Biz dövlətimizi qurmağa nədən başlamalıyıq

 

Ölkənin, cəmiyyətin, xalqın və nəhayət fərdlərin gələcəyi haqda düşünən insanlarımızı bu gün ən çox maraqlandıran suallardan biri (bəlkə də birincisi) budur ki, biz düşdüyümüz qapalı dairədən necə çıxmalıyıq və çıxmaq üçün də nədən başlamalıyıq?

Sual fundamentaldır və dairə də qapalıdır. Eyni zamanda bunu da etiraf etməliyik ki, elə bizi həmin dairədə saxlayan səbəb də fundamentaldır, elə bu məqsədlə də yaradılıb. Siyasi elmlərdə bu, müxtəlif dillərdə eyni cür adlanır – narrativ. Narrativin qəliz formal tərifinə varmadan, onun mahiyyətini təxminən belə izah etmək olar:

Narrativ nəzəri siyasi konsepsiya olmaqla yanaşı, həm də cəmiyyətdə ictimai münasibətlərdə və diskussiyalarda əsas müzakirə predmeti olan məsələ və ya məsələlərdir. Dediyim kimi, bu, bəlkə də onun mahiyyətini tam əks etdirməyən sadə izahını vermək cəhdidir.

Siyasi narrativ bir çox hallarda siyasətçilər və siyasi qruplar tərəfindən süni yaradılmış və müxtəlif sosial qruplar arasında münasibətlərə təsir edən bir növ davamlı gündəmdir. Məsələn, Azərbaycanda son 30 ildən artıq bir zamanda narrativ Qarabağ olub və bu gün də qalmaqdadır.

Bircə fərq ondadır ki, əvvəl bu, “Bizim Qarabağ boyda dərdimiz var” və “Hər şeyin səbəbi torpaqlarımızın işğal altında olmasıdır” şəklində ifadə olunurdusa, bu gün “Biz qalib gəlmişik və kimlərsə bu qələbəyə kölgə salmağa çalışır” və “Biz Qarabağı almışıq, Zəngəzuru da qaytaracağıq” və s. tezislər şəklində irəli sürülür.

Görüyümüz kimi, narrativ dəyişməz qalır və əvvəl olduğu kimi, bu gün də cəmiyyətin diqqətini zəruri konseptual məsələrdən yayındırmağa xidmət edir. Bəli, məhz xidmət edir, çünki o, elə bu məqsədlə yaradılıb. Yəni, Azərbaycana ərazi bütövlüyü üçün problem yaradanlar həmin problemə uyğun da narrativ yaradıblar.

Məsələn, bugünkü narrativ ölkədə təhsilin və səhiyyənin vəziyyətinə, sosial-iqtisadi duruma, haqsızlığa, qanunsuzluğa, korrupsiyaya, özbaşınalığa, hakimiyyətin kriminallaşmasına və s. etirazları susdurmağa, boğmağa xidmət edir, onun çərçivəsindən kənara çıxmalara qarşı amansız münasibət sərgiləyir, sərt təpkilər göstərir və s.

“Əks-arqumentlər” də yetərincə sadə, amma qətidir: “Ölkənin qələbəsini gözün götürmür”, “hamısı zamanla düzələcək”, “prezident nə etdiyini hamıdan yaxşı bilir” və s. Bu, yaradılmış narrativin ölkənin inkişafına qarşı effektiv alət olmasının tipik nümunəsidir və təəssüf ki, bizim həm də acı reallığımızdır.

Mövcud narrativ bütün sahələrdə və bütün pozucular tərəfindən uğurla istismar edilir, çünki o, bu məqsədlə yaradılmış universal tormozlayıcı vasitədir. Onun sayəsində konyunktura tələb etdikdə ağı qara, qaranı isə ağ kimi təqdim etmək olur. Buna etiraz edənlər isə qələbəyə kölgə salmaq istəyənlər və erməni dəyirmanına su tökənlər olur. Bu qədər sadə.

Azərbaycanın bugünkü narrativi həm də ölkəni, xalqı və onların gələcəyini düşünən kamil-vətənpərvər kəsim üçün deyil, cahil-psevdopatriot kütlə tərəfindən birincilərə qarşı istifadə üçün yaradılmış və uğurla istifadə olunan silahdır. Odur ki, birinci və başlıca vəzifəmiz onu dəyişməkdir.

Daha doğrusu, onu tarixin zibilliyinə atıb, əvəzində isə ölkənin, xalqın, fərdlərin gələcəyinə və inkişafına xidmət edən yeni narrativ yaratmalıyıq. Amma yeni narrativ reallığa söykənməlidir, insanların istək, ehtiyac və gözləntilərini və onların reallaşdırılması yollarını hədəfləməlidir, əks halda o, doğulmamışdan həmin cahil kütlənin ağaqları altında qalıb məhv olacaq (daha doğrusu, məhv ediləcək).

Yeni narrativ həm də realist olmalıdır, uydurmalar, xülyalar və ya hansısa əlçatmaz xəyallar üzərində qurulmamalıdır. Əks halda onun özü də elə əlçatmaz xəyal olaraq qalacaq.

Fikirlərinizi bilmək çox maraqlıdır və ona görə də fikir bildirən hər kəsə öncədən təşəkkür edirəm!

Ərəstun Oruclu.

Bunu paylaş: