Ərəstun Oruclu:Tərtər qətliamında Rusiya dəst-xətti

 

Rusiya həbsxanalarından birində cəza çəkərkən Cəzaçəkmə Müəssisələri üzrə Federal Xidmətin videoarxivinə giriş əldə etmiş Sergey adlı proqramçı Rusiyanı tərk etdikdən sonra Gulagu.net hüquq-müdafiə portalına əldə etdiyi və həmin xidmətin məxfi videoarxivinə aid olan 40 GB həcmdə məlumat ötürüb.

Xidməti videoarxivə kibermüdaxilə yolu ilə əldə olunan çoxsaylı videomateriallarda məhbusların Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sifarişilə işgəncələrə məruz qoyulması, müxtəlif alətlərlə zorlanması, qətlə yetirilməsi əks olunub. Bütün bunların şantajla əməkdaşlığa cəlb etmək məqsədilə kameralara çəkildiyi qeyd olunur.

Artıq məsələyə rəsmi Kreml də münasibət bildirib və bəyan edib ki, əgər görüntülərin həqiqi olduğu təsdiqlənsə ciddi təhqiqata başlanacaq. Təhqiqat yəqin ki, aparılacaq, amma onun hansısa nəticəsinin olacağı qətiyyən inandırıcı görünmür. Səbəbi də çox sadədir: cinayət ölkənin rəsmi dövlət orqanlarının sifarişilə törədilib.

Sonda məsələni hansısa məhbusların və xırda həbsxana nəzarətçilərinin qısa müddətlərə məhkum olunması ilə bağalayacaqlar. Yəqin ki, bu cinayətlərin videogörüntüləri yayılanda (hələlik anons xarakterli qısa epizodlar yayılıb) azərbaycanlılar təəccüblənməyəcəklər.

Bizim ölkədə bunlardan daha dəhşətlisi artıq yaşanıb. Bir o fərqlə ki, analoji cinayətkar əməllər bizdə məhbuslar yox, hərbçilər üzərində və bir də daha böyük miqyasda həyata keçirilib. Rusiyada zərərçəkənlərin sayının yüzlərlə olduğu deyilir, bizdə isə minlərlə olub.

Tərtər cinayətini araşdırmağa başlayanda elə ilk dövrdən bu qətliamın arxasında məhz Rusiya xüsusi xidmət orqanlarının dayandığına əmin idim və bunu da yazmışdım. O vaxt Facebookda yox idim, və dostlar tərəfindən göndərilən bəzi screenshotlardan Rusiya casuslarının məni təhqir etdiklərini görmüşdüm.

Bilirsiniz, niyə Rusiya olduğuna əmin idim? Ona görə ki, kəşfiyyatlardan tutmuş terror təşkilatlarına qədər hər qurumun mənsub olduğu ölkəsinə uyğun dəst-xətti var. Tərtər qətliamında törədilmiş vəhşiliklərdən görünən Rusiya dəst-xətti, üstəlik icraçılar da N. Sadıkov, X. Vəliyev, Z. Həsənov və digər Rusiya agentləri idi.

Bu günlərdə Rusiyanın özündən yayılan qeyd etdiyim məlumatlar mənim Tərtər cinayətilə bağlı qənaətimi bir daha təsdiq etdi.
Rusiya ilə Azərbaycanın bir fərqi də budur ki, Putinin kriminal dövlət aparatı dilləndi, Əliyevin cinayətkar çətəsi isə özü də başda olmaqla hələ ki, susur.

Sanki illərdir haqqında danışılan qəddar, vəhşi, qeyri-insani cinayətlər 21-ci əsrin Azərbaycanında yox, 13-cü əsrin Madaqaskarında törədilib. Amma susduqca da hər şey daha da dərinə gedir, çünki bu, o nadir hallardan biridir ki, susmaq heç də qızıl deyil…

Ərəstun Oruclu : Şərq-Qərb Analitik Mərkəzinin rəhbəri

Bunu paylaş: