Azərbaycan – okeanda yolunu azmış gəmi

 

Azərbaycanı okeanda yolunu azmış gəmiyə bənzədirəm. Bu gəminin azmağında və yolunu tapmamağında maraqlı olan qüvvələr var. Bu qüvvələr gəmini ələ keçirmək, dövlətinə sahib olmaq, sərnişinlərini isə kölə kimi itaətdə saxlamaq istəyirlər. Gəmini idarə edən komanda da bu qüvvələrin diktəsi ilə hərəkət edir, çünki gəminin içində bu kənar qüvvələrlə əlaqədə olan başqa komandalar da var və gəminin kapitanı və onun ətrafı gəminin yad əllərə düşməsindən deyil, gəmidə tutduğu mövqeyini itirməsindən qorxub kənardan gələn göstərişlərə müticəsinə riayət edir.

Bir sözlə, gəminin sükanı yad əllərdədir.

Bəs bu gəminin sərnişinləri nə düşünür? Onları hansı fəlakətin gözlədiyindən xəbərləri varmı? Bir qisim sərnişinlər aktiv ya passiv şəkildə narahat olduqlarını, gəmini idarə edənlərin yolu hələ də tapa bilmədiyinə görə narazılığını bildirirlər. Kənar qüvvələrə işləyən komandalar bu sərnişinləri inandırmağa çalışır ki, idarəetmə onların əlinə keçsə hər şey öz yoluna düşəcək. Sərnişinlərdən belə komandalara inananlar var, amma belə komandaların sayı çox olduğu üçün sərnişin biçarələr kimə inanacaqlarını bilmirlər.
Sərnişinləri bu fitnələrdən agah edənlər də var, amma düşmən hər vəchlə belələrini gözdən salır və çaşqınlıq yaradır.

Onlar bilmir ki, bu komandaların hansına etibar etmək olar. Kənar-düşmənlər üçün isə fərq etməz, bütün komandaların ipi əlindədir, kapitan dəyişsə də gəminin sükanı yenə də əllərində olacaq.

Sərnişinlərin əksəri isə bu olaylara biganədir, onları nəyin gözlədiyinin fərqində belə deyil. Gəmidə idarəetməni ələ keçirmək uğrunda münaqişədə olan bu komandalar sərnişinlərin böyük kütləsinin nə vaxtsa bu olaylara reaksiya verməsindən və onları bu cür oynatdığı üçün qeyzlənib hamısını gəmidən okeana tullayacağından çox qorxurlar. Buna görə gecə-gündüz yalanlar danışır, özlərini xilaskar kimi göstərməyə çalışırlar.

Bax beləcə, Azərbaycan adlı gəmi okeanda yolunu azmış vəziyyətdə, sükanı yad əllərdə sularda üzür. Hara gedəcəyi məlum deyil. Yolunu tapmağı, kənar qüvvələrdən qurtulmağı sərnişinlərdən çox asılıdır.

Kaş ki, sərnişinlər bunu indi- nə qədər ki, gec deyil biləydi.

Yaqut Xəlilova

Bunu paylaş: