Bir insanı öldürə, həyatına son verə bilərsiniz, amma bir fikri yox edə bilməzsiniz

Hörmətli oxucular: Əliyevlər hakimiyyəti zəbt edəndən bu yana Azərbaycanda məhbus problemləri yaranmağa başlamışdır. İlham Əliyev atası Heydər Əliyev kimi hakimiyyəti zəbt etmiş, qeyri leqal yollarla, saxta seçki ilə hakimiyyətə gəlmiş və xalqla amansızca davranaraq, repressiyalara başlamışdır. İlham Əliyev hakimiyyətə gəldiyi 2003-cü ildə xeyli insanı həbsə məhkum etmiş, azadlıqlarını əllərindən almışdır. Lakin hakimiyyətə gəldiyi ilk illərdə xeyli həbslər olsa da sonradan bir müddət ölkədə həbslərə ara verilmişdir. Ancaq hökümət son 8-10 ildir ki, xalqa qarşı yenidən siyasi həbslərə başlamışdır. Artıq müxalifyönlü insanlara qarşı həbslər, təqiblər artmağa başlamışdır. Bu həbslər rejimin xalqa qarşı acımasız silahına çevrilmiş, fasiləsiz mütəmadi şəkildə davam edir. Ölkədə baş verən bütün bu hadisələrə beynəlxalq insan haqqları təşkilatlarının və özünü demokratik adlandıran ölkələrin reaksiyaları, adi soyuq bəyanatlardan, və qınaqlardan başqa bir şey deyildir. Beynəlxalq təşkilatlar sanki ölkədə tapdanan insan haqqlarını tanımaqda tərəddüd edir və Əliyev hakimiyyəti ilə əlaqələri pozmamaqda maraqlıdır. Bu gün xalq artıq ölkədə baş verən özbaşınalıqlardan, hökümətin yürütdüyü qeyri-demokratik, primitiv siyasətdən yorulmuş və bezmişdir. Artıq xalqın səbri tükənmişdir. Xalq sabaha ümidlə baxmaq istəyir. İnsanlar həyatlarını təhlükəyə ataraq azğın rejimə qarşı dirəniş göstərir, başqa yol görmürlər. Misal üçün Tofiq Yaqublu, Elvin İsayev, Asif Yusifli və digər 100-lərlə siyasi məhbuslar şərlənərək həbsə atılmışlar. Diktator İlham Əliyev xalqın azadlıq ruhunu, demokratik cəmiyyət istəyini şərlədərək həbs edir. Lakin İlham Əliyev unudur ki, xalqın azadlıq ruhunu heç bir zaman öldürə bilməyəcəkdir. “Möhtərəm” İlham Əliyev, siz insanları öldürə, həbs edə, həyatına son verə bilərsiniz, lakin insanların “demokratik cəmiyyət” fikrini, arzusunu heç zaman məhv edə bilməzsiniz! Siz buna nail ola bilməyəcəksiniz. Çünki bugün ölkədə azad ruhlu, heç bir partiya və ya təşkilat üzvü olmayan, sizə nifrət hissi bəsləyən minlərlə gənclər yetişir və mübarizə aparırlar. Siz hökümət olaraq bütün xalqı şərləyərək həbsə ata bilməzsiniz. Gec və ya tez xalq öz azadlığına qovuşacaq və bu əsarətə son veriləcəkdir! Ölkəmizin utanc yeri, üz qarası olan siyasi məhbus problemlərinə son verməli, azad fikirli insanlara qarşı təziqləri, təqibləri qeyri-şərtsiz durdurmalısınız! Siz- İlham Əliyev, istəsəniz də, istəməsəniz də Azərbaycana demokratiya, azad şəffaf, bərabər hüquqlu cəmiyyət gələcəkdir. Yeni-yeni gənclər, yeni nəfəslər zəbt etdiyiniz bu ölkəni, xalqı aydın sabaha götürəcək və xalqı ailə hakimiyyətinin əsirliyindən qurtaracaqdır. Və sonda Tofiq Yaqublu, Elvin İsayev başda olmaqla digər siyasi məhbuslarımıza azadlıq diləyilə: Azad gələcək bizimlə gələcək!

İmza; Əziz Əzizli

Bunu paylaş: