Ərəstun Oruclu: “Xanlar Vəliyev, Şəfahət İmranov, Ülvi Əhmədov kimi qatilləri himayə edən kimdir?”

 

Gələn ay Tərtər qətliamının törədilməsinin 5 ili tamam olur. Dəqiqləşdirim ki, ayrı-ayrı işgəncə faktları 2017-ci ilin fevral-mart aylarında qeydə alınsa da, hərbçilərə qarşı kütləvi vəhşiliklərin törədilməsinə Hərbi Porkurorluqla (HP) MN 2017-ci il aprel ayının sonunda başlayıblar.

Bugünədək zərərçəkmişlərin dəqiq sayı məlum olmasa da bu rəqəmin zərərçəkmişlərin, şahidlərin və digər mənbələrin məlumatına əsasən təxminən 2 min nəfər olduğu ehtimal olunur. 3 ay əvvəl təyin olunmuş təkrar “istintaqin” haqqında yazmışdım, odur ki, indi onun üzərində xüsusi dayanmaq istəmirəm.

Amma bəzi məqamları dəqiqləşdirməyə ehtiyac var. Məsələn, bu günədək barəsində yüzlərlə zərəçəkmişin ifadəsi olan Hikmət Həsənov istintaqa dəvət olunmaylb, halbuki bu qatil çoxdan həbsdə yatmalı idi. Cinayətin əsas icraçı fiqurantlarından olan MN Kəşfiyyat Baş İdarəsinin rəisi Hilal Nəcəfov özünü xəstəliyə vuraraq hispitalda gizlənib.

Tərtər qətliamından xəbəri olmadığını deyən hal-hazırki Baş Qərargah rəisi Kərim Vəliyev zərərçəkmişlərin hərbi xidmətə qəbuluna (bərpasına yox) yaşıl işıq yandırmaqla onların neytrallaşdırılması və beləliklə cinayətkarların məsuliyyətdən yayındırılmasına xidmət etməkdədir. Ona “Marağın nədir?” sualını verən isə yoxdur.

Bu arada “istintaq” aparanlar israrla zərərçəkmişlərə təzminatların ödənilməyəcəyini aşılamaqdadırlar. Sual verən yoxdur ki, siz bunu haradan bilirsiniz və zərərçəkmişlərdə belə fikir yaratmaqda məqsədiniz nədir? Belə suala isə ehtiyac yoxdur, çünki məqsəd bəllidir. Cinayətkarlara məsuliyyətdən yayınmaları üçün maksimum imkan yaratmaq.

Tərtər qətliamı xarici xüsusi xidmət orqanları (Rusiyanın hərbi kəşfiyyatı olan QRU və qismən də FSB) tərəfindən törədilmiş cinayətdir və məntiqlə burada həmin kəşfiyyatların izləri, onların agentura şəbəkəsi, həmin şəbəkənin Tərtər qətliamının təşkilində rolu və məsuliyyəti müəyyən olunmalı olduğu halda…

Ölkənin bunlara cavabdeh xüsusi xidmət orqanı olan DTX MN-dəki maliyyəçi oğruları ovlamaqla məşğuldur. Sual olunur ki, Azərbaycanda maliyyə cinayətləri məxfi fəaliyyətdir ki, bunları DTX ifşa eləsin? Xeyr, korrupsiya Azərbaycanda ən şəffaf sahədir. Bəli, sözün əsl mənasında ən şəffaf.

Ona görə ki, mövcud sistemdə “yuxarılara” çatmalı olan faizləri ödəmədən Azərbaycanda 1 manatı da mənimsəmək mümkün deyil. Hakimiyyət piramidasının fırıldaqları (hakimiyyətin leksikonunda buna “atmaq” deyilir) aşkarlamaq üçün olduqca mükəmməl nəzarət sistemi var. Belə şəraitdə 80 milyonu kiminsə guya mənimsəməsi haqda nağıllar ancaq xalqı avam yerinə qoymaqdır.

Tərtər qətliamının qurbanlarının 5 il ərzində itirdikləri gəlirləri orta hesabla 130-160 mln manat təşkil edir. Bu, təkcə onların arxada qalan 5 il ərzində almalı oluqları maaşların məbləğidir. Sual olunur ki, dövlət özünün törətdiyi (bəli, Tərtər qətliamını törədən dövlətdir) cinayətə görə təzminatdan niyə boyun qaçırmağa çalışır?

Tərtər qətliamının törədilməsində əsas rolu oynamış HP-dan niyə bu günədək bircə nəfər də işdən kənarlaşdırılmayıb? Halbuki, cinayət və xəyanət yuvası olan bu qurum çoxdan ləğv olunmalı, onun istisnasız olaraq bütün əməkdaşlarının fəaliyyəti isə təhqiqat predmeti olmalı idi. Niyə?

Niyə həmin HP bu gün də hərbçiləri şərləməklə onların ailəsini, özünü talamaqda, evlərini satdıraraq onlardan şər, böhtan, dələduzluq yolu ilə pul almaqda davam edir? Kimdir onlara bu şəraiti yaradan? Xanlar Vəliyev, Şəfahət İmranov, Ülvi Əhmədov kimi qatilləri kimdir himayə edən?

Niyə uzun müddətə həbs cəzası alaraq sonradan əfv olunan narkotacirlər, qadın zorlayanlar, uşaq öldürənlər, sutenyorlar, oğrular və digər canilər mütəmadi azdlığa çıxdığı ölkədə Tərtər qətliamı zamanı şərlənərək saxta ittihamlarla mühakimə olunmuş hərbçilərdən biri də azad edilmir?

Suallar çoxdur, sadalamaqla da bitən deyil. Amma onların birinə də aydın cavab yoxdur. Çünki həmin suallara cavab verməli olan əsas şəxs – İlham Əliyev ali baş komandanı olduğunu idda etdiyi ordunun başına gətirilmiş fəlakət haqqında 5 ildir israrla susmaqdadır. Niyə?

Əsas sirr də elə bu sonuncu suala cavabdadır.
Həmin cavab haqqında növbəti yazılarımda.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın