Diasporlar İlham Əliyevi süni yolla reklam edirlər

Hörmətli oxucular, sizlərə ara-sıra Azərbaycan hakimiyyətinin xarici ölkələrdəki diaspor fəaliyyəti barəsində məlumat veririk. Digər dövlətlərdə diasporlar rəsmi olaraq neytral olsa da, Azərbaycanda səfirliklərə bağlı olduqlarını qeyd edə bilərik. Bunun da səbəbi hakimiyyət tərəfindən ayrılan çoxlu sayda vəsaiti mənimsəmək üçündür. Yəni gələn vəsait səfirliklər və diaspor nümayəndələri tərəfindən bölüşdürülür. Əslində onların işi maliyyə vəsaiti ilə tədbirlər təşkil etmək və Azərbaycanı dünyaya tanıtmaqdır.

Bu gün sizinlə diaspor və səfirliklərin daha bir saxtakarlığını üzə çıxartmaq istərdik. Demək olar ki, hər ay hakimiyyət və hakimiyyətə yaxın media orqanlarında xarici jurnallarda Azərbaycan hakimiyyətinin tərifnaməsinin şahidi oluruq. Məsələn, “New York Times” İlham Əliyevin ağıllı siyasətindən yazdı və yaxud “İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan inkişaf etməkdədir”. Bu kimi şablon xəbər başlıqları Qərb mediasında geniş yayılmaqdadır.
Məsələ burasındadır ki, bu yazılar müəyyən pul qarşılığında icra olunur. Dünya mediasında belə bir qanun vardı. Kimsə reklam çap etmək istəyirsə, pulunu ödəməklə onu icra edə bilər.

Bu gün söhbət açdığımız məsələ də budur ki, Azərbaycanın diaspor rəhbərləri müəyyən pul qarşılığında tanınmış qəzet və jurnallarda reklam yerlərini alırlar və İlham Əliyev haqqında məqalələr dərc edirlər. Bununla da guya dünyanın Azərbaycandakı inkişafından danışır kimi təsəvvür yaradırlar. Əslində Azərbaycan xalqının büdcəsindən ayrılan pul vəsaitlərinin müəyyən bir hissəsi hakimiyyətin tərifnaməsinə süni xərclənir. Üstəlik də İlham Əliyevin adı və siyasəti süni şəkildə şişirdilərək dünyaya başqa cür təqdim edilir.

Diaspor nümayəndələri hakimiyyəti razı salmaqla, ayrılan vəsaitləri bu cür mənimsəyirlər. Beləliklə, pul qarşılığında saxta təşkilatçılıq, saxta xəbərlər diaspora tərəfindən yaradılmaqdadır.
Sonda deyə bilərik ki, xalqın dağıdılan və oğurlanan pulları önəmli deyil. Vacib olan İlham Əliyev və hakimiyyətinin dünya mediası tərəfindən süni şəkildə təriflənməsidir!

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın