Elə ona görə də dinib-danışmıram

Ağsaqqalların səyyari bir toplantısına düşmüşəm. Hər şeydən danışırlar – radikal dini qurumların Londonda səfirliyimizə hücumundan tutmuş durğun, miti dini qurumların tufeyliliyinə, Qarabağda son əməliyyata qədər hər şey barədə fikir yürüdür, əməllicə “analitik” təhlillər aparırlar.
Mühit insanları təpədən dırnağa siyasiləşdirib, hamını nəzəriyyəçi, siyasi şərhçi edib. Demək olar ki, cəmiyyət nəzəri olaraq siyasi cəhətdən yetkinləşib. Ancaq mənəvi və təfəkkür sarıdan geriləmə hələ də qalmaqdadır.
Bu qədər “mükəmməl” analiz qabiliyyətli insanlarımız ola-ola vəhdət halına gəlib bir şey səbətə qoya bilməməyimiz şəxsən məni çox məyus edir.
Səbəb dediyim təfəkkür tərzinin yetərincə formalşmaması ilə əlaqədardır…Kuluarlarda, tində, dalanda, daldada, çayxana, pivəxanalarda qəhrəmanlığımız yerə göyə sığmır, dil pəhləvanları minlərlədir içimizdə. Amma on nəfərimiz yekdil fikirə gəlib ortalığa çıxa bilmir.
Nəysə ki, qayıdaq məclisə. Qızğın müzakirə, hətta intensiv mübahisə gedir bu məclisdə.
Mən susmuşam…
Məişət səviyyəsində müzakirələr və yanlış nəticələr hasil olur sonda. Hərdən qulaq verəndə bilirəm ki, hər şeyi səhv danışırlar. Ancaq başqa şey fikirləşirəm, bu yaşlılar nə qədər sağlam və enerjilidirlər. Adamın pensiya yaşını artıra-artıra gedən bu hakimiyyətə lap haqq qazandırmağı gəlir.
Məndə bu qədər enerji hardandır, baxmayaraq ki, övladları yaşındayam?! Elə ona görə də dinib-danışmıram. Bunlara fikirlərimi qəbul etdirmək enerjisinə, gücünə, qüvvəsinə malik deyiləm.
Hər fikirin başına bir ip salıb dartırlar, fantastik mülahizələr yürüdüb əyri qərarlar qəbul edirlər.
Ona görə də bu ölkədə xiyar əyri bitir…
Canlı repotrajimi verdim, çəkilim durum qıraqda…

Nur An Əsər.

Bunu paylaş:

Bir cavab yazın