Dünən haqq bildiyimiz, bu gün qarşımızda yanlış kimi durubdur

 

“Qarabağ savaşı hələ bitməmişdir. Fiziki müstəvidən, siyasi müstəviyə keçmişdir. Bu anda hər bir azərbaycanlı istər Qrabağ savaşı ilə bağlı, istərsə də kənar qüvvələrin qarşısında dövlətimizi qorumaq üçün ciddi həmrəylik göstərməlidir. Çünki düşmən bizləri dövləti qorumaq münasibətində parçalanmış görsə, istədiyini asanlıqla həyata keçirə bilər”.

Bismilləhir rahmənir rahim. Belə gözəl deyim var: “Zaman ən böyük hakimdir”. Doğrudan da bu hikmətli söz yaşadıqca nə qədər mənalı olduğunu görürsən. 30 ilə yaxındır ki, Azərbaycan müstəqilliyini qazansa da, elə siyasi şəxslərə inandıq və elə hadisələrə şahidlik etdik ki, baş vermiş hadisənin mahiyyətini bilmədən kimləri günahkar və kimləri isə haqlı zənn etdik. Amma zaman keçdikcə düşüncələrimizi, səhv və haqlı olduğumuz məqamları qarşımıza qoyduq. Uzun müddətdir ki, Azərbaycanda baş vermiş hadisələrin cavabdehi, hökumətin başçısı və komandası bütövlükdə xalqın ittihamı qarşısında qalmışdır.

 

Xalqımız korrupsioner və rüşvətxor məmurlardan cana gəldiyindən, arxasında hansı ölkənin dayandığını bilmədən, kim hakimiyətə qarşı çıxıbsa onu özünə milli qəhrəman hesab etmiş, ətrafına toplanaraq onların şəxsində qurtuluş, nicat tapacağına ümid bəsləmişlər. Bu illər ərzində mitinqlər, piketlər, həbslər və sair hallarla aramsız mücadilə aparmışlar. Mücadilə bəllidir ki, müəyyən ictimai birliklər və siyasi partiyalar daxilində həyata keçirilmişdir. Hər bir siyasi partiya mənsubiyyətçisi qəbul etdiyi lideri haqlı komanda və onun rəhbərinə müxalif olanlara isə düşmən münasibət göstərmişdir. Bu cür düşüncəni isə formalaşdıran insanlar deyil, mənsub olduğu partiyanın rəhbərləri olmuşlar. Amma heç bir sadə vətəndaş imperiyaların “Parçala, hökm sür” siyasətinin qurbanı olduqlarını təsəvvürünə belə gətirə bilməmişdir.

Azərbaycan toplumunun müxtəlif ideologiya ilə gözlərini elə bağlamışlar ki, heç kəs kiminsə yanında durub, hara xidmət etdiyini düşünə bilməmişdir. Buna misal olaraq dəfələrlə bu mövzuya toxunmuşam. Məsələn: ölkəmizdə məzhəbçilik və aralarında olan ziddiyətçilik, müxalif partiyalar aralarında olan ziddiyət və müxaliflə iqtidar aralarında olan qarşıdurmaları göstərmək olar. Hadisələrə kənardan baxdıqda bu parçalanmalardan və ziddiyyətlərdən kimlərin fayda götürdüyünə baxsaq, daxildə fərdlərin kimliyi və kənarda imperyaların görünməz əlləri ortaya çıxır.
2-ci Qarabağ savaşından öncə ölkəmizdə baş vermiş terror hadisələri, təzyiqlər, hakimiyyətdaxili çəkişmələr, müharibə və müharibədən sonrakı dövrdə çox görünməzlər ortaya çıxdı. Hakimiyyətə qarşı çıxmaqla “milli qəhrəman” olanlar istər müharibə vaxtı sərgilədikləri münasibətlər, istərsə də imperiya tərəfindən hakimiyyətə yerləşdirilmiş “5-ci kolon” qüvvələrinə olan münasibətdə kimliklərini ortaya qoydular.

Necə deyərlər, millətçi və haqq – ədalət donu geymiş, imperiyanın bölgəmizdə uzunmüddətli hakimiyyətini təmin etmək üçün “ehtiyat təkəri” rolunu oynamışlar. Yazlqlar olsun bu tipli insanlara uyanlara!. Doğrudan da zaman ən böyük hakimdir. Dünən haqq bildiyimiz, bu gün qarşımızda yanlış kimi durubdur.
Bunların təhlilini aparmaqda məqsədim nədir? Hər kəs yaxşı – yaxşı fikirləşsin! 2-ci Qarabağ savaşı çox şeyləri ortaya qoydu: 1) demokratiya dediyimiz bəzi batı ölkələrinin, 2) İslam təəssübkeşliyində üzdə qardaş deyən farsların, 3) şimal qonşumuz Rusiyanın, 4) qardaş Türkiyənin və daxildə bəzi qüvvələrin münasibətləri bizim dost və düşmənlərimizin kim olduqlarını aydınlaşdırdı.
Qarabağ savaşı hələ bitməmişdir. Fiziki müstəvidən, siyasi müstəviyə keçmişdir. Bu anda hər bir azərbaycanlı istər Qrabağ savaşı ilə bağlı, istərsə də kənar qüvvələrin qarşısında dövlətimizi qorumaq üçün ciddi həmrəylik göstərilməlidir. Çünki düşmən bizləri dövləti qorumaq münasibətində parçalanmış görsə, istədiyini asanlıqla həyata keçirə bilər.

Azərbaycanda yaşayan etnik xalqlardan tutmuş hər bir kəs anlamalıdır ki, bizim varlığımız və milli kimliyimiz birbaşa dövlətimizin varlığından asılıdır. Düzdür, hakimiyyətdə təmsil olan imperiya qulları, xalqı istismar edərək, xalqı hakimiyyətdən narazı salıblar. Amma bu narazılıq dövlətçiliyimizin qorunmasında ədavətə çevrilməməlidir. Kimlər xalqa qarşı hansı çirkin əməl göstəriblərsə, artıq cəzalarını almaqdadırlar. Ümiidvaram ki, bu proses sona qədər gedəcəkdir. Bu hadisələrdən qorxanlar ölkəni qarışdırmaq istəyirlər ki, cəzadan yayınsınlar. Xalqımız dövlətimizin, vətənimizin bu anında iqtidarlı, müxalifətli hamı bir yerdə olmalı və düşmənə heç bir fürsət verməməlidir.

Azərbaycan İslam Demokrat Partiyasının sədri və AXH TK-nın üzvi: Tahir Abbaslı

Bunu paylaş: