Bir gəncin harayı.

 

Sistem çürük olanda xalqın nə müəllimə hörməti olur, nə ziyalıya, nə alimə, nə yazıçıya, nə psixoloqa və s. O gün efirdə bir alim danışır. Çox savadlı, intellektual söhbətlər edirdi. Mövzu siyasətdən düşəndə başladı ölkədəki sabitlikdən, xalqın toxluğundan, seçkilərin demokratikliyindən danışmağa. O boyda alim gözümdə heçə döndü. Yaxud, ziyalı nəyə görə ziyalı hesab olunur? Həqiqətə münasibətinə görə. Təsəvvür edin, hansısa ziyalı​ AZTV-də danışır. Əvvəla, sən AZTV-də hansı həqiqəti deyə bilərsən?! Dünən saxta seçkiyə demokratik don geyindirən bir kanal bu gün mənə koronavirusdan qorunmağın yolların öyrədir. Nə bilim, bunu da yalan demirsən? Hə, ziyalı, sən çıxıb efirdə nə danışa bilərsən? Seçkidən bir sual verərəm, cırıq-cırıq olarsan, mahiyyətin ortaya çıxar. Eyni zamanda müəllim. Mənim övladım döşlərinin arasından bülleten çıxaran müəllimdən nə tərbiyə alacaq?! Nə öyrənəcək?! Psixoloq. Mırta bir-iki siyasi-psixoloji sual verirsən, qorxusundan az qala dili batır. Şairdir. Xeyli yaxşı şeirləri də var. Di gəl ki, fəxri addan, təqaüddən ötrü girmədiyi deşik qalmayıb. Sistem çürükdür deyə ölkənin şairinə, yazıçısına, aliminə, ziyalısına, söz adamına inanan, hörmət qoyan yoxdur. Çünki heç biri həqiqəti öz çılpaqlığı ilə deyə bilmir, qorxur, bir tikə çörəyin, balaca bir iş yerinin quludur, camaat da bunu görür, bilir. Adamları da qınamıram. Öz mənəvi dünyalarını meyxana yarışmaları, gic-gic Mikayıl şoular, Zaur Kamallar, Ay Zaurlar, Toliklər, Bayram Nurlularla qidalandıran bir cəmiyyətdə qəhrəman axtarışına çıxmaq və Xatirə Cəbrayılova, Yaqut Xəlilova kimi mərd xanımları tapıb, kütlə psixologiyası ilə mübarizə aparmaq çox çətindir. Qəsdən elə bir cəmiyyət yaradıblar ki, qoy həqiqət ortalıqda bambılı kimi görünsün. Vicdanı adamın üstündə narkotik maddə kimi tuturlar. Yoxdur, ziyalı yoxdur. Yaltaqdırlar, girənşikdirlər, şəxsiyyətsizdilər. Yaltaq olmayanı, şəxsiyyətini satmayanı da acından öldürürlər, süründürürlər, bir tikə çörəyə möhtac edir, dolanışığa uduzdururlar. Ağır dərddir…

Bunu paylaş: