Bu qan yerdə qalmayacaq

 

Tərtər qətliamının Azerfreedom TV – də istintaqının qırxı da çıxdı. Daşdan səs çıxdı, amma bu hakimiyyətdən, yəni konkret İlham Əliyevdən səs çıxmadı, çıxması da gözlənilmir. Xalqın başını qatmaq üçün onun göstərdiyi “tryuklar” – Şuşaya dalbadal səfərlər, paxlava yemək, tonqal qalamaq, hər gün qələbədən danışmaq yalnız bir məqsədə xidmət edir – Tərtər qətliamına cavab verməkdən, Qarabağda rus – erməni özbaşınalığına münasibət bildirməkdən yayınmaq.
Sual olunur:
— Doğrudan biz İ. Əliyevdən bu qətliama adekvat cavab gözləyirik?
— Əlbəttə ki, yox.
— İ. Əliyev nə zaman həqiqəti deyib?
— Heç vaxt.
Azərbaycanda Heydər Əliyev zamanından qalma bir siyasi əxlaq formalaşıb – xalqa heç vaxt doğruları danışma. “Böyük siyasət” budur.
Əslində İ. Əliyev 2003 – cü il seçkilərində hakimiyyət başına qan tökərək gəldi. MSK, 16 noyabrda Azadlıq meydanında bir nəfərin – Müsavat partiyasının üzvü olan Həmidağa Zahidovun ölümü, yüzlərlə insanın vəhşicəsinə döyülməsi və həbs olunması ilə müşayiət olunan saxta seçkilərin nəticələrini İ. Əliyevin xeyrinə təsdiq etdi.

Azadlıq meydanında olan vəhşiliyin başında isə, o zaman Daxili İşlər nazirinin cangüdəni – indiki Daxili İşlər nazirli Vilayət Eyvazov dururdu. Göründüyü kimi, bu hakimiyyətə peşəkar yox, sədaqətli kadr lazımdır.
Əsas biabırçılıq həm də o idi ki, həmin vəhşiliyə və ölüm hadisəsinə İ. Əliyev reaksiyası -“nə qədər ki, mən hakimiyyətdəyəm, imkan verməyəcəyəm ki, bir nəfər də olsun polis işçisi bu işə görə cəzalansın”- kimi oldu.
Buyurun, bu da sizə hüquqi dövlət, bu da sizə ədalət, bu da sizə İ. Əliyevin “adekvat” reaksiyası.
İ. Əliyevin belə “ədalətli” fikirləri Rəhim Qazıyev, Elçibəy hakimiyyəti, bu yaxınlarda keçirilən super saxta seçkilər haqqında və s. olub.

Uzaqbaşı, hamı İ. Əliyevdən cavab gözləyərkən o da təxminən belə cavab verəcək:
–Orduda xəyanət olmuşdu, cinayətkarlar məsuliyyətə cəlb olunmuşdur, heç kim bundan şou düzəltməsin. İndiki halda İ. Əliyevin verəcəyi maksimum cavab bu olacaq.
Bəs nə etməli?
Hadisələrə aid informasiyanı daha çox insanlara, beynəlxalq insan hüquqları və məhkəmə instansiyalarına çatdırmaq.
Nə qədər şablon da olsa, təşkilatlanmalıyıq və ortalığa güc qoymalıyıq. Onda səsimizə səs verən də olacaq. Necə ki, “Ya Qarabağı azad et, ya da get” deyərək ayağa qalxdıq. O zaman bir çoxları, o cümlədən, qardaş Türkiyə də bizə dəstək verdi.
İndi də elə olacaq. Biz təşkilatlanaraq meydanlara çıxmalıyıq.

Şahin Sirvanlı

PS: həmin yazı hazırlanarkən Azerfreedom TV Youtub kanalından verilən, hələlik qeyri – rəsmi məlumata görə, Tərtər qətliamının baş cəlladından biri Hikmət Həsənov həbs edilib.
Xəbər dəqiqləşəndən sonra əlavə məlumat verəcəyik.

Bunu paylaş: