Dəfələrlə hamımız şahidi olmuşuq

 

Övladına pul sənin eşşəyindir deyib, pulun eşşəyi olanlardan danışaq bir az. Azərbaycanda niyə hamı istəyir ki, çoxlu pulu olsun? Nə olur olsun, nə axmaqlıq, nə oğraşlıq edir etsin, təki pulu olsun. Sənət, incəsənət, dəyər, vicdan hamısı bu cəmiyyətdə puldan yuxarıda dayanır. Çünki, bizim cəmiyyətdə pulun varsa, şəxsiyyət baxımından kim olursan ol, sənə hörmət edəcəklər. Bunu biz hamımız yaşayıb, görürük. Oğru, rüşvətxor, quldur bir xırda məmur məclisimizə gələndə, yanımızdan keçəndə, onunla rastlaşanda ona hörmətlə Salam veririk, dəyər veririk, ay orda oturma, burda otur deyirik. Bir savadlı, vicdanlı insan olsun, amma kasıb olsun. Ona həmin diqqəti göstərmirik. Demək biz xalq olaraq insanları “nə edirsən et, kim olursan ol, amma pulun olsun” -kimi yaşamağa məcbur edirik. Bunu biz istəyirik, biz belə bir cəmiyyət istəyirik. Bütün kənd bilir ki, bələdiyyə sədri tapşırıq və rüşvətlə təyin edilmiş gözün biridir. Amma eyni zamanda hamı ona müəllim deyir, ehtiram göstərir. Bütün kənd yığılıb, onu işindən qova bilərmi? -Əlbəttə. Bütün kənd yığılıb, bu saxtakarlığına görə onun üzünə tüpürə bilərmi, əlbəttə. Amma etmirik. Biz xalq olaraq bilirik və görürük ki, o kənddə kəsəkdə min fırıldaq ilə pul qazanıb, bizim gözümüzün qabağında cip sürür. Amma biz ona hörmət edirik. Dəfələrlə hamımız şahidi olmuşuq. Deyirlər ki, filan məmur çox yaxşı adamdı.

Misal üçün, bir dəfə bir təyyarədə yanımda oturdu, bir məclisdə rastlaşdım, bir uzaq qohumumun tanışıdı və.s Ay qardaş, bu məmur oğrudur, quldurdur, cinayətkardır. Niyə dərk etmirsən ki, bu adam 2000 manat maaşla ailəsinə villalar, övladına bahalı maşınlar, var dövlət alıbsa, bunun bir adı var “cinayət”. Sən buna necə yaxşı insan deyə bilərsən axı? Bax, xalq olaraq bunu dərk edən günü, bu ölkədə istər cəmiyyətdə, istərsə də hakimiyyətdə ədalətli sistem formalaşacaq.

Ülvi Novruzov.

Bunu paylaş:

Bir cavab yazın