Bu dəqiqə ən titullu vəzifə yaltaqlıqdır

Bu dəqiqə ən titullu vəzifə yaltaqlıqdır. Ha axtarıram tapa bilmirəm. Bir iki tanış, tunuşa da xəbər eləmişəm, hələ səs-səmir yoxdu. Bütün yerlər tutulub. Deyəsən çox gecikmişəm, vakansiyadan söhbət gedə bilməz.
Həm də bu elə bir vəzifədir ki, bronu da yoxdur. Konkurs da kəllə çarxa çıxır, bir yerə on minlərlə yaltaq iddialıdır…
Amma buna baxmayaraq ümidimi üzmürəm. Siz də gözdə-qulaqda olun, birdən qabaq-qənşərinizə çıxıb eləsə mənə xəbər etməyi unutmayın.
Könlümdən yaman yaltaqlanmaq keçir…
Söz verirəm ki, ehtibarı və ehtimadı doğruldacam. Elə dərindən yaltaqlanacam ki, yaltaqlandığım onu iliklərində hiss edəcək. Bu günə qədər olan məşhur yaltaqlar ofsaytda qalacaqlar.
Mənim fikrimcə yaltaqlıq çoxdan dövlət qulluğu haqqında qanunla tənzimlənməli və xüsusi təsnifata şamil olunmalıdır. Belə olarsa işim nisbətən asanlaşar, bu vəzifəyə təyinat məsələm reallaşa bilər. İmtahan və müsahibə mənim üçün çox rahatdır. Altı yaşından imtahandır ki, verə-verə gəlirəm – təhsildən həyat imtahanına qədər…
P.S.Sarkazmı bir az çox elədim ki, şər qarışan vaxtı adrenaliniz artsın.
Yaşasın ölkənin bütün yaltaqları!
Bütün yaltaqlar birləşin!

Nur An Əsər.

Bunu paylaş:

Bir cavab yazın