Biz dövlətimizi niyə qura bilmirik? 5-ci yazı: “Müstəqillik dövründə dövlət və dövlətçilik təsəvvürlərimiz” (I hissə)

 


Bir daha qeyd edim ki, bu silsilədən olan yazılarda təqdim etdiyim dəyərləndirmə və təkliflər yalnız mənim subyektiv yanaşmalarımdır və onların mütləq həqiqət olduğuna da iddialı deyiləm. Dövlət qurmaq kifayət qədər mürəkkəb, davamlı və çoxşaxəli bir prosesdir ki, onun da ilk növbədə nəzəri bazasının yaradılması vacibdir.

SSRİ-nin dağılması ərəfəsində və bu, baş verdikdən sonra biz məsələyə olduqca sadə, bəzən isə sadəlövhcəsinə yanaşırdıq. Bəzən isə bu cür ciddi bir məsələyə emosional-sentimental yanaşma ortaya qoymaqla çoxsaylı səhvlərə yol verdik ki, bu gün də onların acılarını yaşamaqda davam edirik.

Etiraf etməliyik ki, aralarındakı münasibətlər mürəkkəb sosial-iqtisadi, siyasi və hüquqi mexanizmlərlə tənzimlənməli olan dövlət institularının yaradılması haqqında təsəvvür və biliklərimiz də yetərincə deyildi. Elə buna görə də Azərbaycanın müstəqilliyinin ilk illərində dövlətyaratma prosesi SSRİ-nin solğun imitasiyasını xatırladırdı ki, bu gün də həmin mənzərəni görürük.

Bu isə məhvə məhkum olmaq və ya özünü məhkum etmək demək idi, çünki təcrübəsinə istinad etdiyimiz dövlətin aqibəti bəlli idi. Az qala hamımız azad bazar iqtisadiyyatına və qanunun aliliyinə söykənən demokratik, hüquqi dövlət qurmağı arzulasaq da, bunun real implementasiyası üçün nə etməli olduğumuzu tam anlamırdıq.

Bəs reallıqda dövlətqurma prosesi necə olmalı idi? Bütün mürəkkəbliyinə baxmayaraq bu proses başlanğıcda sadə mexanizmlərin tətbiqindən başlamalı idi. İlk növbədə də qanunçuluğun bərpasından və qanunun aliliyinin təmin olunmasından, çünki demokratik dövlətin onurğa sütunu qanundur.

Qanun təkcə cəmiyyətdə və dövlətdə deyil, onun hüdudlarından kənarda da istisnasız olaraq bütün münasibətləri tənzimləyən universal mexanizmdir. Qanun – ali mədəniyyətdir. Amma ilk səhvimiz də elə bunda olmuşdu ki, biz qanun və qanunçuluq dedikdə sovet dövrünün biliklərindən və təcrübəsindən yan keçə bilmirdik.

Bu da öz növbəsində uğursuzluğa aparan yol idi. Növbəti mərhələdə isə demokratik dövlət quruculuğunda bu cür modeli artıq mövcud olan ölkələrin təcrübəsinə müraciət etməyə qərar verdik. Həmin qərar düzgün olsa da, onun da tətbiqində səhvlərə yol verdik. Məsələn, biz anlamadıq ki, Azərbaycanda hüquqi dövlətin qurulması ilk növbədə (əksər hallarda isə yalnız) bizim özümüzə lazımdır.

Başqa sözlərlə, özümüzün görməli olduğumuz işi başqalarından umduq və nəzərə almadıq ki, başqaları bizim yox, öz maraqlarını reallaşdırmaq istiqamətində çalışırlar və bu da tamamilə təbiidir. Niyə belə alındı? Fikrimcə, ona görə ki, biz tamamilə yanlış olaraq Azərbaycana maraq göstərən dövlətləri sırf subyektiv (bəzən isə emosional) olaraq dost və düşmən kateqoriyala böldük.

Burada söhbət heç də Azərbaycana qarşı açıq düşmənçilik, işğal, təcavüz siyasəti yürüdən dövlətlərdən getmir. Onlarla bağlı hər şey aydın idi, amma digər dövlətlərə yanaşmada dost və düşmən bölgüsü rasional kriteriyalar deyildi. Siyasət praqmatizm və rasionallıq tələb edir.

Yaşadığımız digər problem isə “böyük qardaş sindromu” oldu. Gücümüzü öz daxili resurslarımıza və ilk növbədə də insan resurslarımıza yönəltmək və cəmiyyətin tarixi-siyasi ənənələrinə söykənən model axtarıb qurmaq əvəzinə mövcud modellərin ən uğurlu nümunələrini özümüzdə tətbiq etmək istədik. Bu isə növbəti yanlışımız idi.

Ona görə yanlışımız idi ki, həmin dövlətlərin müasir modelinə aparan tarixi inkişaf yolu heç cür bizim təcrübə ilə bir araya gəlmirdi. Məsələn, Azərbaycanda ABŞ, Almaniya, Fransa və hətta Danimarka modelini tətbiq etmək mümkün deyil. Bunun üçün ən azı həmin dövlətlərin təcrübəsi, resursları və uzun zaman lazım idi.

Zaman isə amansızcasına bizim əleyhimizə işləyirdi və bu gün də işləməkdədir.

Ölkənin iqtisadi modelini müəyyənləşdirmədən onun siyasi sistemini qurmaq qeyri-mümkündür. Bizdə isə iqtisadi model quruculuğu bazar iqtisadiyyatı terminologiyasının geninə-boluna istismarından uzağa getmirdi.

Siyasi modelin iqtisadi münasibətlər üzərində dominantlığı ölkənin inkişafı üçün ən ziyanlı variant idi ki, bizdə də bu baş verdi. Siyasi hakimiyyətin iqtisadiyyat üzərində hökmranlığı korrupsiya, talançılıq, inhisarçılıq və bunların nəticəsi olaraq siyasi avtoritarizm şəraitində yoxsulluq, daimi sosial gərginlik deməkdir, yəni bügünkü reallığımız.

Nəticədə bütün bu, səmərəsiz diskussiyalat və “testlərlə” başımızı qatmaqla əlimizdə olan digər imkanları da tükəndirdik. Təhsilimiz süquta uğradı, cəmiyyətdə mövcud olan (pis və yaxşı) münasibətlər sistemi pozuldu, ölkənin resursları (ilk növbədə də insan resursları) dağıdıldı və zamanla funksional dövlət qurmaq şansımız durmadan azaldı.

Bu gün də gec deyil, amma həmin prosesə başlamaq üçün yenidən imkanlarımıza və mövcud resurslara istinad etməliyik ki, onlar da start vəziyyətində olduğundan xeyli məhduddur.
Sual olunur ki, vəziyyətimiz bu qədərmi ümidsizdir ki, heç bir şansımız yoxdur?

Xeyr, əlbəttə var və özü də dövlətimizi qurmaq üçün hələ kifayət edər, sadəcə onlardan səmərəli və rasional istifadə etməklə buna nail ola bilərik. Vacib şərtlərdən biri də bu məsələlərə geniş rakursda baxmaq və dərindən yanaşmaqdır.
Necə?
Bu haqda fikirlərimi yazının ikinci hissəsində təqdim edəcəyəm.

(davamı var)

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın