50 ilin hesabatı

 


Kəbənin bir küncünə bərkidilmiş qara daşın qarşısında duran möminlərin əmiri Ömər ibn Xəttab belə dedi:-Ey qara daş, səni Allahln Rəsulunun öpdüyünü gözlərimlə görməsəydim vallahi səni öpməzdim.Mən də eynən Xəttabın oğlu Ömər kimi üzümü sizə tutub deyirəm: ey mənim xalqımın namusunu, əxlaqını, mənəviyyatını, dəyərlərini qoruyan adını bilmədiyim, üzünü görmədiyim Azərbaycan qadınları- bacılarım, qızlarım əgər siz olmasaydınız Qarabağda mərdi-mərdanə canlarından keçən qəhrəman övladlarınızı gözlərimlə görməsəydim mənim bu millətə bir millət kimi qıl qədər məhəbbətim olmazdı. Mənim viran olmuş qəlbimdə vətən sevgisi deyilən bir şey qalıbsa o dağlardan, dərələrdən, çaylardan, göllərdən, meşələrdən- bütün gözəlliklərdən əqdəm sizə olan sevgidir. Sağ olun ki, siz varsınız.Az ya çox, hələ ki, varsınız. Tamam bitib, qurtarmamısınız.Dövrün, zamanın əxlaqdan uzaq dəyərləri yel olub sizin yanınızdan keçə bilməyib.Ömər ibn Xəttab qara daşı öpdüyü kimi mən də sizin əllərinizdən öpürəm. Bilin ki, sizin hər birinizin etdiyi qəhrəmanlıq övladlarınızın Qarabağda etdiyi  qəhrəmanlıqlardan da üstündür.Onlar vətən torpaqlarını, eyni zamanda sizlərin namusunu yağılardan qorumaq üçün canlarını verdilər, siz isə əcdadlarımızdan miras qalan əxlaqi dəyərləri qoruyub saxlamaq üçün həyatınızı fəda etdiniz. Ən böyük qəhrəmanlığı sizlər edirisiniz.Heç bir mükafat ummadan.Təmənna güdmədən.Siz millətimin əxlaq nümunəsi,genetik kodunun daşıyıcılarısınız. Qadının ən böyük yaraşığı olan ismətinizi qorumaqla siz eyni zamanda nənələrimizin təmiz adını, millətimin nümunəvi əxlaqi dəyərlərini qorumuş olursunuz.Mənim üçün Vətən deyilən bir anlayış varsa o,  dağlardan, dərələrdən, çaylardan, meşələrdən, göllərdən  əvvəl sizin varlığınızdır. Sizsiz mənim üçün bu vətən könül açan mənzərələrdən, qəlb oxşayan gözəlliklərdən, doqquz iqlimli fahişəxanalardan, dörd fəsilli pritonlardan başqa bir şey deyil.
50 il bundan əvvəli dünən kimi xatırlayıram. 12-13 yaşındaydım. Böyük Vətən Müharibəsi adlanan dünya savaşı 20 il idi ki,bitmişdi.Yaşadığım 30 min əhalisi olan şəhərdə geyim-keçimləri, davranışları, əhvalları bir-birinə çox bənzər,əsasən qara geyimli, heç vaxt üzü gülməyən, saçlarını boyamayan qadınlar görürdüm. Sanki həmişə yas içindədydilər, küçədə başlarını qaldırmadan yeriyirdilər. Anlaya bilmədiyim bu qadınlar mənim uşaq təfəkkürümdə sirli bir aləmə çevrilmişdi. Bir dəfə anamdan bu qadınlar haqda soruşdum. Hiss etdim ki, kövrəldi. Danışsaydı səsi titrəyəcəkdi. Danışmadı, heç nə demədi, çox sonralar bildim ki, bütün həyatlarını qara rəngə boyayan həmin qadınların ərləri, nişanlıları, qardaşları müharibədən dönməyib. Bu gün bu,  çoxları üçün bəlkə də inandırıcı səslənmir. Ondan da dəhşətlisi odur əhəmiyyətli görsənmir. Mən həyatlarını könüllü şəkildə qara rəngə boyayan bu qadınları öz gözlərimlə görmüşəm. Həmin gözlərlə indi saysız çeşiddə əxlaqsızlıqları görürəm.
Yaşadığımız məhəllədə bir-birinə yaxın 3 bina vardı. Və bu binalarda 50-yə yaxın ailə yaşayırdı. Bu 50 ailədə cəmi bir evdə televizor vardı. Bütün qonşular növbə ilə axşamlar həmin evdə kiçik ekranlı, cəmi bir proqramdan ibarət,ağ-qara  televizora baxardı.Uşaqlar yerdə əyləşərdi, böyüklər taxta stullarda,ucuz divanda. Ev sahibi bir dəfə də olsun üzünü turşutmadı, evinin karvansara qapısına, həsənsoxdu dərmanına çevrilməsinə deyinmədi. Televizora baxmağa gələnlərin heç biri o evdə özünü qonaq hiss etmədi. Mən bunun canlı şahidiyəm. Mən bunları kimdənsə eşitməmişəm,öz gözlərimlə görmüşəm. Bugünkü münasibətlərdə hər cür eybəcərlikləri görən gözlərimlə.
Ata-analarımızdan necə qorxardıqsa qonşularımızdakı böyüklərdən də elə qorxardıq. Hər hansı əməlimizə görə valideynlərimiz bizi necə tənbeh edərdisə, qonşuluqdakı əmilər və xalalar da bizi elə cəzalandırardı. Bəlkə də bir az artıq.Ata-analarımıza necə hörmət bəsləyirdiksə qonşularımıza da elə hörmət bəsləyərdik.Bunu bizə valideynlərimiz təlqin eləmişdi. Sözlə yox,  davranışları, rəftarları, münasibətləri ilə.
Yaxşı xatırlayıram, bir gün qonşu binalardan birində hay-həşir düşdü. Uşaq marağı ilə tez ora qaçdıq. Məlum oldu ki, qonşumuzun institutda oxuyan yeganə oğlu yoldaşları ilə Bakıdan tətilə gələrkən yolda, Ağsu dolambaclarında qəzaya düşüb. Maşındakıların hamısı ölüb. Meyitləri bir yük maşınında hava qaralana yaxın gətirib, çıxardılar. Qadınların naləsi qulaq batırırdı. Biz uşaqlar üçün bu, qeyri-adi, bəlkə də maraqlı tamaşadan başqa bir şey deyildi. Biz nəinki evin aman-zaman bircə oğlunun itkisinin nə demək olduğunu, heç ölümün özünün mahiyyətini belə əməlli-başlı anlamırdıq. Sadəcə yaşımız buna imkan vermirdi. Meyitlləri maşından düşürdülər. Bütün qonşular arvadlı-kişili orada idi. Təkcə rəhmətə getmiş qonşumuzun atası gözı dəymirdi.O, həmin maşında qəzada ölən atası həbsxanada olan digər cavanın meyitini onların evinə aparandan sonra öz oğlunun nəşinə yaxınlaşdı.İndiki kimi gözümün qabağındadır, oğlunun soyumuş cəsədini qucaqlayıb hönkür-hönkür ağladı.
Biz belə kişilərdən tərbiyə alırdıq.
Biz belə kişilərin övladları idik.
İlahi, biz nə günə düşmüşük.
Müəllimlərimiz dərsi bilməyəndə bizi ata-analarımızdan beş dəfə artıq döyərdi.Boy-buxunlu Zülfüqar müəllim dərsi bilməyəndə öz övladlarını daha bərk döyərdi.10 il ərzində bir dəfə də olsun hansısa valideynin uşağı döyüldüyünə görə şikayət etdiyini görmədim. Valideynlərimiz yaşca onlardadan da kiçik olan müəllim gələndə ayağa qalxardı. Müəllim məclislərdə başda oturdulardı.Birinci ona qulluq göstərilərdi.Birinci onun qabına xörək çəkilərdi. Çörəyi birinci müəllim kəsərdi. Söz hamıdan əvvəl müəllimə verilərdi. Biz elə blərdik ki, müəllim yemək yemir, su içmir.Bilirəm ki, inanmayacaqsınız. Allahı, onun mələklərini şahid gətirirəm ki, orta məktəbdə mənə dərs demiş müəllimləri görəndə  mən bu gün də özümü yığışdırıram.Bu,müəllimlərimin mənə verdiyi tərbiyənin nəticəsidir. Mənim qanacaqlı olmağımın göstəricisi deyil.
18 yaşında böyüdüyüm, sevdiyim, düşməndən qoruya bilmədiyim, bugünəcən əsir qalmış sevimli  şəhərimi tərk etdim.Onun hazırcavab, qonaqpərvər, mərd, məğrur, işgüzar, zəhmətkeş insanlarını heç vaxt unutmadım. Mən böyüdüyüm şəhərin insanlarının əksəriyyətini üzdən, xeylisini isə demək olar ki,nisbətən yaxından tanıyırdım. Bir dəfə şeytan məni aldatdımı,yoxsa maraq hissindənmi, dəqiq bilmirəm ürəyimdə böyüdüyüm şəhərlə bağlı qeyri-adi bir statistika apardım. Şəhərdə tanınan əxlaqsız qadınların, eyni zamanda ailələrin sayını hesablamağa başladım. Nə qədər çalışdımsa  say 13-dən o yana keçmədi. Təkrar və bir az da diqqətlə saymağa başladım. Bu dəfə bütün cəhdlərimə baxmayaraq 15-i adlaya bilmədim. Şəhərə və onun adamlarına beş barmağı kimi bələd olan və zorla işğal etdirilinədək orada yaşayan uşaqlıq dostuma zəng vurdum. Şəhərimizin işğala qədərki dövrü əxlaqsızlarının statistikasındakı problemimi ona dedim. Adi olmayan siyahıyaalmada yardımini istədim.Dostum elə o andaca heç bir çətinliksiz-filansız , yaddaşını gücə salmadan, özünə əziyyət-zad vermədən şəhərin əxlaqsızlarını adbaad saymağa, üstəlik hər biri haqda yüngülvarı izahat da verməyə başladı. Və 22-də dayandı. Ondan o tərəfə gedə bilmədi. Dostum məsələnin əhəmiyyətlilik dərəcəsini anlayaraq özünü cəmləyib təkrar saymağa başladı. Məlum oldu ki,ermənilərin nəzərdə tutulmayan işğalı səbəbindən populyarlaşmağa macal tapmayan, ya da ümumşəhər miqyasında intim tələbləri lazımi səviyyədə təmin edə bilməyən 2 nəfəri unudub.Bir sözlə, cəmisi 24 nəfər. 30 min əhalisi olan şəhərdə vur-tut 24 pozğun ailə və ya qadın.
Bəs bu günün statistikasını aparmaq mümkün olsa hansı rəqəm alınardı? Bu barədə düşünməyin özü belə adamın canına vəlvələ salır. Məgər bu gün əxlaqsızlıq hansısa bir şəhərə aiddirmi? Yox, o epidemiya halında bütün ölkəni bürüyüb.
Əxlaqsızlıq artıq icbari təhsil kimi orta məktəblərdən tədris edilməyə başlayıb. Bəli-bəli səhv eşitmədiniz, məktəblərdən. 6-7-ci siniflərdən sonra, ana dili, ədəbiyyat kimi, riyaziyyat, həndəsə kimi. Əgər dediklərimin şahidi olmasaydım, övladlarımı 4-cü sinfi bitirəndən sonra məktəbdən bilmərrə çıxarmazdım. Siz 4-cü sinifdən sonra övladlarını əxlaqi dəyərlər nöqteyi-nəzərindən məktəbdən çıxaran adam görmüsünüzmü?Görməmisinzsə görün. Bugünkü məktəblərimizin əsl mahiyyəti belədir.Mənim başıma at zad təpməyib ki. Ruslar demiş- “От греха по дальше”.

Millət  Mopassanın “Gombul”undakı kimi nə qədər istəyir özünü bilməməzliyə vursun. Ölkə çoxdan əxlaqsızlıq yuvasına çevrilib. Daha doğrusu əxlaqsızlıq bu ölkədə çoxdan normaya çevrilib.
Mən 50 il əvvəlin milləti, onun əxlaqı,dəyərləri, insani münasibətləri, məişəti haqda yığcam danışdım. Yaşıdlarım və məndən böyük olanlar üçün təbii ki, heç bir yeni söz demədim. 50 il bundan əvvəlin əxlaqi prinsipləri, mənəvi dəyərləri, insan münasibətlərindəki saflıq, təmizlik, təmannasızlıq, məkəblərdə  elmlə yanaşı verilən tərbiyə tək mənim erməni təhqiri altında viran olan şəhərimə aid deyil. Azərbaycanın bütün şəhərlərinə,bölgələrinə aiddir.Bəlkə də bir az mənim şəhərimdəkindən də artıq. Amma arxada qalan 50 il mənim sevimli şəhərimlə birlikdə bütün ölkənin,onun insanlarının əxlaqını məhv etdi. Burada daha ermənilik bir şey yoxdur. Müasirləşmə inkişaf, tərəqqi, modern kimi cəfəng leksika da işə yaramır. Dəyərlərini göz bəbəyi kimi qoruyan yaponlar, çinlilər, digərləri məgər inkişafmı etməyib? Özünü çölə qoymaq nə vaxtdan müasirliyin etalonu olub?
Tək bir şübhə yeri qalır. Cəhənnəmə gedən ətrafının qələbəlik olmasını istəməsi məsəlindəki kimi. Guya ki, orda yel əsib, qoz tökülüb. Bu çoxdan təsdiqini tapmış faktdır ki,tərbiyəli insan hamını özü kim tərbiyə sahibi olmasını istər. Lotu-potular da həmçinin. Millətin əxlaqının bu dərəcədə deqradasiyası yalnız düşünülmüş, planlı və elmi şəkildə mümkündür, başqa cür mümkün deyil. ”Everton pəncərəsi” deyilən həmin sosial metod neçə onillərdir ki, ustalıqla bu xalqa tətbiq edilib. Bu barədə qismət olsa növbəti görüşümüzdə söhbət açarıq.
Son olaraq onu deyə bilərəm ki,qarşıda qiyamət  gününün hökmdarı olan cəlalı gözəl Allahın hər bir qadından“iffətini, namusunu qorumusanmı?” sualı durur. Çünki cəmiyyətin əxlaqlılığı onun üzvlərinin səhərdən axşama qədər namaz qılmasından, ildə bir ay sərasər oruc tutmasından, elliklə həccə getməsindən asılı deyil, qadının iffətliliyindən, namuslu olmağından asılıdır. Cəmiyyətin və dövlətin məhvi də elə qadından, onun əxlaqından başlayır. Hər şey çox sadədir. Hətta biz düşündüyümüzdən də.
Son məsləhətim. Bütün sirlərinizi Bilən sizi sorğuya tutmamışdan qabaq  özünüz-özünüzü sorğuya tutun. Adətən institutda imtahana hazırlaşanda biz belə edərdik. Əməlli-başlı köməyi olurdu. Amma bir şeyi unutmayın ki, nə qiyamət günü semestr imtahanı deyil, nə də cəlalı gözəl Allah professor Məmməd Xələfov.
Salamat qalın.

 

Emin Eminbəyli.
25 avqust 2019.

Bunu paylaş: