Diktatorların heykəllərini qoruyun

 

Avropanın tarixi sümürgəçilik yürüşləri ilə doludur. Orta Şərqə və Afrika ölkələrinə olan qanlı hərbi yürüşlər təkcə yerli əhalinin ölümü və istismarı ilə kifayətlənməyib, həm də böyük mədəniyyətlərin, sivilizasiyaların məhv edilməsi ilə nəticələnib. Məsələn, bu yürüşlər nəticəsində böyük mədəniyyətlərə və sivilizasiyalara dəyən ziyanı, təkcə məhv edilmiş səkkiz əsrlik tarixi olan Əndəlus – islam, yaxud on iki əsrlik Bizans imperiyası tarixinə və mədəniyyətinə nəzər salmaq kifayətdir. Səlib yürüşləri zamanı çoxlu mədəniyyət abidələri, kitabxanalar məhv edilmiş, qarət olunmuş, alimlər və mədəniyyət xadimləri amansız təqiblərə məruz qalmışlar.

Avropalıların Afrikada törətdiyi soyqırımını təsdiq edən hətta beynəlxalq məhkəmə qərarları da var.
Ruandada olan soyqırım əsasən Fransa və Belçika tərəfindən törədilib.
Belçika hökuməti rəsmi surətdə Ruanda xalqından üzr istəmiş və hər il keçirilən soyqırım mərasiminə öz nümayəndəsini də göndərir. Lakin Fransa bu günə qədər analoji hərəkətləri etməyib. Onu da qeyd edək ki, Fransanın Afrika ölkələri və Orta Şərq ölkələrində olan sümürgəçilik siyasəti bu gün də davam edir. Fransanın hər il Afrika ölkələrindən əldə etdiyi gəlir əlli milyard dollara qədərdir. Fransa, bu ölkələrdə olan milli azadlıq hərəkatını boğan ölkələr arasında birinci yerdə gəlir.
Belçika krallığının sümürgəçilik siyasəti təkcə Ruanda ilə bitmir.
Belçika kralı ikinci Leopold dövründə Konqoda yerli əhali 23 il ərzində böyük soyqırıma məruz qalmışlar. Belə ki, həmin dövr ərzində 20 milyon əhalinin 9 milyonu öldürülmüşdür. Qalan 11 milyon əhalinin isə böyük hissəsinin cəza olaraq istisimar dövründə əlləri və ayaqları kəsilərək şikəst edilmişdir.
Bizə mədəni görünən Avropanın tarixi belə qanlı və amansız sümürgəçilik səhnələri ilə doludur.

Bu gün Belçikanın tarixinə baxış birmənalı deyil. Bu gün də “Belçika Krallığı” adlanan bu dövlətin kralının hər yerdə olan möhtəşəm heykəllərinə baxan əhali öz kralından tam iftixar hissi keçirmir.

Bir qayda olaraq, həmin heykəllər at belində olan möhtəşəm kral və ondan aşağıda isə kralı müşayiət edən rəiyyət kimi təsvir olunur.
Xalq bu heykəllərə bir balaca “düzəliş” edib. Kimsə, əllərini krala uzadıb, ondan imdad diləyən rəiyyətin birinin qolunu kəsib. Beləliklə, heykəlin mahiyyətini dəyişib və tarix olduğu kimi təqdim edilib. Möhtəşəm dövlətçiliyi təbliğ edən heykəl, məzmunca dəyişərək istismar və zülmkarlığı əks etdirən heykələ çevrilib.
Hər il müstəqillik günü bir yandan bayram kimi qeyd olunur, digər tərəfdən isə kralın heykəlinin üstünə qırmızı boya atmaqla onun qanlı diktator olduğunu insanların yaddaşında təzələyirlər.
Beləliklə, yadda saxlamaq lazımdır ki, insan vəhşiliyinin, zülmünün həddi – hüdudu olmur. Biz bir millət kimi toparlanmasaq Tərtərdə olandan daha amansız qətliama düçar ola bilərik.
Bir də ki, diktatorların heykəllərinə dəyməyin. Onlar bizim qanlı tariximizdir.
Hakimiyyəti qorumaq üçün edilən xəyanətlər, məhv edilmiş ziya bünyadovlar, elmar hüseynovlar, Tərtər, Gəncə, Tovuz, Nardaran və s qətliamlar heç vaxt unudulmamalıdır.
Şəhidlərimiz bizim and yerimiz olduğu kimi, bu heykəllər də bizim qanlı tariximiz olaraq qalmalıdır, Belçikada olduğu kimi.
Vaxt gələcək ki, bizə də xeyli miqdarda qırmızı boya lazım olacaq.

Şahin Şirvanlı.

Bunu paylaş:

Bir cavab yazın