Cəmiyyətimizin eqomənləri…

 

Salam Aleykum. Ətrafımda o qədər eqolu insanlar görürəm ki, təəccüb edirəm. Bir insan nəyə görə qürrələnər və ya böbürlənər? Bir insan özünü niyə başqalarından yüksək zənn edər? Bir insan niyə özünü digərlərindən artıq hiss edər? Buna səbəb nədir? Sizin soyadınızmı? Sizin soykökünüzmü? Sizin maddi durumunuzmu? Sizin sosial durumunuzmu? Həqiqətən bunu dərk etməyə çalışıram. Bəli, mən də düşünürəm ki, bu kainat üçün xeyri dəyən, hansısa müsbət işlərə imza atan, bu dünyaya nöqtə boyda olsa da yaxşılığı keçən insanlar heç bir sosial statusundan asılı olmayaraq hörmətə, alqışa layiqdir. Amma mən birinin qara qaşı-gözü var deyə, birinin yaxşı soyadı var deyə, digərinin atası filankəsdir deyə, bunun maddi imkanı “superdi” deyə insanlara fərq qoya bilmirəm. Bu ayrı seçkiliyi edənləri də nə qəbul edə bilirəm, nə də onlara normal bir şəxsiyyət kimi qiymət verə bilirəm. Və belələri ətrafımda eqolarından başları göyə dəyəcəkmiş kimi gəzəndə məni qəribə bir qımışmaq tutur. Ay insan oğlu, niyə bu qədər özünü göylə aparırsan ki?
Heç özünə sual verdinmi ki, mənim bu bir neçə kiloqramlıq çəkim yer üzünə lazımsız ağırlıqdır, yoxsa mən bir işə yarayıram? Heç siz ay eqomənlər, heç özünüzlə təkbətək qalırsınızmı? Bunları sadəcə mənmi görürəm? Bir-birinizin mənfi tərəflərinə baxmayaraq qucaqlaşıb, sonra necə öz arxanızdan atıb-tutursuz ki? Ümumiyyətlə siz fərd olduğunuza inanırsınız? Bəzən bu qədər zəif xilqətli varlıqların arasında özümü kosmosun “qara dəliyindən” sovrulan milyonlarla ulduzdan biri kimi hiss edirəm.

Var olan, boşluqda yoxa çıxan, heç kimin görmədiyi, bilmədiyi, maraqlanmadığı… Kaş ki, mən də bəsit olaydım…(deyəsən özümə tərif etdim) Kaş ki, üç-beş nəfərlə hansısa bir oğlanın qeybətini etməkdən, yeni alınan bir bahalı telefondan, əşyadan zövq duyan, playstationda dostuna qalib gəldiyi üçün xoşbəxt olan, “dostlarının” etmədiyi, xəyali hərəkətlərindən ağız dolusu danışan bəxtəvər eqomənlərdən biri mən olaydım. Belə boş-boş danışmağımın kimə nə xeyri var axı? Elə özüm özümə tamaşa edən qərib bir varlığam. Kiməsə yararı olmayan…

Ülvi Novruzov.

Bunu paylaş:

Bir cavab yazın