Azərbaycanda Parlament buraxılsa, deməli, İlham Əliyev “Şərq Tərəfdaşlığı”na inteqrasiya yolunu seçib

 

Son vaxtlar Azərbaycanda Parlamentin buraxılması ilə bağlı söz-söhbətlər ara vermir. Bəs niyə Parlament buraxılır və İlham Əliyev islahatlara getmək istəyir?
“Hər şey Avropa İttifaqının sədri Şarl Mişelin Qafqaz səfərindən başladı”,- desək, yanılmarıq. Bu səfər çərcivəsində Azərbaycanda olan Aİ-nin sədri İlham Əliyevlə görüşdə Qarabağın siyasi yolla ölkəmizin xeyrinə verilməsini dəstəklədiyinin şahidi olduq. Şarl Mişelin Qafqaza səfərinə isə ilk reaksiya Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovdan gəldi. O, çıxışında Rusiya ilə yaxşı münasibətdə olan ölkələrə Qərb tərəfindən şərt qoyulduğunu açıq şəkildə qeyd etdi. Yəni İlham Əliyevin yürütdüyü balans siyasəti yox, Qərb və ya Rusiyaya inteqrasiya etmənin, iki seçimdən birini seçmənin vaxtı yetişmiş oldu.

İkinci etiraz isə Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovskidən gəldi. O, açıq şəkildə Azərbaycanı və İlham Əliyevi təhdid edərək, hakimiyyətdə qalmağının qarantının Kreml olduğunu bildirdi.

Lakin son vaxtlar ordu sıralarında və digər strukturlarda Rusiyameyilli qüvvələrin İlham Əliyev tərəfindən vurulması və yaxud yer dəyişməsi Qərbə ilk addım kimi dəyərləndirilə bilərmi?

Bu gün Qərb Azərbaycandan cavab gözləməkdədir.

Qarabağ müharibəsində Qərbin açıq şəkildə Azərbaycanı dəstəklədiyinin şahidi olduq. Ermənistana sözdə dəstək olsalar da, reallıqda Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi üçün göz yumdular. Bu səbəbdən Avropa İttifaqının Azərbaycanı Qarabağ müharibəsi zamanı dəstəklədiyini gördük. Digər tərəfdən isə rəsmi Bakı Avropanın əsas enerji tərəfdaşlarından biri sayılmaqdadır. Gələcəkdə Türkmənistan və Azərbaycan Avropa qaz yatağından Rusiyanı sıxışdırıb çıxara bilər.

İndi isə Azərbaycanda olan Rusiyanın əsas agenturası, yəni 5-ci kolonundan söhbət açaq. İlk öncə Azərbaycan Milli Məclisinin 99 %-in Rusiyameyilli olduğunu görə bilərik. Ramiz Mehdiyevdən sonra əsas idarəcilik Sahibə Qafarovanın nəzarətinə keçmişdir. Qərbyönlü Türkiyə amili də burda rol oynaya bilər.

Yəqin İlham Əliyev Qərbdən böyük dəstək almışdır ki, rus siyasətindən uzaqlaşmaq istəyir. Bir neçə gün əvvəl Fransa prezidenti Emanuel Makron və İlham Əliyev arasında telefon danışığı da Qərbin Azərbaycandakı siyasətinə təsir edə bilər.

Əgər Azərbaycanda Parlament buraxılsa, deməli, İlham Əliyev “Şərq Tərəfdaşlığı” yolunu seçmişdir. Azərbaycanın üstünlüyü Qərbin Gürcüstan və Ukraynadakı siyasəti kimi olmayacaqdır. Şimaldan gələn təhlükəyə qarşı ən azından bizi Türkiyə müdafiə edəcəkdir. Bu səbəbdən İlham Əliyev Rusiyadan canını qurtarmaq üçün əminliklə 5-ci kolonu ölkəmizdən çıxara bilər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın