9 may qələbə gününü qeyd etməliyikmi?

 

Dünən keçmiş Sovetlə Birliyinin qələbə bayramı bir neçə ölkədə qeyd edilmişdir. Bu dövlətlərdən biri də Azərbaycan olmuşdur. Görəsən bizə bu qələbə günü lazımdırmı? Təbii ki, burda müharibə veteranlarının xətrinə dəymək istəməzdik. Lakin bir neçə il bundan əvvəl İlham Əliyevin sərəncamı ilə, ikinci dünya müharibəsi veteranlarına avtomobillər “hədiyyə” edilməyə başlanmışdır. Bu avtomobil növbəsində, sıranı qabağa çəkmək üçün məmurlar tərəfindən 500 manat, avtomobilin verilməsi üçün isə 1500 – 2500 manat rüşvət yığılmışdır. Bu məsələnin ayrı tərəfidir. Gəlin düşünək niyə biz, 1941-1945 – ci il müharibəsindəki qələbə gününü qeyd edirik?.


Ümumilikdə 57 milyondan çox insan bu müharibədə həyatını itirmişdir. 300 mindən çox Azərbaycanlı bu müharibədə Rusiya İmperiyasına görə canından keçdi.

 

Hətta müharibə zamanı Kreml Azərbaycan xalqına düşmən gözü ilə baxırdı.
1941-1945 -ci il müharibəsi zaman azərbaycanlıları ağır işlərə – səngər qazmaq üçün, silahları daşımaq üçün cəlb edirdilər. Buna baxmayaraq, vətənimiz Həzi Aslanov, Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov. Məmməd Məmmədov, Rixard Zorge və. başqa qəhrəmanlar yetişdirmişdir. Bu qəhrəmanlarımız Sovetlər Birliyinin qələbə qazanmasında böyük rol oynamışlar.
Daha bir qəhrəmanımız isə hər zaman adını eşitdiyimiz və bir dəfə də sahib olmadığımız Azərbaycan nefti idi. Bakıdan aparılan neft sayəsində, müharibə zamanı hərbi texnikaların 80 faizə yaxını yanacaqla təmin edilirdi. Bununla da Azərbaycanın qəhrəmanlığı danılmazdır..

Hər zaman çalışmışam ki, bu vəziyyəti Azərbaycan xalqına düzgün çatdırım. Söhbət 1941-1945 – ci ildən əvvəl və sonra Kremlin Azərbaycan xalqının başına açdığı oyunlardan gedir. Biz sanki, bir ilanı sağaldırıq və o bizi yenidən sancır, lakin yenə də onun zəhərinin bədənimizdə yeriməsini alqışlayırıq. Nə vaxta kimi bu düşüncəylə yaşayacağıq? İstərdim ki, Rusiya deyəndə xalqım sadəcə, keçmişi, 20 yanvar hadisələrini, Xocalı soyqırımını, Qarabağı və s kimi xəyanətləri düşünsün. Bu gün kimə görə bayram keçiririk, bir daha düşünməliyik.

Bizim xalqımız anlamalıdır ki, nə etsək də Kreml hər zaman olduğu kimi, bizə düşmən gözü ilə baxacaqdır. Biz 300 min şəhidi, bir o qədər yaralını düşmən üçün fəda etdiyimizi anlamalıyıq. 9 may paradı isə dövlət səviyyəsində qeyd edilməməlidir.

Mikayıl Əsədov.

Bunu paylaş: