Cəza!-sızlıq

Azərbaycanda niyə və nədən məmur özbaşınalığı, korrupsiyaya bulaşmış yırtıcı insanlar, dövlət büdcəsini sömürərək talançılıq edən bir qrup cani açıq-aşkar şəkildə bəlli olsa da, amma hələ də cəzasız qalmaqdadı?
Əslinə qalsa, baş verənlərin tam arxasında soyuq, sərt daş kimi olan aysberqin görünməyən tərəfi durmaqdadı. Dövlət büdcəsini astadan xımır – xımır, siçovul kimi talayıb yeyənlər, açıq-aşkar korrupsiya ilə məşğul olan “məmurlar” bilinsə də, amma hakimiyyət onlara qarşı sərt qanun tətbiq etmir və yaxud edə bilmir. Belə çıxır ki, hazırki hakimiyyətimizi təmsil edənlərin hamısı bütövlükdə gündəlik korrupsiya suyu ilə qüsullanaraq özlərini saf, təmiz və halal sanmaqdadırlar. Amma heç nəyə baxmayaraq, hakimiyyətdaxili gedən gərgin savaş nəticəsində hiyləgərlik o həddə çatıbdır ki, sanki ölkədə məmurlar idarə edilmir və onlara nəzarət olunmur. Sanki ölkənin idarəedici hakimiyyətində təmsil olunan əksər məmurların elmi təhsili yoxdu, aldıqları əsas təhsil isə, sadəcə, həyat təcrübəsindən və sınağından yararlanmaqla, mükəmməl bacarıqlı hiyləgərlik qabiliyyətinə sahib olmaqdı. Hər zaman mətbuatda bir-birlərinə qarşı humanist görünüşdə görünənlər, mülayim düşüncədə olanlar, sözdə isti yanaşmadan ağız dolusu danışaraq davrananlar, əslinə qalsa, arxa planda, qapalı düşərgədə sanki bir-birlərinə qarşı ən qəddar düşmən və yaxud bir əfi ilandırlar.

Odur ki, ortalıqda görünənlərdən və baş verənlərdən bu qənaətə gəlmək olur ki, ölkədə baş verən hər şeyin arxasında elə birbaşa Prezidentin özü durmaqdadır və özü günahkardır. Əgər elə olmasa idi, onda ölkədə tam fərqli durum, fərqli düzən yaranmış olardı. Əslinə qalsa, O, hər şeyi çox-çox yaxşı görür və yaxşı da qiymətləndirməyi bacarır. Demək, özü də onlarla birlikdə oyun oynamaqdadır. Əgər, o birlikdə məmurla oyun oynayırsa, onda bu biçarə xalqa yazığı gəlsin, heç olmasa xalqı da oyuna soxsun ki, haçansa “seka” olanda barı xalqa da nə isə çata bilsin. Yoxsa ki, ölkədə bütün xalq, eynilə mənim oğlum kimi, (mobil telefonda cizgi filminə, oyuna baxa bilmədiyi üçün )”küsmüşəm səndən” deyilən kəlməni eşidəcək. Bəs onda bu bütün baş verənləri, olanları Prezident niyə görmür? Axı, O özü məmurların hamısını müxtəlif vəzifələrə təyin edir, onlara dayılıq, əmilik, arxalıq edir; onda elə etsin ki, onları elə yoxlasın ki, onların heç biri oğru, quldur, rüşvətxor olmasın və sonda, o öz etdiyini, özü şam kimi yandırmasın. Son illər hakimiyyətdaxili gedən gərgin çəkişmələrdən qalib çıxmış oğru, rüşvətxor Oliqarxlar tərəfindən bəzi yüksək çinli məmurlar təhdid edilərək səhnədə məğlub edilmişlər, sanki onlar bir-birlərini öz yuvasında boğmaqla məşğuldurlar. Son 17 ildə nədəndir bu qədər yeni yaranmış acımasız və qəddar məmur səcdəgahı?! Bəlkə artıq itibdi inam, idrak, iman və din, sadəcə biz bilmirik və yaxud xəbərimiz yoxdu ölkədə tüğyan edən dinsizlikdən? İnsana ilk öncə lazımdır idrak və sonra din, əgər itibsə hər ikisi, nə etsən də düzəlməyəcək nə məmləkət, nə məmur, nə din, nə də Prezident.

İlqar Quliyev

Bunu paylaş: