Biz dövlətimizi niyə qura bilmirik?(2ci hissə)

 

2-ci yazı: “Qızıl dövrün” sonu və klan hakimiyyəti necə yaradılırdı? (II hissə)

Ümumiyyətlə, 1967-ci il SSRİ tarixində KQB-nin siyasi hakimiyyət uğrunda kommunist partiyasına qarşı başladığı 15 il çəkmiş və 1982-ci ildə onun qələbəsilə nəticələnmiş mübarizəsinin başlanğıc nöqtəsi hesab ediə bilər. Bu, KQB şefi Yuri Andropovun 1982-ci ilin noyabrında Sov.İKP MK-nın Baş Katibi vəzifəsinə gəlməsi idi.

Sovet tarixinin bir çox dönəmlərində olduğu kimi, həmin dövrdə də Kreml uğrunda mübarizə Qafqazdan başlamışdı. Daha doğrusu, Cənubi Qafqazdan. Əvvəlcə 1969-cu ildə Az.KQB şefi Heydər Əliyev, ardınca da 1972-ci ildə Gürcüstanda daxili işlər naziri Eduard Şeverdnadze respublikaların partiya rəhbərləri postuna gətirilmişdi.

Burda bir haşiyə çıxım: SSRİ dövründə DİN və KQB faktiki rəqib təşkilatlar olub, amma rütbəsi polis (milis) general-mayoru olan Şeverdnadzenin eyni zamanda KQB general-leytenantı olması barədə də iddialar var. Bu iddialar bu günədək onun rəsmi Vikipediya səhifəsində qalmaqdadır.

1968-ci ildə KQB-nin partiya rəhbərliyi tərəfindən hakimiyyətə can atmaqda tənqid olunması onun Məxfi-Siyasi Şöbəsinin ləğv olunması ilə nəticələnir. Amma ardınca onun yerində formal olaraq “Konstitusiya Quruluşunun Mühafizəsi” adlanan 5-ci Baş İdarə təsis olunur və onun rəhbəri Filipp Bobkov təyin olunur.

Bu ada hələ sonrakı yazılarımda rast gələcəksiniz, amma hələlik qeyd edim ki, millətlərarası münasibətlərlə dərindən məşğul olan general Bobkov Dağlıq Qarabağ və digər ərazi-etnik münaqişələrin yaradılmasının müəllifi və arxitektoru olmuşdu.

Bunlar hələ 80-ci illərin sonunda həyata keçiriləcəkdi, 70-ci illərdə isə 5-ci Baş İdarə bəzi SSRİ respublikalarında, o cümlədən də Azərbaycanda Xruşov dönəmində yaranmış yeni siyasi konsepti dəyişməklə məşğul olmalı idi və olurdu da.

Bu istiqamətdə hədəfdə olan əsas vəzifələr respublikaların mərkəzdən asılığını artırmaq və ən başlıcası da formalaşmaqda olan milli elitaları daha loyal kosmopolit rusdilli sovet elitası ilə əvəzləmək idi.

Bu məqsədlə KQB-nin 5-ci Baş İdarəsi respublikaların dövlət təklükəsizliyi komitələrində yaradılmış anoloji şöbələrilə birlikdə geniş miqyaslı ardıcıl proqram həyata keçirirdi. Bu proqrama (özəlliklə əhalisi müsəlman mənşəli olan respublikalarda) aşağıdakı vəzifələrin həyata keçirilməsi daxil idi:

-hakimiyyətin asan idarə olunması üçün onun klanlaşdırılması;
– yaranmış milli elitanın ləğvi və əvəzində tam idarə olunan rusdilli kosmopolit ziyalı, yaradıcı zümrənin formalaşdırılması;
– təhsilin və elmin korrupsiyalaşdırılması yolu ilə milli kadrların inkişafının qarşısının alınması;
– iqtisadiyyatın Moskvanın tam nəzarətinə götürülməsi və s.

Heydər Əliyev Azərbaycanda bu vəzifəni yerinə yetirə biləcək ideal namizəd idi. Məhz onun sistemli ardıcıl fəaliyyəti nəticəsində sadalanan bütün bəndlər yüksək səviyyədə reallaşdırılacaqdı və bu işdə dövlət təhlükəsizliyi orqanları partiya təşkilatları ilə birlikdə fəaliyyət göstərəcəkdi. Belə də oldu.

10 il ərzində Azərbaycanın Mustafayev-Axundov idarəçiliyi dövründə formalaşmış və öz milli köklərinə bağlı ziyalı elitası xalqdan məsəfədə dayanan, ona yuxarıdan baxan, mədhiyyəçi, yaltaq, ikiüzlü, qorxaq, ələbaxan kosmopolit “ziyalı” kütləsi ilə əvəzləndi. Həmin kütlənin törtöküntüləri bu gün də Azərbaycan üçün problem olaraq qalmaqdadır…

Respublikada onun “Qızıl dövründə” yaranmış və hələ tam oturuşmamış mənəvi atmosfer kökündən dəyişdirilirdi. Bu məqsədlə aşağı şəxsi və mənəvi keyfiyyətlərə malik olanlar irəli çəkilir, təbliğ olunur və bununla da cəmiyyətə “yeni azərbaycanlı” obrazı açılanırdı. Əvvəl normal sayılan insani keyfiyyətlər bu gün ayıb və irəli getməyə maneə yaradan hesab olunurdu.

Respublikada rus dili yenidən önə çəkilir, milli kadrlar sıxışdırılır, Azərbaycanın tarixi yenidən və daha amansızlıqla saxtalaşdırılırdı. Mətbuatda, televiziyada, yaradılan yeni bədii əsərlərdə filmlərdə və hətta musiqidə belə azərbaycanlılara təbəə, kölə təfəkkürünü sırınırdı.

Azərbaycanda əhali regional və şəhər-rayon mənsubiyyətinə görə çeşidlənir, xalq parçalanırdı. Təhsildə korrupsiya ağlasığmaz miqyas alırdı və bu, öz növbəsində klan hakimiyyətinə həm də ağlasığmaz kriminal kapital qazandırırdı. Respublikada bütün dövlət vəzifələrinə təyinat klan mənsubiyyəti və rüşvət əsasında həyata keçirilirdi.

İstər vəzifə təyinatlarında, istərsə də ali məktəblərə qəbulda pul kütləsinin toplanması və bölüşdürülməsi əsasən Heydər Əlievin yaxın ailə üzvlərinə etibar edilmişdi. Bütün bunlar da Əliyev hakimiyyət ierarxiyası rəsmilərinin rüşvətxorluğa qarşı amansız mübarizə haqda saxta şüarları və hesabatları fonunda baş verirdi.

Sadalananları həyata keçirmək üçün partiya və dövlət orqanlarına uyğun kadrlar seçilib yerləşdirilirdi. Azərbaycanda klançılıq, onun əsasında korrupsiya piramidası, total rüşvətxorluq və saxtakarlıq geniş vüsət alırdı.

Nə qədər təəccüblü də olsa, Moskva Azərbaycanda və Orta Asiya respublikalarında baş verən klanlaşmalara, mənəvi aşınmaya və açıq həyata keçirilən cinayətlərə göz yumurdu. Bu isə heç də təsadüfi deyildi, çünki bütün baş verənlər KGB-nin yüksək kabinetlərində hazırlanmış yeni konsepsiyanın uğurla reallaşdırılması idi…

(Ardı var)

Ərəstun Oruclu.

Bunu paylaş: