Dələduzların şantaj siyasəti

 

Tərtər qətliamının detalları açıldıqca bu hadisənin heç də təsadüfi olmadığı qənaətinə gəlirsən. Ona görə ki, bunabənzər hadisələrin bir neçə il əvvəllər başqa hərbi hissələrdə də baş verdiyi məlum olur. Nə qədər paradoksal olsa da, torpağı işğal altında olan ölkənin rəhbərliyi güclü ordunun olmasını istəmir. Bu isə xəyanətin zirvəsi hesab olunur.
Hələ H. Əliyev hakimiyyətdə olan zaman, onun bilavasitə təkidi ilə uğursuz Murovdağ əməliyyatı keçirildi və 5000 nəfər cavan Azərbaycan övladı qəsdən qırğına verildi.
Orduya divan tutma siyasəti bu gün də davam edir. İ. Əliyevin Ali Baş Komandan olduğu Azərbaycan ordusunda Tərtər qətliamı kimi bir “əsrin cinayəti” baş verib.

Cinayətkarlar nəinki mühakimə olunub, hətta açıq şəkildə dövlət tərəfindən müdafiə olunur, onların hərbi rütbələri artırılır, yüksək səlahiyyət verilir.
Tərtər qətliamının “baş qəhramanı” olan Hikmət Həsənovun dünən Ağdamda olan yeni modul tipli hərbi hissənin açılışını həyata keçirməsi, Azərbaycan hökumətinin, şəxsən İ. Əliyevin Azərbaycan xalqını təhqir etməsi və bu ölkədə “dövlət ərkanı” deyilən bir şeyin yerli – dibli olmadığını göstərir. Onun bu hərəkəti Azərbaycan xalqına meydan oxumaqdır.
Bu arada H. Əliyevin bir sözü yadıma düşdü. “Ümum milli lider” bir dələduzun vəzifəyə təyin olunmasına belə reaksiya vermişdi – bizə belə kadrlar lazımdır. Yəni bu hakimiyyətə hər zaman şantaj oluna bilən kadrlar lazımdır.

Şantaj siyasəti Sovet hakimiyyətinin kəşf etdiyi mənfur idarəetmə üsuludur və bu gün də, demək olar ki, bütün postsovet məkanında tətbiq edilir. Belə ki, İ. Əliyev öz ətrafına şantaj oluna biləcək kadrlar, Putin isə postsovet ölkələri rəhbərliyinə şantaj oluna biləcək kadrlar yığır. Putinin özü isə törətdiyi cinayətlərlə, xarici banklarda yerləşdirdiyi çirkli pullara görə beynəlxalq güclər tərəfindən şantaj olunur. Nəticədə Putin xarici güclərə, İ. Əliyev isə Putinə güzəşt etməli olur. Son nəticədə isə dələduzar qazanır və uduzan isə sadə xalq olur. Hər şey göz qabağındadır: dələduzlar hakimiyyətdə, vətənpərvərlər isə ya qəbirdə, ya da “sibirdə”, yəni həbsdə. Millət isə ac – yalavac. Ölkələri dələduzlar və xainlər idarə edir.

Bu belə davam edə bilməz.
Nəyin bahasına olursa olsun, mütləq Azərbaycanı bu dələduzlardan xilas edib, normal dövlət qurulmalıyıq.

Şahin Sirvanlı.

Bunu paylaş: