Dəlilərmi yatmalıdır ağıl xəstaxanasında, yoxsa onları dəli edənlərmi?

 

Dəlixananın həyətində siqaret çəkirdim. Düşünürəm ki, marağımdan ora qədər gedib çıxmışdım. Kənardan olduqca normal görünən, üz cizgilərindən təxminən qırx yaşında olduğunu düşündüyüm bir adamla göz gözə gəldim. Mən bir neçə dəfə başımı çevirsəm də o gözlərini məndən çəkmirdi.

Geyimindən anladığım qədəriylə birini ziyarətə gəlmişdi orda, xəstə deməyə dilim gəlmir indi. Əvvəl biraz çəkindim, sonra cəsarətimi toplayıb asta addımlarla yanına getdim. Siqaret ver dedi yanına çatan kimi. Siqareti uzadarkən niyə burdasan deyə soruşdum. Siqareti yandırdı, yenidən gözlərini zillədi üzümə. Gözlərini heç qırpmırdı, qorxmadım desəm yalan olar.
Sağ olun deyib uzaqlaşmaq istədim. Bəlkə də səhv edib bu sualı vermişdim ona. Bəlkə xətrinə dəydim, bəlkə də nə bilim adam dəlidir onsuz da düşündüm sonunda.
Sən niyə burda deyilsən? Deyib qışqırdı arxamdan. Elə bərkdən bağırdı ki, dönüb ona baxmağa qorxurdum.

Dəlicəsinə bağırmışdı.
Döndüm geriyə, yaxınlaşmadan baxdım üzünə. Bu dəfə səsini bir az daha yüksəldərək təkrarladı: Sən niyə burda deyilsən? O qədər saxtakarlığın, o qədər xəyanətin, o qədər vicdansızın arasında dayanmağı necə bacarırsan? Uşaqların öldürüldüyü, ağacların kəsildiyi, çiçəklərin qopardıldığı, sevgilərin xərcləndiyi, ümidin tükəndiyi, rəngsiz, iyrənc həyat var bayırda. Kirli, saxta, lazımsız həyat var bayırda. Onlara lazım olduqda səninlə yaxşı, lazım olmadıqda səni görməzdən gələn minlərlə insan. Qanını əməcək bir sürü vampir. Səni istifadə edilib küçəyə atılmış lazımsız bir əşya kimi hiss etdirəcək bir sürü qatil. Sən niyə burda deyilsən?!

Dəlilərmi yatmalıdır ağıl xəstaxanasında, yoxsa onları dəli edənlərmi?

Ülvi Novruzov.

Bunu paylaş:

Bir cavab yazın