Ərəstun Oruclu: Yağışdan çıxıb yağmura düşmək və ya vəhabi generalın Tərtər qətliamı ilə nə əlaqəsi?

Bir şeyə əmin ola bilərik ki, qulaqlarımız heç zaman kar olmayacaq, çünki kar olmamaq üçün gündə birinin əvəzinə onlar azı 3-4 (yeni) söz eşidirlər.
Dünən də belə oldu. Daha doğrusu, srağagün axşam xəbər gəldi ki, general Bəkir Orucov həbs edilib.

Dünən isə ölkənin hüquq-mühafizə orqanları öz ənənələrinə sadiq qalaraq xəbəri media vasitəsilə, yəni heç bir rəsmi açıqlama vermədən “Tərtər işinə görə general həbs edildi” adı ilə ortaya atdılar. Etiraf edim ki, Tərtər qətliamı ilə bağlı məlumatım az olmadığından buna ilk andan şübhə ilə yanaşmışdım.

Ona görə də şərhlərimdə məsələyə ehtiyatla yanaşmağa üstünlük vermişdim, çünki həbs olunan Bəkir Orucovun adına bircə dəfə də rast gəlməmişdim. Dünənki araşdırmalar da belə yanaşmada haqlı olduğumu üzə çıxardı. Bəkir Orucovun Tərtər qətliamı ilə əlaqəsini sübut edən hansısa faktlar yoxdur. Ən azı, hələlik yoxdur.

Yeganə şübhə və sual doğuran fakt onun işgəncələr vaxtı 2-ci ordu korpusunda komandan Mais Bərxudarovun müavini olmasıdır. Həmin korpus isə kütləvi işgəncələrin başladıldığı və ilk qətlin törədildiyi (Adil Sabirli) hərbi birləşmə olub. İşgəncələrin davamı daha böyük miqyasda 1-ci ordu korpusuna bundan sonra keçib və bildiyimiz Tərtər qətliamı törədilib.

Bəkir Orucov sonradan Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi, ardınca is 28 sentyabr 2021-ci il tarixli daxili əmrə əsasən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi təyin edilib. Burda da ümid edirəm hamımız üçün maraqlı olacaq bir məqam var.

Onu yaxından-uzaqdan tanıyan bəzi hərbçilərin iddialarına görə Bəkir Orucov vəhabi (və ya sələfi, şəxsən mənim üçün onların heç bir fərqi yoxdur) məzhəbini qəbul etmiş şəxsdir və bunu da yaxın çevrəsindən gizlətmək üçün heç zaman xüsusilə çalışmayıb. Qəribədir, elə deyilmi?

Əgər onun vəhabi olması həqiqətdirsə, onda belə bir hərbçinin əvvəlcə ordu üçün yeniyetmə yaşlarından kadrlar hazırlayan liseyin rəisi, ardınca isə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsində nə işi vardı? Onun orduya verəcəyi mənəvi dəyərlər hansılar olacaqdı?

Bu suallar təbii ki, toy generalı Zakir Həsənova və NəcməddinSadıkov-2 rolunu oynayan Kərim Vəliyevə ünvanlanmalıdır. Özü də təkcə ictimaiyyət yox, həm də və ilk növbədə siyasi hakimiyyət tərəfindən. Tərtər qətliamının “istintağını” aparan və huşsuzluqdan əziyyət çəkən hüquq-mühafizə orqanlarına – ilk növbədə Baş Prokurorluğa isə aşağıdakıları xatırlatmaq yerinə düşərdi.

Tərtər qətliamının təşkilatçıları və əsas icraçıları aşağıdakılardır:
Zakir Həsənov, Nəcməddin Sadıkov, Hikmət Həsənov, Ramil Əsgərov, Hilal Nəcəfov, Cəfər Seyidov, Xanlar Vəliyev, Zakir Qaralov, Rüstəm Usubov, Şəfahət İmranov, Ülvi Əhmədov, Hümmət Məmmədov və digərləri. Ehtiyac olacağı halda tam siyahını məmnuniyyətlə təqdim edə bilərik ki, xalqın faciəsi olan Tərtər qətliamı üzərində alverçilik üçün səbəb qalmasın.

Eyni zamanda bunu xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan Ordusunun rəhbərliyində bu gün onun inkişafına və döyüş qabiliyyətinə zərbə vuran çəkişmələri aparan əsasən 3 çətədir:
1. Zakir Həsənovun çətəsi;
2. Kərim Vəliyevin çətəsi;
3. Nizam Osmanovun çətəsi.

Onlara isə hələlik toxunan yoxdur, tora düşən xırda balıqlardır.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın