Arzu Abdulla:Prezident İlham Əliyevə hədiyyə qılıncla bağlı vacib məsləhət

 

Cənab prezident, ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikinin və qardaş Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun sizə qılınc hədiyyə etdiyini əks etdirən bu şəkillərinizi gördükdə ağlıma ilk gələn Gəncə işi məhkəməsi oldu.

Odur ki, sizə hədiyyə verilən suvenir qılıncların Azərbaycanda nə qədər təhlükəli olduğunu xatırlatmağı özümə borc bildim.

Fransız səyyahı və yazarı Aleksandr Düma Azərbaycana səfərindən bəhs edən “Qafqaz səfəri” əsərində azərbaycanlıların kiçik oğlan uşaqlarının üzərindən asdığı xəncərə xüsusi maraq göstərir. O, Xan qızı Xurşidbanu Natavanın oğlunun üzərindəki qılınca baxanda bu uşaqların üstündə gəzdirdikləri qəmədəkinin oyuncaq deyil, əsl qılınc olduğunu bilir və buna mat qalır. Ona izah edirlər ki, uşaqları lap kiçik yaşlarından kişi kimi yetişdirmək üçün onlara əsl silah daşımağın məsuliyyətini aşılayırlar.

Bəlkə də bizim xalqın suvenir qılınclara, silahlara olan marağı da əcdadların ruhunun aşıladığı o sevgidən doğur. Demək olar ki, əksəriyyətin evində suvenir silahlar əzizlənib, saxlanır və ya ən əziz, ən dəyərli dosta hədiyyə verilir. Bəllidir ki, sizin də evinizdə ən dəyərli dostlarınızın təqdim etdiyi belə suvenirlər saxlanılır.

Diqqətinizə çatdırmaq istəyirəm ki, Aleksand Düma xoş təəssüratlarla ayrıldığı Azərbaycanın bu gününü, xüsusilə, məhkəmələrdə “məhkəmə prosesi” adı ilə baş tutan məzhəkələri seyr etsəydi yəqin ki, kitabının Azərbaycanla bağlı olan hissəsinə “Məzhəkəçilər ölkəsində” adını qoyacaqdı.
Birincisi, Azərbaycanda istintaq idarələrində əziyyət çəkib araşdırma aparmağa ehtiyac qalmır. Hər hansı işlə bağlı şübhəli şəxs qismində saxlanılan vətəndaşa hazır yazılmış ifadəyə imza atmaq əmri verilir. Əmri yerinə yetirməyənlərə isə elə işgəncələr verilir ki, nə ermənilər Xocalı soyqırımı zamanı əsir götürdükləri azərbaycanlılara belə işgəncə verib, nə də İkinci Dünya müharibəsində Almaniyaya məxsus əsir düşərgələrində “işgəncələr kralı” ləqəbini almış Nijde Qaryaginin belə işgəncə fantaziyası olub. Yəni bizim ölkədə işgəncə fantaziyası kulminasiya nöqtəsini çoxdan ötüb.
“Səid Dadaşbəyli və onun dəstəsi”, “Nardaran işi”, “Tərtər işi”, “Gəncə işi” və digər cinayət hadisələri ilə bağlı saxlanılan vətəndaşlara verilən işgəncələr haqqında artıq dünyanın insan haqları ilə məşğul olan təşkilatlarının da məlumatı var. Odur ki, sizin bu işgəncə faktlarından xəbərsiz olmağınız mümkün deyil.

Şəkildəki balaca mələk Gəncə məhbusu Bəkrəm Əliyevin 5 yaşlı qızı Nilaydır.
Onun başının üstündəki isə Bəkrəmin 11 yaşı olanda ailəyə hədiyyə verilən suvenir qılıncdı.

Gəncə məhbusu Bəkrəm Əliyev Gəncədə 2018-ci ildə İcra Hakimiyyətinin qarşısında baş tutan etiraz aksiyasına kənardan baxdığı üçün tutulub.

2018-ci il iyulun 15-də onun Gəncədəki ata evində axtarış aparılıb və Bəkrəmin 11 yaşında olarkən atasına hədiyyə verilmiş bu üstüyazılı qılınc divardan asıldığı yerdən götürülüb, küncə qoyulub şəklini çəkib, istintaq işində silah kimi aktlaşdırılıb. Bəli, hörmətli prezident, sizin rəhbərlik etdyiniz ölkədə suvenir qılnıc soyuq silah kimi aktlaşdırılır. Tarix bu acı gerçəyi gələcək nəsillərə xatırladanda ilk verilən sual bu olacaq: “Bu anormallıq baş verəndə ölkənin başçısı kim idi?”

İki uşaq atası Bəkrəm Əliyev 2019-cu ilin 30 sentyabrında Sabunçu Rayon Məhkəməsində baş tutan Gəncə Ağır Cinayətlər məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə 15 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq zamanı Bəkrəmin başının tüklərini bir-bir yolublar. Onu zorlayacaqları ilə təhdid edəndə hazır ifadələrə imza atıb.

Digər şəkildə gördüyünüz Gəncə məhbusu, Birinci Qarabağ Müharibəsində döyüş yoldaşlarını qorumaq üçün qumbaranı partladaraq erməniləri məhv edən və Şəhadətə ucalan Şəhidimiz Azər Zalovun qardaşı Cəfər Zalovdur. O, Gəncədə baş verən olaylara görə saxlanılıb. Evində axtarış aparılarkən suvenir qılıncla, qaş-daşlı suvenir bıçaq götürülüb və istintaq sənədində silah kimi aktlaşdırılıb.

Hazırda Bakı Ağır Cinayətlər məhkəməsində baş tutan Gəncə Ağır Cinayətlər məhkəməsində (hakim Əfqan Hacıyev) işinə baxılan 12 nəfərlik qrupda təmsil olunan Cəfər Zalova 18 il azadlıqdan məhrumetmə cəzası istənilib.
Bu məhkumlar haqqında qaldırılan ittihamların heç biri məhkəmədə öz təsdiqini tapmayıb. Lakin bundan öncə Gəncə işi ilə bağlı məhkəmədə keçirilən digər qruplarda təmsil olunanların da haqqında qaldırılan ittihamlar sübut olunmadığı halda 20 ildən 7 ilə qədər həbs cəzasına məhkum ediliblər.

P.S
Cənab prezident, Sizə hədiyyə edilən qılınclardan ehtyatlı olun. Bir gün o suvenirləri soyuq silah kimi aktlaşdıracaq dərəcədə ləyaqətini itirənlər sizi də şərləyə bilərlər. Bu fani dünyada hər saatın öz hökmü var!
P.S
Xahiş edirəm suvenirlə şərlənən kimləri tanıyırsınızsa haqqında bura yazın…

Arzu Abdulla.

Bunu paylaş: