerlimiz qalmaqdadır. Onların həyatı təhlükə altınadadır. Necə ki, gündə bir həmyerlimizin ölüm xəbərini alırıq. Bütün vətəndaşlarımızın durumu ilə səfir məşğul olmalıdır. Lakin Elmira Axundovaya Ukraynada bomba altında qalan vətəndaşlarımız deyil, öz işləri ilə məşğul olmaq vacibdir.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın