Ərəstun Oruclu: “Zonderkomanda” xüsusi dəstə

Faşist həbs düşərgələrində “zonderkomanda” (almancada Sonderkommando – “xüsusi dəstə” mənasını verir) adlandırılan dəstələr müəyyən təyinatlı işlərə baxırdılar. Onlardan bəziləri qaz kameralarına aparılan qurbanları müşaiyət edir, bəziləri böğularaq öldürülənlərin cəsədlərini yığıb yandırır və bu kimi işlər görürdülər.

Bunlara başqa sözlə ən çirkli işləri görənlər demək olar. Təəssüf ki, eyni bədnam təcrübədən Tərtər qətliamı zamanı da istifadə olunub. Özü də həmin cinayətdə iştirak edən zonderkomandaların sayı daha çox olub. İşgəncə verənlər, işgəncə məkanlarını mühafizə edənlər, işgəncələr zamanı alınmış xəsarətləri “istintaqın” marağına uyğun interpretasiya edən cinayətkar həkimlər və digərləri.

Dünənki yazımda işgəncələr və qətllər zamanı ictimai rəyi yanlış istiqamətə yönəltməyə xidmət etmiş “media zonderkomandası” barədə yazmışdım. Onu da qeyd etmişdim ki, həmin komandanın yaradılmasında Rusiya Baş Kəşfiyyat İdarəsinin (ГРУ) iki agenti dayanmışdı.

“Media zonderkomandasının” üzdə olan və bu gün də iş başında qalmaqda, hətta sayı artmaqda davam edən nümayəndələri isə icraçılardır. Əsl təşkilatçılar kəşfiyyatların iş prinsipinə uyğun olaraq kölgədə qalmağa çalışıblar. Çalışıblar, amma qala bilməyiblər, çünki komandanın daxilində DTX-ya işləyən ikili agnetlərin də olduğu ehtimal edilir.

Hələlik bunun ehtimal olduğunu nəzərə alaraq detallara varmaq istəmirəm, amma fakt təsdiqlənəcəyi halda çox ağır gəlişmələrin şahidi olacağınıza söz verirəm. Niyəsi də çox sadədir: əgər ehtimal özünü doğruldacaqsa, o zaman həmin ikili agentlərin bu günədək həbsdən qorunmasının səbəbləri də aydınlaşmış olacaq.

Dediyim kimi, bu, hələlik ehtimal da olsa, amma çox təəssüf ki, məntiqin bütün qaydalarını özündə əks etdirən ehtimaldır. Məsələyə bir qədər də aydınlıq gətirim: deyək ki, agent və ya göstəbək komandanın daxilində baş verənlərlə bağlı məlumat ötürməklə yanaşı həm də faktiki cinayətlərdə iştirak edib və deməli, işlədiyi orqan da üzərinə onu qorumaq vəzifəsini götürüb.

Bu, xüsusi xidmət orqanlarının praktikasında adi hal olsa da, amma qeyri-qanunidir. Çünki hətta göstəbək rolunu oynamış agent də (əslində isə ikili agent) heç bir halda törətdiyi cinayətlərə görə məsuliyyətdən azad oluna bilməz. Bunu qanun deyir. Mövzuya nədən toxunduğumu yaxın gələcəkdə biləcəksiniz, hələlik isə başqa “zonderkomandalar” haqda.

Həkimlərdən ibarət “zonderkomanda” birbaşa işgəncə məkanlarında yerləşdirilərək işgəncələr zamanı zorlanan hərbçiləri “müayinə edərək” onların cinsi əlaqədə olduqları barədə rəy vermişdir. Həmin komandaya başçılığı isə MN-nin iki rəsmisi etmişdir: Tibb Baş İdarəsinin rəisi Natiq Əliyev və onun müavini Elxan İbrahimov.

Xatırladım ki, Natiq Əliyev qətliamın əsas təşkilatçılarından olan Xanlar Vəliyevin yeznəsi, Elxan İbrahimov isə müdafiə naziri postuna yerləşdirilmiş toy generalı Zakir Həsənovun bacanağıdır. Gördüyümüz kimi, bu, zonderkomanda da Tərtər qətliamının təşkilatçılarına sadiq şəxslərin etibarlı əllərində olub.

İşgəncə məkanlarını mühafizə edən “zonderkomanda” digər cinayətkar Hikmət Həsənovun əmisi oğlu Məhərrəm Həsənovun komandanlığı altında olan hərbçilərdən təşkil olunub. İşgəncə verənlərin də bir hissəsi Məhərrəm Həsənovun, digəri isə Hikmət Həsənovun özünün tabeliyində olanlardan seçilib.

Bütün bu “zonderkomandalar” cinayətin törədildiyi dövrdə saat mexanizmi kimi dəqiq və sinxron işləyiblər. Məsələn, işgəncə zamanı qətlə yetirilən hərbçinin haqqında Tofiq Şahmuradovun zonderkomandası həmən sosial şəbəkələrdə “xain”, “satqın” kimi etiketləyib ki, onun qətlinə ictimai reaksiya olmasın.

Bu da azmış kimi qurbanların ailə üzvləri də eyni təhdidlərə tuş gətirilərək susdurulub. Bu arada qeyd edim ki, bəzilərinin az qala təcrübəsizliyi üzündən hadisələrin məsum qurbanı olması kimi təqdim etməyə çalışdığı Şahmuradovun hələ cinayət ərəfəsində komanda yığmaq niyyətilə apardığı danışıqların məzmunu onun əsl xislətindən xəbər verir.

Amma dünən də qeyd etdiyim kimi istintaq adı altında əslində sabotajla məşğul olan Baş Prokurorluğun “istintaq qrupunun” bütün bu məsələləri görməzdən gəlməsi artıq heç bir sual doğurmur. Şəxsən mənim üçün yeganə açıq qalan sual Şahmuradovun hansı dövlət orqanı tərəfindən himayə olunmasıdır.

Bunun sübut və dəlilləri əlimizdə olanda həmin dövlət orqanının çox ciddi suallarla üzləşəcəyi qaçılmaz olacaq…
Nəhayət, hər dəfə verilən sual: İlham Əliyev 5 ildir niyə susur və o, Tərtər qətliamına görə məsuliyyət daşıyırmı? İkincidən başlayaq: İlham Əliyev Tərtər qətliamına görə əsas məsuliyyət daşıyan şəxsdir və nöqtə. Ya da nida işarəsi!

İlham Əliyev niyə susur? Ona görə ki, Tərtər qətliamının təşkilatçıları və icraçıları olan bütün cinayətkarlar İlham Əliyevin “hakimiyyət” adlanan kriminal dəstəsinin üzvləridir. Susmasa nəsə deməlidir, amma sual da elə budur ki, nə deyəcək?!
Hər şey artıq deyilib. Qalıb yalnız deyilənlərə cavab tələb etmək. Bunu isə İlham Əliyev yox, xalq etməlidir.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın