Dəhliz, yoxsa qurulmuş tələ?

 

Son zamanlar ən çox müzakirə olunan məsələlərdən biri həm 10 noyabr bəyanatında, daha sonra da 11 yanvar razılaşmasında göstərilən Ermənistanla Azərbaycan, eləcə də digər öıkələrin qoşulacağı kommunikasiya xətlərinin çəkilməsidir.İlk baxışda bu, uğurlu bir razılaşma kimi görünsə də ,sonradan baş verənlər heç də Azərbaycan üçün xoşniyyətli bir razılaşma olmadığını aydınlaşdırır.Səbəb hələ də Azərbaycan və Ermənistan arasında Qarabağla bağlı son nöqtənin qoyulmamasıdır.Ermənistan və Qarabağa köçürülən ermənilər hələ də Azərbaycandan ərazi iddiasındadırlar.Belə olan halda, biz bu əlaqələri yaratmaqla onların həm iddialarında haqlı olduqlarına zəmin yaradır,həm də düşdükləri iqtisadi blokadadan çıxarmış oluruq.
Bir çox siyasətçilər və iqtidar nümayəndələri ,bu əlaqələrin regionun inkişafına, beynəlxalq güclərin bölgəyə marağının artmasına gətirib çıxaracağına və dövlətimizin də güclənəcəyinə inandırmağa çalışırlar.Mən isə bu fikirdə deyiləm və bunu əsaslandırmağa çalışacağam:
Birinci, əgər böyük güclər buna böyük maraq göstərsəydi, Qarabağ probleminin həll olunmasına çoxdan yardım edərdilər.Burada ən çox maraqlı olan güc Rusiyadır və onun bu xətlərin açılmasında başqa məqsədləri var.
Rusiya həm özünun iqtisadi- siyasi vəziyyətinə görə yeni alternativ yol açır, eləcə də Mehridən kecəcək yola nəzarət edir.Bu da həm Ermənistana kömək etmək, əsas məsələ isə bu yolla Azərbaycanı daima şantaj etmək məqsədi daşıyır.Təsəvvür edin – 3gün bundan qabaq Kəlbəcərdə ermənilərin yaşadığı ərazidən bizim yük maşınlarımızın qarşısı alınır və rusların oradakı davranışlarından da kimə qulluq etdiklərini görürük.3aydır Laçın dəhlizində bizim başımıza gələnlər əsas verir ki, əgər Azərbaycan ərazisində bunlar baş verirsə, Ermənistanın ərazisi olan Mehridə nələr ola bilər düşüncəsinə qapılaq.Hər cür
bəhanə ilə yüklərin , vətəndaşların keçidinə mane olmaq və bununla da rəsmi Bakının siyasətinə qarışmaq çox asan olacaqdır.
İkincisi, Azərbaycan üçün bu xətlərin açılması iqtisadi cəhətdən rentabelli olsa da, həyati məna daşımır.Bizim strateji neft -qaz kəmərləri,dəmir yol xətlərimiz Gürcüstan ərazisindən keçməklə həyata keçirilir.
Müharibədən əvvəl İranla sərhəddə 3 rayonumuz – Füzuli,Cəbrayıl və Zəngilan yolu bağlı idi.Bu haradasa 300 km – dən artıq məsafədir.Biz bu sərhəd boyunca həm avtomobil, həm də dəmir yol xətlərimizi bərpa etməklə, əvvələr İrandan Naxçıvana getmək üçün istifadə etdiyimiz tranzit yolunu, artıq öz ərazimizdən keçərək gedə bilərik.Qalan Zəngilan -Naxçıvan yolunun 45-50 km-ni isə, yenə də İran ərazisindən istifadə etməklə keçə bilərik.


Rusiyanın, Çinin İranla münasibətləri yaxşıdır.Tükiyə və Azərbaycan da İranla qonşudurlar və pis – yaxşı əlaqələri var.Yəni 30-40 dəqiqəlik yol üçün Azərbaycanın Qarabağ kimi bir məsələsinin qurban verilməsi,Xankəndi,Xocalı,Agdərə,Xocavəndin taleyi həlli olunmadan Ermənistana və Rusiyaya bu güzəştlərin gedilməsi,xəyanətə bərabər bir işdir.Biz, bir xalq olaraq Ermənistanın və Qarabağda Rusiyanın gətirib yerləşdirdiyi ermənilərin torpaq iddiasından əl çəkmədən, bu kommunikasiya xəttinin açılmasına etiraz etməliyik.
P.S.Lovrov kimi düşünənlərin, yəni Laçın dəhlizini Mehri yolu ilə eyniləşdirmək Qarabağın ermənilər yaşadığı bölgələrini Ermənistan ərazisi kimi tanımaq deməkdir.Çünkü Naxçıvan Azərbaycan ərazisidir və biz Zəngilan -Naxçıvan arasında əlaqə qurmaq üçün Mehridən istifadə etdikdə tranzit kimi başqa ölkə ərazisindən istifadə etmiş oluruq.Qarabağ və onu Ermənistana birləşdirən Laçın dəhlizi Azərbaycan ərazisidir, amma Ermənistanla əlaqə üçün açılıb.

Sevinc.

Bunu paylaş: