Deputatın sözləri məmurlar və onların yaxınlarına da aiddir?

Bu günlərdə Tovuz döyüşləri ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov açıqlama vermişdir. O demişdir ki, Aprel döyüşündə olduğu kimi, Tovuz döyüşlərində də düşmən Azərbaycan ordusunun gücünü gördü. Ermənilər düşünürdülər ki, Tovuzda işğalçılıq siyasəti apararaq yenidən Azərbaycan torpaqlarını özlərininki edəcəklər.
Lakin qarşılarındakı ordu onların bütün planlarını alt-üst etdi və onlara bir parça belə torpaq vermədi.
Sonda Ceyhun Məmmədov qeyd edib: “Hər bir vətəndaş öz torpağını daim azad etməyə hazırdır.”

Deputatın son söylədiyi sözlər bir vətəndaşımızı bir daha düşündürməyə məcbur etməkdədir. O:”hər bir vətəndaş”,- deyəndə nə söyləmək istəyir və yaxud onun sözlərinə məmur övladları, deputatlar, nazirlərin yaxınları daxildirmi?

Axı vətəndaşlarımız Aprel və Tovuz döyüşləri, 44 günlük müharibədə hansısa məmur övladlarının və yaxınlarının qazi, şəhid olduğunu görmədi.
Ceyhun Məmmədov vətəndaş deyəndə bəlkə, kasıb təbəqəni nəzərdə tutur? Bəlkə məmurlar Azərbaycan vətəndaşı kateqoriyasına daxil deyil?

Bu gün Azərbaycanın ali qurumlarından biri olan Milli Məclisin deputatının bu cür danışması onun kim olduğundan xəbər verməkdədir.
Əlavə edək ki, əgər müharibə yenidən başlasa, yenə də kasıb övladları döyüşlərə gedəcəkdir. Məmur övladları isə, valideyninin oğurladığı pullarla kef edəcəkdir. Bu gün milləti təmsil edən birisinin çıxıb bu cür danışmağı qəbul edilməzdir.
Sonda bunu bildirmək istərdim ki, Azərbaycanda vətən, qazilik, şəhidlik kasıb vətəndaşlar üçün keçərlidir?!

Xatırladaq ki, Tovuz döyüşləri zamanı Azərbaycanın mərhum generalı Polad Həşimov və bir neçə nəfər yüksək rütbəli zabitimiz şəhid olmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın