Ərəstun Oruclu: Yəqin ki, bu iddianı çoxumuz eşitmişik, özü də dəfələrlə

 

Azərbaycanda Türkiyə modeli üzrə ordu yaradılacaq. Yəqin ki, bu iddianı çoxumuz eşitmişik, özü də dəfələrlə. Amma heç kəs sual vermir ki, belə ordunu kimlərlə yaradacağıq? “Kimin dəstəyi ilə yaradacağıq?” sualının cavabı isə ilk baxışdan bəllidir. Yalnız ilk baxışdan, çünki birinci sualla ikincinin əlaqəsi birbaşadır.

Bu gün Azərbaycan Ordusuna rəhbərlik edənlərin “gücü” və “bilikləri” sayəsində ən yaxşı halda elə bugünkü ordunu yaratmaq mümkün olardı, o da yalnız hərbçilərimizin fədakarlığı və qəhrəmanlığı sayəsində. İndiki ordu rəhbərliyinin “şah əsəri” isə Tərtər cinayətidir.

Bu gün artıq heç kəsdən sirr deyil ki, İkinci Qarabağ Müharibəsinin ilk günlərində müdafiə naziri Zakir Həsənov və Baş Qərargah rəisi Nəcməddin Sadıkov əməliyyatlara rəhbərlikdən kənarlaşdırılmasaydılar Azərbaycanı və xalqın nümayəndəsi olaraq bizim hamımızı ağır məğlubiyyət gözləyirdi.

Özü də təkcə onların “bilik” və “gücünə” görə yox, ilk növbədə Azərbaycan dövlətinə xidmət etmədiklərinə görə. Bu da hələ onların barəsində deyilə biləcək ən yumşaq ifadədir. Normalda buna xəyanət, casusluq, satqınlıq və s. deyilir. Ən acınacaqlısı isə budur ki, müharibənin ilk günlərindən bəlli olan həmin durum bu gün də davam etməkdədir.

Bizə yox, ilk növbədə İlham Əliyevə məlum olan həmin o durum. Xatırladım ki, savaşın ilk günlərində ordunun böyük itkiləri Əliyevi narahat etdiyindən o, şəxsən MN-nə gələrək Zakir Həsənovu və Nəcməddin Sadıkovu kənarlaşdırmışdı. Nəticədə hərbçilərimizin qəhrəmanlığı və xalqımızın fədakarlığı sayəsində hərbi uğur qazanıldı, torpaqların xeyli hissəsi işğaldan azad edildi.

Amma məntiqlə bundan sonra ordu generaliteti sıralarında aparılacağı gözlənilən təmizləmələr (bəli, ordu rəhbərliyini casus törtöküntülərdən təmizləmə əməliyyatı) aparılmadı. Əksinə, onların əksəriyyəti mükafatlandırıldı və mövgeləri bir qədər də gücləndirildi. Nəticə isə belədir: bu gün MN müharibədən əvvəlkindən daha acınacaqlı durumdadır.

Yüksək postların əksəriyyəti ya boşdur, ya da onlara “icra edənlər” təyin olunub və bu da hər an yeni müharibə təhlükəsinin real olduğu bir vaxtda. Amma problem bununla da bitmir. Baş Qərargah rəisi vəzifəsindən kənarlaşdırıldığı iddia edilən Nəcməddin Sadıkovun törtöküntüləri bu gün də orduda üstünlüyə malikdilər.

Adi bir misal: bir qədər əvvəl ali hərbi məktəbin bir qrup kursantı məktəbdən xaric edilərək hərbi hissələrə xidmətə göndərilib və onların valideynləri buna etiraz edirdilər. Kursantların xaric edilməsinə səbəb isə, daha doğrusu bəhanə onların guya idmandan normativləri verə bilməməsi olub.

Amma əsl səbəb başqa cürdür: orduda idman imtahanlarını Nəcməddin Sadıkovun (yəni Rusiyanın) bir nömrəli adamı olan general Nizam Osmanovun tabeliyində olan Ənvər Əfəndiyev həyata keçirir. Hərbi məktəbin rəisi Füzuli Salahov isə Zakir Həsənovun adamıdır və onların arasında konflikt imitasiya olunur.

Ona görə imitasiya olunur ki, çünki onların ikisi eyni yerə – Rusiyaya bağlıdır və Rusiya belə bir oyun qurub ordumuzda yetişməkdə olan zabitləri onlar gözlərini açmağa macal tapmamış sıradan çıxarır.
Digər bir misal: bir qrup hərbi həkim rezidentura üçün Türkiyəyə, Gülhanə Hərbi Tibb Akademiyasına rezidenturaya göndərilir.

Bu dəfə həmin ölkəmiz və ordumuz üçün Nəcməddinin özündən də təhlükəli olan Nizam Osmanovla Zakir Həsənovun bacanağı, Hərbi Tibbi İdarənin rəisi Elxan İbrahimov arasında münaqişə imitasiya olunur. Nəticədə hərbi həkimlərimiz Türkiyədən yarımçıq geri çağrılırlar və həmin proqram ümumiyyətlə bağlanır. Birdəfəlik Azərbaycana qarşı başladılmış hibrid müharibə var gücü ilə davam etməkdədir. Bu gün Tərtərdəki kütləvi qətliamı onun ictimailəşməsi səbəbindən (hələlik) təkrarlaya bilməyən casus ordusu başqa metodlara keçib. Yuxarıda göstərdiyim iki misal sabotajın tipik nümunəsidir və bunlar hələ o nümunələrin cəmi ikisidir.

Sabotajın digər metodu isə mühüm postlara qabiliyyətsiz və mümkün olduqda isə qanmaz kadrların yerləşdirilməsidir. İki misal də buna dair: “Vosmoy” bazarında satılan elektrik malları üzrə ekspert Sübhan Bəkirovun HDQ-nə komandan və tankçı polkovnik Hilal Nəcəfovun MN Kəşfiyyat Baş İdarəsinə rəis təyin olunması.

İndi sual olunur ki, Türkiyə Ordusu modeli Azərbaycanda satqın, möhtəkir və xain generallarla yaradılacaq yoxsa qatil generallarla? Görəsən, İlham Əliyevin həmin məsələlər haqda xəbəri var? Məncə yox. Əgər dövlət başçısı 6 ildir Hərbi Dəniz Qüvvələrinin dağıdılmasından və 4 ildir Tərtərdə törədilən “Əsrin cinayətindən” “xəbərsizdirsə”, onda belə xırda məsələlərlə özünü niyə yükləsin ki?!

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın