28 May Azərbaycan xalqının müstəqil dövlət quruculuğu günüdür

 

 

 

Şərqdə və bütün müsəlman aləmində ilk dəfə demokratik respublika quran ulu babalarımız 27 may 1918 – ci ildə Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər. Həmin qərar ertəsi gün – 28 may 1918- ci ildə Azərbaycan Milli Şurası tərəfindən təsdiq olundu və həmin gün Müstəqillik Günü kimi tarixə düşdü.
Həmin dövrdə Azərbaycan Respublikasının ərazisi 113,9 kvadrat kilometr, əhalisinin sayı isə 4 milyon 617 min nəfər idi. Həmin əhalinin 3 milyon 481 nəfəri Azərbaycan türklərindən, qalanları isə başqa azsaylı xalqlardan ibarət idi.
Azərbaycan bayrağı haqqında müzakirələr 1918 – ci il 21 iyunda başlayıb və 9 noyabr 1918 – ci ildə Azərbaycan bayrağı haqqında qərar qəbul edildi.
Bildiyimiz kimi, Cümhuriyyət elan edilən zaman Bakı şəhəri erməni – daşnakları və digər anti – türk qüvvələri tərəfindən işğal edilmişdi. Odur ki, paytaxt Gəncə şəhəri elan edildi.

Yalnız həmin il Nuru paşanın komandanlığı ilə Qafqaz türk- islam ordusunun və Azərbaycan könüllülərindən ibarət ordunun sayəsində, böyük itkilər verərək, Bakı şəhəri düşməndən azad edildi və 15 sentyabr 1918 – ci ildə paytaxt elan edildi.
Azərbaycan Cümhuriyyəti dövləti parlamentdən, parlamentə hesabatlı hökumətdən və məhkəmə hakimiyyətindən ibarət idi.
Qısa müddət ərzində çox işlər görsə də, həmin hökumətin ömrü cəmi 23 ay oldu və bolşevik Rusiyası 28 aprel 1920- ci ildə müstəqil dövlətimizi devirdilər və xalqın iradəsinin əksinə olaraq Azərbaycanda Sovet hakimiyyəti quruldu.
Həmin işğal 71 il davam etmiş və həmin illər ərzində Azərbaycan xalqı bir çox fiziki, maddi və mənəvi məhrumiyyətlərə, repressiyalara məruz qalmış, öz milli kimliyindən, dinindən məhrum edilmişdi. Yalnız Azərbaycan xalqının qeyrətli oğul və qızlarının fədakarlığı sayəsində 1991 – ci il oktyabrın 18 – də Azərbaycan Ali Sovetinin qərarı ilə Azərbaycan Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul
edildi.

 

Artıq 30 ilə yaxındır ki, Azərbaycan BMT – nin və bir çox digər beynəlxalq təşkilatların tanıdığı müstəqil dövlətdir.
Ərazi bütövlüyümüzdə və dövlət quruculuğunda bir çox problemlər olsa da, bu gün müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağı dünya dövlətləri sırasında dalğalanmaqdadır. Hər bir Vətən övladının müqəddəs işi və borcu həmin bayrağın daim zirvələrdə dalğalanması üçün əlindən gələni etməkdir. Himnimizdə deyildiyi kimi, daim: “səndən ötrü can verməyə cümlə hazır” ,-olmalıyıq.

Bayramınız mübarək olsun, əziz xalqımız!

Şahin Sirvanlı.

 

Bunu paylaş: