Deputatın park sevgisi…

 

Millətin dərdi başından aşan vaxt, Milli Məclisin deputatı Bakıda salınan parklardan birinə, müharibədə geniş miqyaslı kömək əlini uzadan 4 böyük ölkənin: Türkiyə-İsrail-Pakistan və Əfqanıstan adının verilməsini təklif etmişdir. Bəli, təqdirə layiqdir, yardım edən ölkələrin adına park salınması və bayraqlarının həmin parkda dalğalanması əla olardı. Bugünkü gün sosial şəbəkələrdə, hərçənd ki, digər ölkələrə neqativ münasibətlər səslənsə də, dövlət səviyyəsində Azərbaycana yardımları danılmazdır. Ancaq adı çəkilən ölkələrin bu fikrə münasibəti necə olacaqdır, bu barədə deputat Fazil Mustafa açıqlama verməyi unudubmuş. Məsələ burasındadır ki, Pakistan (Fələstin probleminə görə) İsrail dövlətini rəsmən tanımaqdan imtina edib və indiyə kimi də qəbul etmir.

Görünür, bu məlumatdan Fazil Mustafanın xəbəri yoxdu.
Digər tərəfdən isə sosial şəbəkələrdə, 44 günlük müharibədə şücaət göstərən şəhid olmuş əsgərlərimizin adına park tikilməsini də təklif edənlər var.
Görünən budur ki, deputat Fazil Mustafa şəhidlərimizi unudub, xarici dövlətləri üstün tutur.

Deyəsən, millət vəkili, yaltaqlığı beynəlxalq dərəcədə yoxlamaq istəyir.
Milli Məclisdə “xalq tərəfindən guya seçilmiş” millət vəkilləri, xalqın sosial rifahını yaxşılaşdırmaq əvəzinə, gah özləri üçün, gah da digər ölkələrə sadiq olduqlarını nümayiş etdirmək üçün çalışırlar. Yaxşı olar ki, o parka xərclənən milyonlar, Qazilərimizin müalicəsi üçün ödənsin

Rəşad Şıxəliyev.

 

 

Bunu paylaş: