Cəlladdan imdad diləməklə baltasını yerə qoymaz

 

Azərbaycanın bütün faciələrinin episentri olan Tərtər genosidi haqqında ağzına su alıb susub, ucqarlarda baş verən xırda-mırda dağıntılar, pozuntular haqqında gecə-gündüz bar-bar bağıran tanınmış kimi tanınan şəxsləri gördükcə məmmədhəsən əmilərin saylarının qorxunc şəkildə çoxluğu təəssüratı yaranır adamda. Bu sayda əmilərlə (oxu: adamlarla) episentri hesablayıb tapmaq mümkün olmayacaqdır, hələ hiposentri demirəm. Bu əmilərin hesabına biz hələ uzun müddət elə zənn edəcəyik ki, hansısa bir Fatmanisə nənənin bədduası ilə, kiminsə kimləsə tutuşması ilə və sairə ilə filankəsin evi uçmuşdur və ya filankəsin işığı sönmüşdür, və ya filankəsin qazı kəsilmişdir və ya filankəs ölmüşdür.
“Filankəsi azad et!”, “Uşaq pulu ver!”, “Şəhidi tanı!”, “Qazinin haqqını kəsmə!”,…. ay – hay, ölmüşdü Xankişi. Sən saydığını say, amma əsas fələyin sayğacındakıdır. Yel qayadan heç nə aparmaz, gərəkdir ki, qayanı dinamit (A. Nobelin icad etdiyi şey kimi bir şey) qoyub partladasan, yox əgər bu gərək deyilsə deməli qaya ömürlük yerində duracaq. Belə şüarlar ancaq və ancaq şairlərin (oxu: yazarların), mollaların, şəxsi efir sahiblərinin və ən çox da özünü partiya adlandıran dəstə (oxu :: şayka) başçılarının (oxu: sədr, lider) əkmək qazanması üçün vəsilə ola bilər və olur da, başqa bir şeyə yaramaz.

Yağışdan sonra yaxşı göbələk əmələ gəlir, hərə də əlinə bir zənbil alıb gedir göbələk yığmağa. İqtidar gündə bir qara bulud yaradıb leysan yağdırır və partiya adlandırılan dəstə başçıları da öz dəstələrini çəkib cumurlar göbələk yığmağa, insafən babat da məhsul toplaya bilirlər. Yağışı yaradan Allaha (oxu : dövlət baba) da dualar edirlər, o üzdən ki, qara buludlar olmasa, yağış yağmasa göbələk də olmaz və bu liderlər ac-yalavac qalarlar. Hərçənd aradabir mızıldanırlar ki, bu yağış nə idi, soyuqlayırıq, böyrəklərimiz ağrıyır, qulunc oluruq və sairə, amma elə ki göbələk (qida) çıxır, həmən qulunc filan yaddan çıxır. Dövlət baba öz övladlarını çox istəyir, mərhəmətlidir, səxavətlidir, ədalətlidir, hər şeyi görəndir və biləndir, onları təmin edir, yaşadır, sağ olsun (naşükür olmaq olmaz). Dövlət baba ölərsə (iraq olsun!) bu çocuqlar göbələksiz qalıb acından ölərlər. Yaşasın dövlət baba!
Tərtər, Tərtər və yenə də Tərtər!

Nurəddin Kaqan. . 𐰣𐰆𐰺𐱅𐱅𐰤 𐰡𐰪𐰣

Bunu paylaş:

Bir cavab yazın