“Atmaca” artıq hazırdır

Nəhayət ki, Türkiyənin və bizlərin çoxdan gözlədiyi “Atmaca” qanadlı füzələri ( raketləri) Türkiyədə ( Sinopidə) sınaqdan keçirildi və bu il kütləvi istehsala başlayacaqdır.
“Atmaca” füzəsi nədir?
Bu, Türkiyənin “Roketsan” firması tərəfindən istehsal olunan yeni qanadlı füzələrdir.
Uzunluğu – 3 metr
Çəkisi – 800 kq
Hərb başlığı – 250 kq
Vurma hədəfi -150 – 200 km
Radar sistemi ilə idarə olunan bu füzələr həm qurudan, həm də gəmidən atıla bilər. Bunlar çox güclü füzələrdir və tək biri ilə böyüklüyündən asılı olmayaraq bir gəmini məhv etmək olar.


Onu da qeyd edək ki, Ağ dənizdə böyük neft və qaz yataqları aşkar olandan sonra, bir sıra imperialist ideologiyalı dövlətlər, o cümlədən, Yunanıstan, ABŞ, Fransa, Rusiya Türkiyəyə qarşı “əzələ” nümayiş etdirirlər. Belə ki, bunu onlar həmin bölgəyə öz hərbi gəmilərini göndərməklə, Yunanıstan ilə birgə hərbi təlimlər keçirməklə, hətta ABŞ bir qədər də irəli gedərək Yunan Kiprində öz hərbi bazasını yaratmaqla edirlər.
Düzdür, Türkiyənin Hərbi Dəniz Donanması Avropada ən güclü olsa da, “Atmaca” füzəsinə böyük ehtiyac var idi.
Azərbaycanın da həmin füzələrə böyük ehtiyacı olduğunu demək olar. Rusiyanın Xəzər dənizində olan hərbi donanması bölgədə dominantdır və bizim təhlükəsizliyimizi daim təhdid edir.


Xəzərin statusu ilə bağlı Rusiyanın diqtəsi ilə bağlanmış sazişə görə, Rusiyanın hərbi gəmiləri Azərbaycan sahillərinə 20 km – ə qədər yaxınlaşa bilər və yaxınlaşır da. Bütün 44 günlük Qarabağ müharibəsi zamanı Rusiya hərbi gəmiləri Bakının 15 – 20 km – liyində idi və bəzi mənbələrə görə, 10 noyabrda, yəni Qarabağın Rusiya tərəfindən işğal olunan gecə Xırdalana atılan raketlər də məhz həmin gəmilərdən atılmışdı.
Bir neçə il əvvəl Putin Azərbaycana gələn zaman Rusiyanın iki hərbi gəmisi də Xəzər dənizində onun keşiyini çəkirdi.


Yaxud, rəhmətlik Polad Həşimovun və digər Tovuz şəhidlərimizin qırxı çıxmamış, məhz Rusiyanın hərbi gəmiləri Azərbaycan gəldilər və bizim üzqarası hökumətimizin diliqısalığı ucbatından onlar rəqqasələr və duz – çörəklə qarşılandılar.
Odur ki, bizim də, həm qurudan, həm də gəmidən atıla bilən bu füzələrə öz hərbi donanmamızı gücləndirmək üçün hava və su kimi ehtiyacımız var.

Şahin Sirvanlı.

 

Bunu paylaş: