Biz dövlətimizi niyə qura bilmirik? 4-cü yazı: “SSRİ həqiqətənmi dağılıb?” (II hissə)

 

Yazının bu hissəsində başlıqdakı sualın cavabını yenə də müasir dövrümüzdə baş verənlərdə axtarmaqda davam edəcəyəm. Bu da təsadüfi deyil, çünki Azərbaycan Respublikası bir çox əlamətlərilə nəinki müstəqil dövlət təəssüratı bağışlamır, hətta Azərbaycan SSR-dən də daha çox Moskvadan asılı görünür.

Bu dəfə iqtisadiyyat, daha doğrusu onun bəzi aspektləri haqda yazmaq istəyirəm. Uzun illərdir qeyri-neft sektorunun inkişafı barədə boş-boş söhbətlər getsə də, bu sahədə irəliləyiş yox dərcəsindədir. Nəzərə çarpan cüzi inkişaf isə yalnız kənd təsərrüfatı məhsullarının istehsalı sahəsindədir. Başqa sözlə, pomidor-xiyar iqtisadiyyatında.

Amma müasir iqtisadiyyatda sənayenin və texnologiyaların önəmini yəqin ki, kiməsə izah etməyə xüsusi ehtiyac yoxdur. Təbii ki, Azərbaycanı idarə edənlərdən başqa. Belə görünür ki, ölkənin rəhbərliyini zəbt etmiş dəstə ya bilərəkdən, ya da onun əhəmiyyətini anlamadığından istehsal sahələrinə, xüsusilə də sənayenin inkişafına açıq şəkildə mane olur. Bəli, mane olur.

Əks halda zaman-zaman hakimiyyətə bağlı mediada Azərbaycanın iqtisadi inkişafı haqda rusiyalı “mütəxəssislərin” tövsiyyə xarakterli yazılarının dərc olunması ən azı təəccüblü görünməli idi. Əvvəla, onlar bu dərəcədə bilgili və ağıllıdırlarsa, elə gedib öz ölkələrinin iqtisadiyyatını əbədi bataqlıqdan çıxarsınlar.

İkincisi, ümumiyyətlə, niyə Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı hansısa xarici “mütəxəssislər” tövsiyyələr verməlidirlər və üstəlik də həmin dəyərli tövsiyyələr Azərbaycan mediasında yayılmalıdır? Doğrudanmı ölkədə yerli iqtisadiçılar yoxdur və biz kimlərinsə xaricdən tövsiyyələrinə möhtacıq?

Xüsusilə də həmin tövsiyyələrdə birmənalı olaraq yalnız, aqrar sektorun inkişafı önə çəkilirsə. Başqa bir sual da ortaya çıxır: bəlkə bizim tövsiyyələr kimi qəbul etdiyimiz əslində təlimat və tapşırıqlardır? Elədirsə, o zaman bizim analoqu olmayan inkişafımız, müstəqil siyasətimiz barədə nağıllar kimin ağlına hesablanıb?

21-ci əsrin dövlətinə yalnız aqrar sektorun inkişafı nə vəd edir və ümumiyyətlə ölkənin Nazirlər Kabinetində Azərbaycanın iqtisadi inkişafı ilə bağlı nə düşünürlər? Əgər ümumiyyətlə düşünürlərsə əlbəttə. Bu başdan deyim ki, həmin qurumda oturanlar ölkə iqtisadiyyatının inkişafının əvəzinə onun tənəzzülünə çalışırlar və bu, özünü qurumun istisnasız olaraq hər addımında göstərir.

Təsəvvür edin, ölkə iqtisadiyyatı üçün mütəxəssislər yetişdirməli olan Azərbaycan Dövlət İqtisad Universitetində sənayenin və aqrar sektorun inkişafı üçün kadrların hazırlanması üçün zəruri olan ixtisaslar üzrə təhsil ləğv olunub. Nazirlər Kabinetinin 11 fevral 2019-cu il tarixli 45 saylı qərarı ilə ləğv olunan ixtisaslardan biri də “Sənayenin inkişafı və idarə olunması”dır.

Bəla burasındadır ki, “Aqrar sektor inkişafı və idarə olunması” ixtisası üzrə bakalavr təhsili isə ondan da əvvəl ləğv olunub. Ümumiyyətlə, təhsil sahəsinin veteranı olduğu iddia edilən Novruz Məmmədovun baş nazir postunda imzaladığı həmin bədnam 45 saylı sərəncama əsasən təkcə 41 müxtəlif mühəndislik ixtisası üzrə təhsil ləğv olunub (ləğv olunan ixtisasların siyahısının linki şərhdə).

Deyək ki, onların arasında bu gün kəskin ehtiyac olmayan və ümumiyyətlə ehtiyac olmayan ixtisaslar da var, bəs iqtisadiyyatı neftdən və qazdan asılı olan ölkədə “Neft Qaz qurğuları mühəndisliyi” ixtisası üzrə təhsilin ləğv olunmasına nə ad verək? Bəs müharibə vəziyyətində olan ölkədə “Silah və silah sistemlərinin istehsalı texnologiyaları” ixtisası üzrə təhsilin ləğv edilməsinə?

Çox şey sadalamaq olar, amma aydın olan bir məsələdir ki, Azərbaycan müstəqillik əldə etdikdən bu günədək ölkəyə qarşı fəaliyyət göstərən, onun inkişafına məqsədli manelər yaradan və çox yüksək ehtimalla bunun hamısını xaricdən tapşırıqla həyata keçirən “Nazirlər Kabineti” adlı bir mürtəce qurum mövcuddur.

Ən pisi də budur ki, ölkənin müxtəlif hakimiyyət qanadları və ayrı-ayrı nazirlik və komitələri mütəmadi və ya daimi tənqidə, qınağa tuş gəldiyi halda, Nazirlər Kabineti haqda ümumiyyətlə danışılmır, sanki belə bir qurum yoxdur. O isə var və sistemli şəkildə ölkəni çökdürməklə məşğuldur.

Görünən həm də budur ki, Nazirlər Kabineti həmin dağıdıcı fəaliyyətini ardıcıl, sistemli və metodik şəkildə həyata keçirir. Özü də sanki əvvəlcədən dağıdıcılıq işində böyük təcrübəsi olan mütəxəssislər komandası tərəfindən detallı hazırlanıb onlara verilmiş plan üzrə edir bunu.

Həmin “idarəçiliyi”, onun ölkə üçün yaratdığı fəsadları anlamaq üçün isə bu qurumun fəaliyyətini, orada imzalanan sərəncam və qərarları dərindən araşdırmağa xüsusi ehtiyac yoxdur. Elə bütün bu illər boyu baş nazir postunu tutmuş şəxslərin kimliyi xeyli mətləblərdən xəbər verir.

Ölkədə müasir bazar iqtisadiyyatını dərindən bilən xeyli iqtisadçı-alimlər olduğu halda nadir arxeoloji tapıntı olan Artur Rasizadənin, təhsildən xarici siyasətə, oradan isə ölkə iqtisadiyyatını idarə etməyə rotasiya olunmuş Novruz Məmmədovun, “şah əsəri” dağılmış bayraq qülləsi olan Əli Əsədovun baş nazir olduğu ölkədə hansı iqtisadi inkişafdan danışmağa dəyər?

Ümumiyyətlə, hakimiyyətin vurulmuş ən unikal tör-töküntülərinin sürgün edildiyi məkan olan “Nazirlər Kabineti” adlı qurumdan ölkə üçün, onun iqtisadi inkişafı üçün müsbət nəsə gözləməyə dəyərmi?
Məncə də dəyməz!

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın