Ərəstun Oruclunun “Al Jazeera” kanalına müsahibəsi…

Hörmətli politoloq, təhlükəsizlik eksperti Ərəstun Oruclu Qazaxstana qarşı hərbi təcavüzə dair Qətərin Al Jazeera (ərəbcə) kanalına müsahibə vermişdir. Müsahibənin əsas tezislərini sizə təqdim edirik.

Sual:
– Rusiyanın və onun müttəfiqlərinin Qazaxıstana daxil olması sizcə hansı nəticələri verə bilər?

Cavab:
– Məlumdur ki, Qazaxıstan əhalisinin xeyli hissəsi bunu ölkələrinə hərbi müdaxilə kimi qiymətləndirir və bu gün də etirazını davam etdirir. Düşünürəm ki, yaxın zamanlarda etirazlar daha da güclənə bilər və onda da ölkədə ciddi qarşıdurma yaranar. Belə qarşıdurma isə ölkədə vətəndaş müharibəsinədək gedə bilər.

Qazaxıstan əhalisini haqlı etirazına səbəb olan məqamlardan biri də budur ki, ölkənin öz ordusu ola-ola daxili sabitliyi təmin etmək üçün Rusiyanın və onun müttəfiqlərinin ordularının ölkəyə yeridilməsinə nə ehtiyac vardı? Digər bir məqam isə ölkəyə daxil olan xarici hərbi güclərin Qazaxıstan ordusunun hissələrini nəzarət altına götürməsidir.

Bu da tamamilə başqa mətləblərdən xəbər verir və yaxın gələcəkdə ölkə əhalisi ilə xarici hərbi birləşmələr arasında qarşıdurmanın dərinləşməsinə xidmət edə bilər.

Sual:
– Sizcə Qazaxıstana daxil olmuş Rusiya ordusunun və onun müttəfiqlərinin silah-sursatı sülhməramlı əməliyyatların keçirilməsi üçün nəzərdə tutulmuş silahlardır?

Cavab:
– Xeyr, tamamilə əksinə, xarici hərbi hissələr tərəfindən Qazaxıstana gətirilən silahlar heç bir halda sülhməramlı əməliyyatların keçirilməsi üçün nəzərdə tutulan standartlara cavab vermir. Onlar əsasən hücum xarakterli silahlardır və bundan başqa gətirilən silahlı qüvvələrin də daha çox hücum təyinatlı qüvvələri olduğunu nəzərə alsaq, Rusiyanın daha uzaqgedən planlarının olduğunu deyə bilərik.

Bu, onu deməyə əsas verir ki, Rusiya və onun müttəfiqləri bölgənin başqa ölkələrini də hədəfə alıblar. Mən bunu ona görə deyirəm ki, Qazaxıstana hərbi müdaxilə olacağını 1-2 ay əvvəldən bildirmişdim və həmçinin onun səbəblərini göstərmişdim. Bu gün artıq aydın görünür ki, bütün bu əməliyyat təkcə Qazaxıstana qarşı deyil, bütövlükdə regiona dair genişmiqyaslı hərbi əməliyyatdır.

Sual:
– Qazaxıstana dair Moskva ilə Vaşinqton arasında hansısa anlaşma ola bilərdimi?

Cavab:
– Belə yanaşma daha çox konspirasiya kimi görünə bilər. Mən Vaşinqtonun fəaliyyətsizliyinin səbəblərinin başqa olduğunu düşünürəm.
Hər şeydən əvvəl Qazaxıstanın neft və qaz sektorunda ABŞ şirkətlərinin çalışması Vaşinqtonu daha ehtiyatlı olmağa məcbur edir.

Bundan başqa, hadisələr elə sürətlə cərəyan etdi ki, məncə Amerikada bunu sadəcə tam əhatə edə və adekvat ani reaksiya verə bilmədilər.

Digər bir səbəb isə ABŞ diplomatiyasının ümumiyyətlə ləng və ehtiyatlı, Rusiyanın isə bu tip məsələlərdə daha çevik və qətiyyətli olmasıdır. Fikrimcə ABŞ-ın gecikmiş reaksiyasının əsas səbəbləri bunlar idi.

Ərəstun Oruclu.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri

Bunu paylaş:

Bir cavab yazın