“Baza prinsipləri” oyunu davam edir

Prezidentin hər müsahibəsində baza prinsiplərini vurğulaması çox narahatlıq doğurur. Bir az əvvəl də bu haqda yazmışdım. Deməli bu prinsipə görə Qarabağda yaşayan ermənilər geri qayıdır və sonra öz statuslarını müəyyən edirlər; və eyni zamanda erməni əhalisi üçün Laçın dəhlizi açıq saxlanılır. Biz öz torpağımızı azad etdikdən sonra qalib tərəf kimi niyə bu güzəştlərə getməliyik? Çox qəribədir ki, erməni tərəfi haqsız və məğlub olsa da daha çox güzəşt tələb edir.

Mən prezidentə xatırlatmaq istəyirəm ki, biz onun indiyə qədər xalqa qarşı olan haqsızlığını unutmamışıq. Tovuz hadisələrindən sonra xalqın qəzəbi və vəhdəti Rusiyanı, bir çoxlarını və hakimiyyəti də qorxuya saldı və bu qorxu səbəbilə İlham Əliyev müharibəyə başladı. Biz dövlətçiliyimizi və torpaqlarımızı qorumaq məqsədi ilə prezidenti müdafiə etdik. Müharibəni sona qədər qələbə ilə başa vurana qədər, heç bir güzəştsiz torpaqlarımız tam azad olana qədər prezidentin arxasındayıq, yetər ki, sözünün üstündə dursun. Necə deyərlər vuruşmaq, can vermək bizdən, sözünün üstündə durmaq ondan.

İndi bu ,,baza prinsipləri” adı ilə hansı oyunlar gedir? Qalib tərəf olaraq niyə biz hansısa güzəştə getməliyik? İlham Əliyev, sənin dərdin hakimiyyət dərdidir, bilirik. Sözünün üstündə dur, heç bir güzəştsiz bu işi sona çatdır, biz də səni sona qədər dəstəkləyək. Əks tədqirdə bizə xain prezident lazım deyil. Yaxşı düşün, sonra gec olmasın.

Bu qədər danışıqlar gedir və ancaq ermənilərə güzəştlərdən danışılır, Ermənistandan qaçqın düşmüş yüzminlərlə soydaşımızın yenidən öz ata-baba yurdlarına qayıtmasından söz açılmır, tələb qoyulmur. Belə iradlar çoxdur, xalqın səbri ilə oynamayın.

Yaqut Xəlilova

Bunu paylaş: