“Əsrin cinayətini” araşdırmağa başlayandan 4 il keçir…

 

2017-ci ilin sonunda hərbçilərimizə qarşı törədilmiş cinayətləri araşdırmağa başlayanda çox narahat idim. Təsəvvür edin, Vətəndən uzaqda, məlumat mənbələri qıt, mediadan mövzu yığışdırılıb, həqiqətdə nələr baş verdiyini bilən çox azdır və s.

O vaxtdan 4 ilə yaxın vaxt keçir və bu gün vəziyyət tamamilə fərqlidir. Artıq xeyli sayda insan hansı miqyasda cinayətin törədildiyini bilir, müəyyən hərəkət olduğu sezilir, bu gün yüzlərlə fədakar insan Tərtərdə törədilmiş “Əsrin cinayəti” haqda yazır, danışır, yüzlərlə zərərçəkmiş başına gətirilən faciələrdən özü danışır.

Bütün bunlar “Əsrin cinayətinin” üstünün açılacağına, günahsız insanların haqqının bərpa olunacağına və cinayətkarların cəzalandırılacağına inamımı artırır. Amma bütün bunlar baş verməyincə dayanmaq yoxdur və bunu hələ 2017-ci ilin sonunda bu işə başlayanda özümə söz vermişəm.

Arxada qalan 4 il ömürdən getsə də, amma səmərəsiz də olmadı, hədər getmədi, ən azı qürbətdə olmağıma baxmayaraq məni ölkəmə bir qədər də yaxınlaşdırdı. Odur ki, onları ömürdən getmiş saymaq günah olardı, çünki bu məsələdə məndən çox-çox gənc insanların ömürlərini bitiriblər. Buna isə susmaq olmazdı və olmaz da!

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın