Baş verənlərə sadə baxmayaq

 

Məncə Azərbaycan-Ermənistan sərhəddində (Zəngəzurda) baş verənlərə sadə baxmayaq, çünki bunun arxasında çox məkrli planlar dayana bilər.

Əvvəl də dəfələrlə qeyd etdiyim kimi, 2020-ci ilin iyulundan başlayan və İkinci Qarabağ Müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə bitən savaşda Rusiyanın öz marağı var və bu, Yaxın Şərqə çıxış əldə etməkdir. Rusiya da bunu 3 istiqamətdə əldə edə bilər:

1. Dağıstan – Azərbaycan (Yalama – Astara) – İran;
2. Ermənistan – Azərbycan (Cəbrayıl) – Xudafərin) – İran;
3. Ermənistan – Azərbaycan (Naxçıvan) – İran.

Yaxın Şərqdəki bugünkü durum Rusiyanı tələsməyə vadar edir və Lavrovun səfəri zamanı müzakirə olunan məsələlərdən biri də bu, ola bilərdir. Birinci və ikinci istiqamət Azərbaycanın maraqlarına cavab vermir, çünki bu halda ölkə həm hədəfə gələ bilər, həm onun suverenliyi məhdudlaşır, həm də birmənalı Rusiya müttəfiqi olur.

Üçüncü yol Rusiya ilə Azərbaycanın maraqlarının üst-üstə düşdüyü bizim üçün nisbətən ağrısız varint ola bilər. Amma bu, yalnız ilk baxışdan belə görünür, əslində isə bizim üçün tələ ola bilər və yüksək ehtimalla da belədir.

Bədnam 10 noyabr bəyanatınıdakı 9-cu bənd də elə bu məsələyə dair idi, amma indi Ermənistan həmin bəndi sabotaj edir, çünki Zəngəzurdan dəhliz verilməsi həm onun üçün suverenliyin məhdudlaşması deməkdir, həm də qarşıdan gələn seçkidə Paşinyanın tam əleyhinə işləyərdi.

Odur ki, məsələnin Lavrovun səfərinin ardınca aktuallaşması heç də təsadüfi görünməməlidir. Amma burda da müəyyən suallar var. Məsələn, deyək ki, Azərbaycan (Əliyevin dediyi kimi) həmin dəhlizi hərbi güc yolu ilə açdı, o zaman Qərbin birmənalı bizə qarşı olacağı öz yerində, Rusiya hansı mövqeyi tutacaq?

Variant 1: Rusiya buna göz yumur, çünki marağı belə tələb edir;
Variant 2: Bu, Rusiyanın yuxarıda qeyd etdiyim kimi Azərbaycana qarşı tələsidir. Azərbaycan Ermənistana müdaxilə edən kimi Moskva KTMT üzvü olan müttəfiqini müdafiə edir və Azərbaycan təkcə Zəngəzurda yox, Qarabağda da məğlubiyyətə uğradılır. Son nəticədə də Rusiya Xudafərin yoluna nəzarəti əldə edir.

İkinci variant birincidən daha inandırıcı görünür. Həm ona görə ki, KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) onsuz da dağılmaq təhlükəsi ilə üz-üzədir və Rusiya Ermənistanı müdafiə etməzsə, dağılma sürətlənəcək. Bu da öz növbəsində NATO-nun birbaşa və ya dolayısı ilə Rusiya sərhədlərinə bir qədər də yaxınlaşması deməkdir.

Birinci variant həm də ona görə inandırıcı görünmür ki, Naxçıvan – İran yolundan yararlanmaq üçün Rusiya hər bir halda Ermənistandan və üstəlik də Gürcüstandan keçməlidir. Ermənistanı bu məsələdə qurban vermək isə faktiki onu itirmək deməkdir. Deməli, bu halda Naxşıvan yolu da öz əhəmiyyətini itirir.

Gürcüstanın Rusiya planlarına dair mövqeyinin tam aydın olmadığını da bura əlavə etdikdə, belə çıxır ki, Zəngəzurda qarşıdurmada Rusiya maraqlıdır və bu, həqiqətən Azərbaycan üçün tələdir. Bu da məlumdur ki, Azərbaycan Zəngəzura nəzarəti ələ götürərsə Paşinyan məğlub olacaq və onu Koçaryan əvəzləyəcək.

 

Ardınca da Moskva xilaskar kimi Ermənistanın müdafiəsinə qalxaraq həm ermənilər arasında itirilmiş nüfuzunu bərpa edəcək, həm də öz emissarı Koçaryanın (daha doğrusu, özünün) mövqeyini möhkəmləndirəcək. İtirən isə biz olacağıq, odur ki, küyə gedib özümüzü aldatmamalıyıq.

Bütün bu, məsələlər düşündüyümüz (daha doğrusu, düşünmədən sevindiyimiz) qədər də sadə və birmənalı deyil.

Ərəstun Oruclu.

Bunu paylaş: