Azərbaycanda siyasi dialoqdan söz gedə bilməz

 

Azərbaycan Respublikasının Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mətbuata maraqlı çıxışı ilə yadda qalmışdır. Əziz dostlar, xahiş edirəm, bu yerini diqqətlə oxuyasınız; Ədalət Vəliyevin sözlərinə görə İlham Əliyevin apardığı islahatlar nəticəsində Azərbaycanda sağlam, sivil qaydada “İqtidar və Müxalifət” dialoqu yaranmışdır. PA-nın şöbə müdirinin sözlərinə görə, müharibə vaxtı demək olar ki, bütün partiyalar İlham Əliyevin ətrafında birləşərək ona dəstək vermişdilər. Bu cür insanlar ölkənin siyasi elitasını təşkil edirlər, baxın, necə özlərini biabır edirlər.

Birincisi: 44 günlük müharibə zamanı siyasi partiyalar və xalq ordumuzun, əsgərlərimizin ətrafında birləşmişdi.
İkincisi: Ədalət Vəliyev, əgər siz belə düşünürsünüzsə, bəs niyə müharibədən bir neçə ay əvvəl “Qarabağ mitinqi” zamanı insanlarımızı həbs elədiniz?
Üçünçüsü: hakimiyyət iqtidar – müxalifət dialoqundan danışdığı bir vaxtda, niyə Azərbaycan Milli Məclisində bir nəfər də olsun müxalif (Yaltaqlar çıxmaq şərtilə) deputat yoxdur?

Hələ də anlamıram ki, İlham Əliyev və onun komandası hansı dialoqdan danışır. İlham Əliyevin hakimiyyəti dönəmində, yəni 18 il ərzində cəmi bir – iki dəfə “müxalifət-iqtidar” görüşməsi baş tutmuşdur. Bu görüşlər isə beynəlxalq qurumların tələbi ilə icra olunmuşdur. Bütün bu tip görüşlər isə hər zamankı kimi nəticəsiz qalmışdır.
İllərdir ölkəmizdə iqtidarın bilərəkdən müxalifətlə dialoq yaratmamasının səbəbi isə sadəcə qorxudur. Belə vəziyyət isə Azərbaycanda demokratiyaya böyük ziyan vurmaqdadır. Hər halda, başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da İqtidar, müxalifətin maraqlarını nəzərə almalıdır. Çox təəssüf ki, bizim ölkədə belə şeylər yoxdur.
PA-söbə müdiri Ədalət Vəliyevə bildirmək istərdik ki, iqtidar müxalifət nümayəndələrini həbs etdirdikdə, müxalifət namizədlərini Milli Məclisdən kənarlaşdırdıqda, azad mitinq keçirmələrini əllərindən aldıqda sonra hansı  siyasi dialoqdan söz gedə bilər?

Mikayıl Əsədov.

Bunu paylaş: