Avtoritar hakimiyyət, Əli Oğuzu susdurmaq üçün, müxtəlif qanunsuz üsul və vasitələrə əl atır

“AZƏRBAYCAN XALQ HƏRƏKATI”
SİYASİ – İCTİMAİ BİRLİYİNİN

BƏYANATI

Avropa birliyi ərazisində, Almaniyada fəaliyyət göstərən siyasi bloger və “Oğuz TV” internet televiziyasının aparıcısı Əli Oguzun (Əli Həsənəliyev) apardığı siyasi fəaliyyət Azərbaycanın anti-demokratik və avtoritar hakimiyyətini narahat edir və rejim Əli Oğuzu susdurmaq üçün müxtəlif qanunsuz üsul və vasitələrə əl atır.

Son bir neçə ay ərzində Əli Oguz (Əli Həsənəliyev) Azərbaycan Hakimiyyəti tərəfindən idarə olunan cinayətkar qruplar, xüsusilə də, müxalifət adı altında Avropada siyasi sığınacaq alaraq mühacir alveri ilə məşğul olan bir qrup şəxs və ayrı-ayrı kriminal ünsürlər tərəfindən təqib olunur və ölumlə hədələnir.
Eyni xarakterli təhdid və təqiblər, ölümlə hədələmələr başqa bir bloger Laçın Məmişova qarşı da edilir.
Gürcüstan Respublikasının vətəndaşı, kriminal aləmdə “qanuni oğru” kimi tanınan “Lotu Qulu” ləqəbli Nadir Səlifov adlı şəxs 20 avqust 2020-ci ildə Türkiyənin Antaliya şəhərində qətlə yetirildikdən sonra, bəzi məlumatlara görə İngiltərənin London şəhərində yaşayan, kriminal aləmdə özünü “qanuni oğru” kimi təqdim edən “Roma Opasnıy” ləqəbli Azərbaycan vətəndaşı Rahim Namazov adlı şəxs Əli Oguza (Əli Həsənəliyev) telefon vasitəsi ilə, açıq nömrədən mesaj göndərmiş, “Nadir Səlifovu yola saldıqlarını, növbənin onun və Laçın Məmişovun olduğunu” bildirmiş, açıq şəkildə ölümlə hədələmişdir.

“Azərbaycan Xalq Hərəkatı” siyasi-ictimai birliyi hər iki blogerin taleyindən narahat olduğunu bildirir.
Azərbaycan rejiminin, eləcə də müxtəlif şəxslərin və qrupların siyasi-blogerlərə qarşı tətbiq etdikləri mübarizə üsullarını pisləyir, onların təqib olunması və ölümlə hədələməsini yolverilməz hesab edir!
AXH qeyd edir ki, siyasi-blogerlər Əli Oguz (Əli Həsənəliyev) və Laçın Məmişova qarşı törədilən əməllər “Ümumdünya İnsan hüquqları Bəyannaməsi”ndə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında təsbit edilən “Yaşamaq hüququ”(maddə2), “İşgəncələrin qadağan olunması” (maddə 3), “Fikir, vicdan və din azadlığı” (maddə 9), “Fikri ifadə etmək azadlığı” (maddə 10) kimi hüquq və azadlıqlara ziddir və onların yaşadıqları ölkələrin, Almaniya və İngiltərənin dövlət orqanları tərəfindən bu qanunsuz əməllərin qarşısı dərhal alınmalı, təqsirkar şəxslər müəyyən edilərək məsuliyyətə cəlb edilməlidirlər.
“Azərbaycan Xalq Hərəkatı” siyasi-ictimai birliyi İngiltərə və Almaniya dövlətlərindən Əli Həsənəliyevin (Əli Oğuz) və Laçın Məmişovun həyati təhlükəsizliyinin təmin olunmasını xahiş və tələb edir.

Bunu paylaş: