29 Aprel 2019 Azərbaycan Xalq Hərəkatının

                   B  Ə  Y  A  N  A  T  I

Məlum olduğu kimi, 3 mart 2019-cu il tarixdə Azərbaycan Xalq Hərəkatının(AXH) bir qrup üzvü Masallı rayonunda təsis toplantısı keçirən zaman onlara qarşı zor tətbiq edilmişdir. Digər rayonlarda olduğu kimi, Masallı rayonunda da mövcud qanunlar əsasında yaradılan yeni təşkilata qarşı aqressiv münasibəti nəzərə alan AXH rəhbərliyi toplantını şəxsi evdə keçirməyə məcbur olmuşdur. Masallı rayon polis şöbəsinin rəisi Habil Əmiraslanovun rəhbərliyi ilə toplantı keçirilən şəxsi mülkə basqın edilmiş, toplantıda iştirak edən AXH üzvlərinə, jurnalistlərə,ev sahibinə qarşı zor tətbiq edilmiş, onlara və nəqliyyat vasitələrinə müxtəlif növ xəsarətlər yetirilmiş, jurnalistlərin aparatları alınaraq sındırılmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğuna, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Masallı rayon prokurorluğuna müraciətdən xeyli vaxt keçməsinə baxmayaraq uzun müddət kollektiv şikayətə baxılmamışdır. Nəhayət, 18 aprel 2019-cu ildə AXH İdarə Heyətinin üzvü Mətləb Mütəllimli Masallı rayon prokurorluğuna dəvət edilmişdir. 26 aprel 2019-cu ildə M.Mütəllimli prokurorluqda olmuş, prokurorun müavini İlham Səlimovla görüşərək hadisə ilə bağlı geniş izahat vermişdir. Söhbət zamanı bir neçə il bundan əvvəl rayonda baş vermiş , Masallı rayon icra hakimiyyəti başçının oğlunun da adı hallanan avtoqəza haqqında da qısa fikir mübadiləsi olmuşdur. İ.Səlimov bu hadisədən məlumatlı olduğunu, lakin, o zaman başqa rayonda işlədiyini bildirmişdir. Masallı rayon prokurorluğundan çıxdıqdan sonra M.Mütəllimli və AXH rayon şöbəsinin bir qrup üzvü izlənməyə, sayxanada isə zəhərlənməyə cəhdə məruz qalmışlar. Baş vermiş bu cinayət hadisəsi bir daha sübut edir ki, Azərbaycan hakimiyyəti mövcud qanunlara zidd olaraq hüquq mühafizə orqanlarını da siyasi proseslərə birbşa cəlb etmiş, özlərinin qanunsuz fəaliyyətləriinə qarşı çıxan hər bir şəxsi müxtəlif vasitələrlə sıradan çıxarmaqdan belə çəkinmir. Biz,hakimiyyətin bu qanunsuz , insanlığa sığmayan cinayətini qətiyyətlə pisləyir, günahkar şəxslərin dərhal cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirik. Azərbaycan Xalq Hərəkatının İdarə Heyəti. 29.04.2019