Azərbaycana qarşı böyük oyun başlayıb?

Hörmətli Azərbaycan xalqı,  son vaxtlar Azərbaycan uğrunda böyük güclərin mübarizəsinin şahidi oluruq desək,  yanılmarıq. İran, Rusiya, Çin və Qərb Qafqazda, əsasən də Azərbaycan uğrunda siyasi, diplomatik vəziyyəti gərginləşdirməkdədirlər.

Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyevin Amerika və Fransaya qarşı verdiyi açıqlaması, İranın isə bizə qarşı təhdid dolu çıxışları buna bir sübutdur. Vətəndaşlarımızın arasında çoxları bunu anlamasa da,  vəziyyətin nə yerdə olduğunu siyasətçilər yaxşı görür.

Fikir versək görərik ki, Mollalar son bir neçə həftədə Azərbaycanın ərazi bütövlüyünə siyasi dildə hücum etməyə başlayıblar. Digər tərəfdən Hikmət Hacıyevin dili ilə desək, Amerika və Fransa ölkəmizin ərazi bütövlüyünə şübhə ilə yanaşmaqdadır. Görünür,  son zamanlar bölgədə türk dövlətlərinin əlaqələrinin artması İran, Rusiya, Çin birliyini olduğu kimi,  Avropa və Amerika birliyini də narahat etməyə başlamışdır.

Bu gün İranın  ortada aktyor rolunu görsək də, problemin yaranmasının arxasında Çin və Rusiyanın da payı olduğu dəqiqdir. Qərb də öz növbəsində üzdə Azərbaycanı dəstəklədiyini dediyi halda, reallıqda bunun əksini göstərməkdədir.

Molların mövqeyi başa düşüləndir, işğal etdikləri Azərbaycan torpaqları və əsir saxladıqları 40 milyona yaxın azərbaycanlının  geci-tezi ayrılacağından qorxur.

Qərb isə, Qafqazda yaratdığı siyasətin məhv olmasından çox narahatdır. 44 günlük müharibədən sonra, erməni dövləti demək olar ki, çökmək ərəfəsindədir. Qərbin də qorxusu elə bundan irəli gəlir ki, Ermənistan Azərbaycan və Türkiyə rəqabətinə tab gətirə bilmir və süqut etmək təhlükəsi ilə üzləşib.

Bu gün bölgədə Türkiyənin və Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi dünya güclərini narahat edir. Elə hər tərəfdə təxribatlara əl atanların da məqsədi Türk Birliyinin genişlənməsinin qarşısını almaqdır.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın