“Azərbaycansayağı” məhkəmə-hüquq islahatı

 

Əsası Qədim Romada qoyulmuş və 3 min il tarixə malik olan “Məhkəmədə nümayəndəlik hüququ” institutunu ölkəmizdə əhəmiyyətsiz, “sivil hüququn prinsiplərinə yamaq” hesab edərək ləgv edilməsinin 3 ili tamam oldu.. Bununla da, ölkədə müdafiə institutunun inhisara götürülməsi, vətəndaşların hakim rejimin özbaşınalıqları qarşısında tərksilah olunması prosesi başa çatdırılmış oldu. Bu da, adlanır “azərbaycansayağı” məhkəmə-hüquq islahatı.
Bu “islahatla” bağlı 2018-ci ilin avqust ayının 10 da yazdığım statusu nəzərinizə çatdırmağı qərara aldım. Qiymətli vaxtınızı sərf edib oxuduğunuz üçün əvvəldən təşəkkürümü bildirirəm.
-Bu gün Vəkillər Kollegiyasının üzvləri olan 2 vəkillə birlikdə üçümüz bir vətəndaşın hüquqlarının müdafiəsini həyata keçirirdik. Məhkəmədə danışmaq hüququm hörmətli cənablar Fikrət Məmmədov, Ramiz Rzayev və Ziyafət Əsgərov üçlüyü tərəfindən əlimdən alındığından ( 7 min nümayəndə ilə birlikdə ağzımız skoçlanıb) əl-ayaq işarələri ilə gənc vəkilləri başa salır, onlar da, mövqeyimizi məhkəmənin nəzərinə çatdırmağa çalışırdılar.

Nəhayət, bütün bunlardan təngə gələn və vəkillərin izahatından heç cür məsələnin mahiyyətini anlaya bilməyən hakim mənə söz vermək məcburiyyətində qaldı. Bir neçə cümlə ilə mübahisənin mahiyyətinı hakimin diqqətinə çatdırdıqdan sonra, hakim prosesi bitirərək, qanuni qərar çıxardı.

Maraqlısı bundan sonradır, ardını oxuyun.
Bayıra çıxanda bu prosesləri kənardan izləmiş bir vətəndaş mənə yaxınlaşaraq, Əziz Nesinin Avropada cərrahların Konqresi barədə olan bir hekayəsini nağıl etdi. Hekayənin məzmunu belədir ki, cərrahların konqresində çıxış edənlər insanın ürək, böyrək, ciyər və digər mühüm orqanları üzərində həyata kecirdikləri unikal və mürəkkəb cərrahiyyə əməliyyatlarından danışıb, özlərini öyürlər. Axırda söz verilir, zalın kənarında oturub, mürgüləyən türk cərraha. O da bildirir ki, mən pasientimin çox mürəkkəb olan boğaz vəzilərinin (qlandaların) kəsilməsi əməliyyatını müvəffəqiyyətlə həyata keçirmişəm. Konqres iştirakçıları təəccüblənirlər ki, boğaz operasiyasında mürəkkəb və çətin sayıla biləcək nə ola bilər ki, siz bununla fəxr edirsiniz. Türk cərrah da cavab verir ki, nəzərə alın ki, mənim xəstəm siyasi məhbus olduğundan, ağzi bağlı olub və mən cərrahiyyə əməliyyatı yerinə, bədənin ağız boşluğundan ən uzaq, digər bir deşiyindən yol tapıb daxil olmuşam.

Namizəd Səfərov.

Bunu paylaş:

Bir cavab yazın