Birliyimizə qarşı gedənlər kimlərdir

Bu günlərdə düşmən tərəfdən bir nəfərin statusunu oxudum. Yazmışdı ki, Azərbaycanı məğlub etmək üçün iri şəhərləri bombalamaq və çoxlu sayda mülki əhalini qırmaq lazımdır. Əhali qırıldıqca narazılıq artacaq, bunun hesabını hakimiyyətdən tələb edəcəklər. Daha sonra əlavə edir ki, insanların sıx toplaşdığı yerləri nişan almaq və daha çox insan qırmaq lazımdır, nəhayətdə bundan bezən xalq ilə hakimiyyət arasında qarşıdurma yaranacaq, insanlar hakimiyyəti devirmək üçün küçələrə axışacaq və hakimiyyət böhranı yaranacaq. Böhran yaransa Qarabağı əllərində saxlaya bilməyəcəklər və biz bundan istifadə edə bilərik.

Belə belə işlər əzizlərim. Düşmən hiyləgərdir və yaxşı bilir ki, əsas gücümüz birliyimizdir. Düşmən tərəfinin Azərbaycanda siyasi böhran yaratmaqda məqsədi aydındır. Bəs bizim öz içimizdə, müharibənin belə bir qızğın vaxtında hakimiyyətə qarşı təbliğat aparanlar, efirdə söyüş söyməyi siyasi fəaliyyət hesab edənlər nəyə xidmət etdiklərinin fərqindədirlərmi? Bu adamlar niyə müharibənin bitməyini gözləməyib qarşıdurma, çaşqınlıq, ruh düşgünlüyü yaradır? Bütün siyasi partiyalar müvəqqəti olaraq fəaliyyətlərini dayandırıb və hakimiyyəti dəstəklədiklərini bəyan ediblər. Mən özüm də bir vətəndaş kimi bu rejimə qarşı həmişə müxalif olmuşam, amma indi prezidentin mövqeyini, gördüyü işləri bəyənir və ümumiyyətlə müharibə dövründə bu qədər üstünlüyümüz olduğu və dünyanın bizi təklədiyi bir vaxtda hakimiyyətə qarşı çıxmağı çox ziyanlı hesab edirəm. Təbii ki, biz hadisələri izləyirik və yalnışlıq olarsa mütləq fikrimizi bildiririk.

Xalqla hakimiyyət arasında həmrəylik olmasa qələbəmiz mümkün olmaz. Bu həmrəyliyi pozmağa çalışanlar, hərəsi xaricdə bir efir açıb ağzını əyərək guya müxalifətlik edib əslində isə düşmən dəyirmanına su tökənlər ya özlərini fövqəl ağıllı hesab edirlər, ya da bu işi bilərəkdən məqsədli şəkildə edirlər. Qarabağda qələbə dövlətçilyimizin, millətimizin ölüm-qalım məsələsidir və bu qələbəyə mane olanlar ancaq və ancaq düşmənə xidmət edirlər. Ayıq olaq, belə nakəsləri vaxtında ifşa edək. İnşaAllah tam qələbədən sonra yenə də daxili işimizlə məşğul olarıq, indi isə hamımız müharibəni düşünməliyik, prezidenti dəstəkləməliyik, ordumuza hər mənada yardım göstərməliyik. Bizim bu həmrəyliyimizə qarşı gedənlər bizdən deyil, bunu bilin. Allah ordumuzu və birliyimizi qorusun amin.

Yaqut Xəlilova

Bunu paylaş: