Bədənində qəlpə, qəlbində vətən sevgisi gəzdirən insan

 


Elə insanlar var k, i nə zaman, nə də zaman daxilindəki sayı bilinməyən hadisələr, olaylar həmin insanları sənin xatirəndən, yaddaşından silib-qoparda bilmir. Mənim üçün belə insanlardan biri Tahirə xanımdır – Vətənin qeyrətli və mərd qızı Tahirə Məsimzadə.
Tahirə xanımla tanışlığımın tarixçəsi ötən əsrin doxsanıncı illərinə, gözəl və əsrarəngiz Şuşamızın işğalından əvvəlki illərə gedib çıxır. Tahirə xanım bir dəstə özü kimi vətənpərvər qızla birlikdə Vətənin müdafiəsinə qalxmışdı.Onlar könüllü tibb bacıları kimi o vaxt üçün Azərbaycanın ən gərgin yeri olan Şuşaya gəlmişdilər. Mən çox sonralar öyrəndim ki, sən demə heç Tahirə xanımın peşəkar tibbi təhsili də yox imiş.Əvvəlcə o cəbhəyə sıravi əsgər kimi vuruşmağa gəlmək istəyib. Hərbi komissarlıqda buna icazə verməyiblər.Tibb bacısı kimi gəlmək istəyib. Tibbi təhsili olmadığı üçün bu da alınmayıb. Bundan sonra Tahirə xanım bir illik tibb bacısı kursu keçmək məcburiyyətində qalıb. Nəhayət, təhsilini bitirən kimi özü kimi bir dəstə qızla birlikdə cəbhəyə yollanıb. Səhv etmirəmsə, 20 nəfərdən ibarət bu dəstənin başçısı da elə Tahirə xanımın özü idi.
1992- ci ilin fevralında Tahirə xanım öz rəfiqələri – tibb bacıları ilə birlikdə Şuşaya gəldilər. Mən onda Şuşanın hərbi komendantı idim. Ağır və gərgin günlər idi. Xalqın qeyrətli oğulları hələ formalaşmamış milli ordunu əvəz edirdi. Silah-suüsat çatışmazlığı, nizami ordunun formalaşmaması, özünümüdafıə batalyonlarında intzamın arzuolunan səviyyədə olmaması, üstəlik respublikadakı gərgin siyasi vəziyyət şəhərin müdafiəsini çətinləşdirən amillər idi. Amma heç bir çətinlik bu gənc tibb bacılarına öz işlərini vicdanla yerinə yetirməyə mane ola bilmirdi. Tahirə xanım və rəfiqələri hər gün əsgər qardaşlarının yanında idilər. Onları cəbhənin ən gərgin və təhlükəli zonalarından uzaqlaşdırmaq mümkün deyildi.Çünki onlar Vətənin bu təhlükəli yerinə öz qəlblərinin çağırışı ilə gəlmişdilər. Tam məsuliyyətimlə deyirəm ki, Tahirə xanım kimi qızlarımızın şücaəti əsgərlərimizin döyüş ruhunu birə-beş qaldırırdı. Çünki bu qeyrətli oğlanların yanında geyrətli və heç nədən qorxmayan qızlar var idi. Çox sonralar bildim ki, tibb batalyonunun üzvü olan bu mərd xanımların neçəsi öz azyaşlı övladlarını əzizlərinin yanında qoyub döyüş bölgəsinə gəlmişdilər. Bu, sözlə ifadə ediləsi mümkün olmayan, qürurverici bir hərəkətdir. Bu, Vətən sevgisinin övlad sevgisindən üstünlüyünün əyani timsalıdır. Bir şey məni indiyəcən çox ağrıdır. Tahirə xanımın rəhbərlik etdiyi tibb batalyonu Xocalı faciəsinin yaralarını aradan qaldırmada birbaşa iştirak etdi. Qadınların belə vəhşilikləri öz gözləri ilə görməsi çox ağır, dözüləsi mümkün olmayan bir haldır. Təəssüf ki, Tahirə xanım bu faciəni də gözləri ilə görmək, bədənində gəzdirdiyi qəlpələrlə birlikdə qəlb ağrısı kimi ölənəcən yaşamaq zorunda qaldı.
Vətən müharibəsində neçə belə qızlarımız şəhid oldular. Neçəsi ölümlərindən sonra Milli Qəhrəman adına layiq görüldü. Tahirə xanımın özü də neçə dəfə yaralandı, qəlpə yarası aldı. Yaddaşım məni aldatmırsa, elə bədənində qəlpə ola-ola o öz vəzifəsini axıra qədər yerinə yetirdi.
Sonralar eşitdim ki, Tahirə xanımın oğlu da Qarabağ savaşına qatılıb, mərdliklə vuruşub. Başqa cür ola da bilməz; mərd oğulları yalnız mərd qadınlar dünyaya gətirə bilər.
Neçə illərdir ki, Tahirə xanımı görmürəm.  Eşitdiyimə görə indi Vətəndən uzaqda,  Türkiyədə yaşayır. Türkiyəni özünə ikinci vətən seçib. Əslinə baxanda, Türkiyə elə hamımızın Vətənidir. Vətənin isə birincisi, ikincisi olmur. Zərrə qədər şübhə etmirəm ki, Tahirə xanım dünyanın harasında olur-olsun, onun qəlbi daim Azərbaycanla döyünür.

Əslinə baxanda, elə Vətənin özü də belə ləyaqətli övladları hesabına ayaqdadır və Tahirə xanım kimi övladları durduqca, Vətən də duracaq. Hər ikisinə uca yaradandan daim ucalıq arzusu ilə

Azərbaycan Respublikasının keçmiş Müdafiə naziri
Rəhim Qazıyev.

 

Bunu paylaş: